Məhkəmə qərarları › İş №e-2(010)-4044/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4044/2022

13.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4044/2022 13.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı “X1 Azərbaycan” QSC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borc üzrə 484.83 manat, faiz borcu üzrə 38.50 manat, cərimə borcu üzrə 55.11 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat, bildirişlərin göndərilməsi üzrə 4.80 manat poçt xidmətləri borcu olmaqla, cəmi 587.24 manat məbləğində kredit borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində pulun iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş iddia icraatına keçirilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci ildə “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə imzalanmışdır. Kredit müqaviləsinin 4.26-cı maddəsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1.000 manat məbləğində kredit limiti ayrılmışdır. İddiaçı “X1 Azərbaycan” QSC öz üzərinə götürdüyü öhdəlikləri tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə yazılı və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliyini icra etməmiş və bu günədək borcu ödəməmişdir. İddiaçı “X1 Azərbaycan” QSC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh qeyd olunan məbləğlə razı olmadığını bildirdi və qeyd etdi ki, həmin müqavilə üzrə 50 manat məbləğində ödəniş etmişdir. Məhkəmə cavabdehi dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: - “X1 Azərbaycan” QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqavilədən görünür ki, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 1000 manat məbləğində kredit limiti verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əsas borc üzrə 484.83 manat, faiz borcu üzrə 38.50 manat, cərimə borcu üzrə 55.11 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat, bildirişlərin göndərilməsi üzrə 4.80 manat poçt xidmətləri borcu olmaqla, cəmi 587.24 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borc məbləğini ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Beləliklə,məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh “X1 Azərbaycan” QSC qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmişdir. Ona görə də, məhkəmə həmin müqavilə üzrə öhdəliklərini lazımınca icra etməmiş Cavabdeh 484.83 manat əsas borc, 38.50 manat faiz borcu tutulmasını əsaslı sayır. Tələb edilən cərimə borcuna münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 55.11 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 20 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, eləcə də müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 4 manat, bildirişlərin göndərilməsi üzrə 4.80 manat poçt xidmətləri borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 484.83 manat əsas borc, 38.50 manat faiz borcu, 20 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə və 4.80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 552.13 manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsaslanaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 484.83 manat əsas borc, 38.50 manat faiz borcu, 20 manat cərimə borcu, 4 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə və 4.80 manat bildirişlərin göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 552.13 manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar