Məhkəmə qərarları › İş №e-2(010)-406/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-406/2023

23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-406/2023 23.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı ASC Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4906.62 manat əsas borc, 6635,98 manat faiz borcu, ümumilikdə 11542,6 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 125,03 manat məbləğində dövlət rüsumunun tutulub iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019cu il tarixli, 103804-735007/1 saylı istehlah Krediti Müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 26,5% dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 02 noyabr 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 4906.62 manat əsas borc, 6635,98 manat faiz borcu, ümumilikdə 11542,6 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onunla İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə müqavilə bağlanmış və 36 ay müddətinə, illik 26,5% dərəcəsi ilə 6000 manat məbləğində kredit götürmüşdür. İlk dəfələrdə ödənişlərini vaxtında etsə də, lakin sonradan maddi durumuna görə ödənişlərdə gecikmələr yaranmış və banka olan borcunu ödəyə bilməmişdir. Hazırda bank ondan tələb etdiyi kredit borcu şişirdilmişdir və bu əsasla tələb olunan borcla razı deyildir. Belə ki, o banka müraciət etmiş, bank tərəfindən ona verilmiş çıxarış əsasında ekspertiza təyin olunmuşdur. O birinci dəfə təyin olunan ekspertiza rəyi ilə razidir, lakin ikinci rəylə isə razı deyildir. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli 103804-735007/1 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 36 ay müddətinə, illik 26,5% dərəcəsi ilə 6000,00 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə Banka 4906.62 manat əsas borc, 6635,98 manat faiz borcu, ümumilikdə 11542,6 manat borcu mövcuddur və kredit müqaviləsi üzrə gecikmə 565 gün təşkil edir. İş materiallarında əlavə edilmiş əlavə edilmiş "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh mövcud kredit borcunun qaytarılması barədə xəbərdarlıq edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-5303/2022 saylı və xx.xx.2023-cü il tarixli e-2(010)-406/2023 saylı qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/9172 nömrəli rəyi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103804-735007/1 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınaraq Cavabdeh müqavilənin bitmə müddətinə yəni xx.xx.2022-ci il tarixinə banka olan əsas borcu 3283,42 manat məbləğində, faiz borcu üzrə 1269,65 manat müəyyən olunmuş və o cümlədən Cavabdeh sonuncu ödənişi xx.xx.2021-ci il tarixdə 234,0 manat məbləğində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1952 nömrəli rəyi xx.xx.2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Rəydən görünür ki, xx.xx.2019-cu il tarixli 103804-735007/1 saylı kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2022-ci il tarixə banka olan əsas borcu 4906,90 manat məbləğində,faiz borcu üzrə 1845,22 manat müəyyən olunmuş və o cümlədən maliyyə arayışı tarixinə xx.xx.2022-ci il tarixə, əsas borc üzrə 4906,90 manat, faiz borcu üzrə 2228,10 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarına əlavə olunmuş sənədlərə, ödəniş cədvəllərinə və çıxarış məlumatlarına əsasən 1623.48 manat pul vəsaiti cavabdehin əsas borc üzrə ödənilməyən gecikən borc məbləği olması müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 103804-735007/1 saylı istehlak Krediti Müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 26,5% dərəcəsi ilə 6000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Beləliklə, iş üzrə İddiaçı ASC həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 4906.62 manat əsas borc,1845.22 manat faiz borcu, ümumilikdə 6751.84 manat və 125,03 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Ekspertiza xərci – 200 manat Cavabdeh və İddiaçı ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli 103804-735007/1 saylı kredit müqaviləsi üzrə 4906.62 manat əsas borc,1845.22 manat faiz borcu, ümumilikdə 6751.84 (altı min yeddi yüz əlli bir manat, səksən dörd qəpik) manat və 125.03 (yüz iyirmi beş manat, üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərci – 200 (iki yüz) manat Cavabdeh və İddiaçı ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar