Məhkəmə qərarları › İş №e-2(010)-4066/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-4066/2022

02.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4066/2022 02.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 209.22 manat məbləğində vurulmuş zərərin, həmçinin hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün "xxxx" MMC-yə ödənilmiş 100 manat pulun və iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 339.62 manat məbləğində pulun tutulub İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından xx.xx.2005-ci il tarixli, TR 057 saylı və xx.xx.2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xətləri çəkilir. Binəqədi rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya müqavilə münasibətlərinə xitam verildikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında hüquqi yardım göstərilməsi barədə xx.xx.2015-ci il tarixli müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-cı il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ünvan 2 cavabdeh satmışdır. Yəni iddiaçıya məxsus şəbəkəyə qanunsuz qoşulmuş mənzil qoşulma icrra edilən zaman cavabdehin mülkiyyətində olmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yaşamış X1 ilə İddiaçı MMC arasında xx.xx.2014-cü il tarixdə müqavilə bağlanmış, müqavilə əsasında mənzil “KATV1” xidmətlərinin göstərilməsi üçün Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş, son ödəməsini xx.xx.2016-cə il tarixinədək etmiş və həmin ünvan xx.xx.2017-ci il tarixdə 11 manat 30 qəpik borc ilə şəbəkədən ayrılmışdır. Bundan sonra birinci dəfə, yəni xx.xx.2017-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 6588 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Daha sonra ikinci dəfə, yəni xx.xx.2018-ci il tarixdə "xxxx" hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı təkrar aşkar edilmiş, bu barədə 6927 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. xx.xx.2017-ci ildə tərtib edilmiş akt özünü mənzilə gəlmiş qonaq kimi təqdim edən şəxsə təqdim edilmək istənilsə də o, mənzildə qonaq olmasını əsas gətirərək mənzil sahibinə məlumat verəcəyini bildirərək aktı qəbul etməkdən imtina etmiş və tərtib edilmiş akt mənzilin qapısına qoyulmuşdur. Beləliklə, tərtib edilmiş aktlardan görünür ki, cavabdeh “KATV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar həyata keçirmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Eyni zamanda, qeyd edilir ki, baxış keçirilən zaman tərtib edilmiş aktda qeyd edilənlər video qeydə alınmışdır. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı xx.xx.2015-ci il tarixinədək 9 manat, xx.xx.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Mənzilin kabel şəbəkəsindən ayrıldığı xx.xx.2016-cı il tarixdən sonuncu aktın tərtib olunduğu xx.xx.2018-ci il tarixə qədər ötən müddət 634 gün təşkil edir. Bu da həmin dövr üçün hər günə 30 qəpik maddi ziyan hesablanmaqla 209.22 manat təşkil edir. Beləliklə tərtib edilmiş aktlar üzrə ümumilikdə 209.22 mamat məbləğində iddiaçıya maddi ziyan vurulmuşdur. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş, lakin məktub geri qaytarılmışdır. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC ilə "xxxx" MMC-yə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli müqavilə əsasında 100 manat xidmət haqqı ödəmişdir.

İddia tələbinin həcminin azaldılması.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin azaldılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh iddiaçı “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 209.22 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 30.4 manat dövlət rüsumu olmaqla, ümumilikdə 239.62 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş və mülki işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir.

5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı MMC ilə ünvan 1 ünvanında yaşayan X1 arasında bağlanmış “KATV1” kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən xx.xx.2014-cü il tarixində bu ünvan “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulub xx.xx.2016-cı il tarixinədək isə son ödəməsini edib. xx.xx.2016-cı il tarixdə 11.30 manat borc ilə şəbəkədən ayrılıb.

7. xx.xx.2017-ci il tarixli, 6588 N nömrəli aktın surətindən görünür ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, ev 11N ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 113 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüşlər və nəticədə qapını bir xanım açmış, KATV-1 baxdığını demiş, aktın surətini və bildirişi qapıya qoymuşlar.

8. xx.xx.2018-ci il tarixli, 6927 N nömrəli aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Adil Məmmədov küçəsi, ev 11N ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman, həmin binanın 113 saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısını döymüşlər və nəticədə qapını açan olmamış və aktın surətini və bildirişi qapıya qoymuşlar.

9. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli “hüquqi xidmətlərin göstərilməsinə dair” müqavilədən görünür ki, bu müqaviləyə əsasən Sifarişçi bu müqavilədə nəzərdə tutulmuş xidmətlərin göstərilməsini sifariş verib İcraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, İcraçı isə Sifarişçinin bu müqavilə ilə müəyyən etdiyi qaydada xidmətləri göstərməyi öhdəsinə götürür.

10. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "xxxx" MMC-nin hesabına “Hüquqi xidmət və nəzarət. X4 təyinatı ilə 100 manat məbləğində pul köçürülmüşdür.

11. CD-dən görünür ki, xx.xx.2018-ci il tarixində ünvan 2 ünvanına baxış keçirilmiş, baxış videoya çəkilmişdir. Videoda 113 saylı mənzildən “KATV-1” kabel televiziyası şəbəkəsinə qanunsuz qoşulduğu görünür.

İşin faktiki halları.

12. İddiaçı MMC müqavilə əsasında kabel televiziyası xidmətləri göstərir. İddiaçı iddia edir ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən mənzildə xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərində müqavilə olmadan, qanunsuz olaraq kabel şəbəkəsinə qoşulma halları aşkar edilmiş, bu qoşulmalar nəticəsində iddiaçı MMC-yə cəmi 209.22 manat məbləğində zərər dəymişdir. Eyni zamanda, "xxxx" MMC ilə "xxxx" MMC arasında hüquqi xidmətlərin göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır və bu müqaviləyə əsasən, cavabdeh tərəfindən törədilmiş qanunsuz qoşulma ilə bağlı hüquqi xidmətlərin göstərilməsi üçün "xxxx" MMC tərəfindən "xxxx" MMC-yə 100 manat məbləğində xidmət haqqı ödənilmişdir. İddiaçı "xxxx" MMC həm qanunsuz qoşulma ilə bağlı dəymiş 209.22 manat məbləğində zərəri, 100 manat xidmət haqqını və bank xidmət haqqı ilə birlikdə ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumunu cavabdehdən tələb etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlanmadan qanunsuz olaraq qoşulma nəticəsində dəymiş 209.22 manat məbləğində zərərin və bank xidmət haqqı ilə birlikdə ödənilmiş 30.4 manat dövlət rüsumu olmaqla, ümumilikdə 239.62 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və işə qiyabi icraat qaydasında baxılaraq qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiklərini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 35. Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi. 35.3. Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

15. “Telekommunikasiya şəbəkələrini, vasitə və qurğularını mühafizə” Qaydaları.

6. Telekommunikasiya şəbəkələri, vasitə və qurğularinin zədələnməsinə görə məsuliyyət. 6.2. Telekommunikasiya şəbəkələrinə, vasitə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat.

Məhkəmənin mövqeyi.

18. İş materiallarında olan müvafiq aktlardan və CD-də olan videogörüntüdən görünür ki, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə ünvan 1 ünvanına iddiaçı "xxxx" MMC-nin nümayəndələri tərəfindən baxış keçirilmiş və kabel xəttinə qanunsuz qoşulma halları aşkar edilmişdir. Bundan sonra qanunsuz çəkilmiş kabel xətti şəbəkədən ayrılsa da aydındır ki, kabel şəbəkəsinin qanunsuz qoşulmaqla istismarı nəticəsində "xxxx" MMC-yə zərər dəymişdir.

19. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC bu qanunsuz qoşulma nəticəsində vurulmuş zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

21. Belə olan halda hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 209.22 manat məbləğində vurulmuş zərər və 30.40 manat məbləğində bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir.

23. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 209.22 manat (iki yüz doqquz manat iyirmi iki qəpik) məbləğində vurulmuş zərər və 30.40 manat (otuz manat qırx qəpik) məbləğində bank xidmət haqqı ilə birlikdə dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar