Məhkəmə qərarları › İş №e-2(010)-407/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-407/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-407/2023 09.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 13431,49 manat bundan - 4596,97 manat əsas, 4739,35 manat faiz, 3460,29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 634,88 manat faiz borcu və iş üzrə ödənilmiş 130,30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 80007438 saylı kredit müqaviləsinə əsasən cavabdehə 15 ay müddətinə 19.5 faizlə 5500 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 6520 manat müəyyən edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Həmin müqaviləyə əsasən kredit Borcalana “Dövriyyə vəsaitinin artırılması” məqsədilə verilsə də, vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat əldə etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində fiziki şəxslər üzrə ada görə “Cavabdeh1” vergi ödəyicisi kimi axtarılmış, lakin buna baxmayaraq həmin ada uyğun VÖEN müəyyən edilməmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh3 və Cavabdeh2 ilə Bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi və xx.xx.2016-cı il tarixli Zaminlik Müqaviləsi üzrə Əlavə Saziş bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. xx.xx.2022-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 13431,49 manat təşkil edir. Bundan 4596,97 manat əsas, 4739,35 manat faiz, 3460,29 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 634,88 manat faiz borcu təşkil edir. İddiaçı LPO İddiaçı ASC-nin hüquq şöbəsinin aparıcı mütəxəssisi Həsənli Hikmət ərizə ilə məhkəməyə müraciət edərək iştirakları olmadan mülki işə baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 80007438 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin Bakıxanov filialı Cavabdeh1 illik 19.5% ödənilməsi şərti ilə 15 ay müddətinə 5500 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli ZM-80007438 saylı zaminlik müqaviləsindən görünür ki, sazişə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, ləğv prosesində olan İddiaçı ASC Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 6520 manat müəyyən edilmişdir, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 banka 4596,97 manat əsas, 4739,35 manat faiz, 3460,29 manat cərimə, 634,88 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu, ümumilikdə isə 13431,49 manat borcu var. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 9/3919 saylı ekspertiza rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları; xx.xx.2015-ci il tarixli 80007438 saylı kredit müqaviləsi və xx.xx.2016cı il tarixli 01 nömrəli əlavə sazişdə qeyd olunan şərtləri nəzərə almaqla Cavabdeh1 İddiaçı ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixinə) borcu 7549,93 manat: əsas borc üzrə 4846,70 manat, faiz borcu üzrə 2044,89 manat, (illik 5 faizlə hesablanmaqla) 658,34 manat. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin məcəllənin 442-ci maddəsində göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qusürlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdidrilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Bu Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Konstitutsiya Məhkəməsi qeyd edir ki, kredit təşkilatları və müştərilər arasında kredit münasibətlərinin qanunvericilik əsasları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra–“Banklar haqqında” Qanun) müəyyən edilmişdir. Bu Qanunun 1-ci maddəsinə əsasən bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin azaldılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərtilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansıöhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızların diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir. Həmin Qanunun 36.6-cı maddəsinə əsasən isə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə vəşərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il 3 iyun tarixli Qərarında kredit müqaviləsinin qüvvədə olma və kreditin müddətlərinə dair belə bir hüquqi mövqe ifadə edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və MM-in tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (MM-in 425-ci maddəsi). MM-in 6-cı maddəsində sadalanan mülki qanunvericiliyin prinsipləri sırasına vicdanlılıq prinsipi daxil olmasa da, Məcəllədə mülki hüquqların həyata keçirilməsinin və müdafiəsinin hədlərini müəyyən edən qaydalar nəzərdə tutulmuşdur. Belə ki, MM-in 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 19.5% ödənilməsi şərti ilə 15 ay müddətinə 5500 ABŞ dolları məbləğində kredit verilmişdir. 06 aprel 2017-ci il tarixli əlavə sazişə əsasən "xxxx" ASC-nin Cavabdeh1 verdiyi kreditin qalıq məbləği konvertasiya edilməklə 6520 manat müəyyən edilmiş, kreditin müddəti xx.xx.2019-cu il tarixədək müəyyən edilmişdir. Zaminlik müqaviləsinə əsasən Cavabdeh3 və Cavabdeh2 kredit müqaviləsi üzrə borcalanın kredit müqaviləsi üzrə öhdəliklərin tamamilə və ya hissə-hissə icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh borcun ödənilməsi barədə xəbərdar edilsə də, bu günə qədər borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. İş üzrə bank həmin məbləğdə pulu cavabdehə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin sonuncu bu müqavilələr üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair 4 sentyabr 2012-ci il qərarında qeyd olunur ki, gələcəkdə yaranacaq öhdəliyin icrası üzrə bağlanmış zaminlik müqaviləsi ilkin müqavilədən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirilməlidir: ilkin müqavilədə əsas müqavilənin predmetini, digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Əsas müqavilənin bağlanması tarixi ilkin müqavilə ilə müəyyən edilir. Belə tarix ilkin müqavilədə göstərilmədiyi təqdirdə, müqavilə ilkin müqavilənin bağlandığı gündən bir il müddətində bağlanmalıdır; zaminlik müqaviləsi isə müvafiq şərtlərlə müəyyən edilmiş formada əsas öhdəliyə dair razılığın əldə edildiyi andan qüvvəyə minir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirildikdə zaminliyə müqavilənin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir; ilkin müqavilənin tərəflərindən hər biri öhdəliklərin yerinə yetirilməməsi nəticəsində əmələ gələn ziyanın ödənilməsi şərti ilə əsas müqavilənin imzalanmasından imtina edə bilər. Zaminlik müqaviləsinin tərəfləri əsas müqavilə ilə nəzərdə tutulan hərəkətləri etməkdən boyun qaçıra bilərlər və belə halda mənfi deyil, müsbət maraqları odəyirlər, öhdəliklərinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar. Qeyd olunduğu kimi, borclu öhdəliyi icra etmədiyi və ya lazımınca icra etmədiyi hallarda borclu və zamin kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə ki, MM-in 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Subsidiar məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiar məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). Borclunun öhdəliyi bir neçə zamin tərəfindən də təmin edilə bilər: bir neçə şəxs tərəfindən müxtəlif zaminlik müqavilələri əsasında verilən zaminlik; bir müqavilə əsasında zamin qismində bir neçə şəxs tərəfindən verilən zaminlik (zaminlik bir neçə şəxs tərəfindən birgə verilir) ; Birinci halda kreditor müvafiq tələbi istənilən zaminə qarşı irəli sürə bilər. Belə olan halda zaminlər arasında hər hansı hüquqi münasibətlər yaranmır. İkinci halda, yuxarıda qeyd edildiyi kimi, əgər zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zaminlər kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə, bir zaminlik müqaviləsi çərçivəsində zamin və ya birgə zaminlər tərəfindən yalnız mövcud konkret öhdəliyin və ya gələcəkdə yaranması ehtimal olunan konkret öhdəliyin təmin edilməsi mümkündür. Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: - MM-in 470 və 471-ci maddələrinə əsasən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə, borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır. - MM-in 470.2-ci maddəsinə görə gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər. Bu maddənin mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılımış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi başa düşülməlidir. - Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərini yalnız MM-in 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1.-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Həmin Məcəllənin 477.0.4.-ci maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 ilə bank arasında xx.xx.2015-ci il tarixli 80007438 saylı kredit müqaviləsi xx.xx.2019-cu il tarixədək bağlanmışdır. Məhkəmə bildirir ki, zaminliyə onun təmin edildiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində Kreditorun Zaminə və ya Zaminlərə qarşı iddia irəli sürülmədiyi halda zaminliyə xitam verilməlidir. İddiaçı bankın tələbi Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən tələb olunan məbləğ yalnız cavabdehborcalan Cavabdeh1 tutulmalı, iddia tələbi əsas borc və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu hissəsində tam təmin edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh1 kredit müqaviləsi öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddia tələbi əsas borc və gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu hissəsində tam təmin edilməli, iddia tələbinin faiz və cərimə borcuna aid hissəsi isə qismən təmin edilməli, cavabdehdən ekspertiza rəyi üzrə hesablanmış faiz borcu və 200 manat məbləğində cərimə borcu tutulmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 xx.xx.2015-ci il tarixli 80007438 saylı kredit müqaviləsi üzrə 4596,97 manat əsas, 2044,89 manat faiz, 200 manat cərimə borcu, 634,88 manat illik 5 % hesablanmış faiz borcu, ümumilikdə 7476,74 (yeddi min dörd yüz yetmiş altı manat, yetmiş dörd qəpik) manat və 130,30 (bir yüz otuz manat, otuz qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 260-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli 80007438 saylı kredit müqaviləsi üzrə 4596,97 manat əsas, 2044,89 manat faiz, 200 manat cərimə borcu, 634,88 manat illik 5 % hesablanmış faiz borcu, ümumilikdə 7476,74 (yeddi min dörd yüz yetmiş altı manat, yetmiş dörd qəpik) manat və 130,30 (bir yüz otuz manat, otuz qəpik) manat dövlət rüsumu tutularaq LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri – 100 (yüz) manat Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilsin. xx.xx.2015-ci il tarixli 80007438/ZM №-li zaminlik müqaviləsi üzrə Cavabdeh3 və Cavabdeh2 münasibətdə zaminliyə xitam verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar