Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4073/2022 19.10.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, FN-01751-16/21A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2022ci il tarixinə ödənilməmiş 9402.4 manat əsas borc, 822.91 manat faiz borcu, 93.42 manat dəbbə borcu, ümumilikdə 10318.73 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 120.96 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN-01751-16/21A saylı kredit müqaviləsinə əsasən, Bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 36 ay müddətinə, illik 23 faiz ödəmək şərti ilə 10000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə FNZ-01751-16/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon danışıqları və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlərin kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə hesablanmış və ödənilməmiş 9402.4 manat əsas borc, 822.91 manat faiz borcu, 93.42 manat dəbbə borcu vardır. Beləliklə, cavabdehlərin xx.xx.2022-ci il tarixinə ümumi borcu 10318.73 manat təşkil edir.
İddia tələbinin həcminin artırılması.
3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN-01751-16/21A saylı kredit müqaviləsinin ləğvi, həmin müqavilədən irəli gələn xx.xx.2022-ci il tarixə ödənilməmiş 9402.4 manat əsas borc, 822.91 manat fazi borcu, 93.42 manat dəbbə borcu, ümumilikdə 10318.73 manat məbləğində borcun, iddia qaldırılması üçün ödənilmiş 120.96 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən iclasın iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunması ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
6. Bank "xxxx" ASC və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FN- 01751-16/21A saylı kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən, Bank Cavabdeh1 illik 23 faizlə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilməyi, Borcalan isə kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada krediti faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.
7. xx.xx.2021-ci il tarixli, FN-01751-16/21A saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş, ödənişlərin xx.xx.2022 xx.xx.2024-cü il tarixləri arasında hər ay 387.1 manat (son iki ay 387.09 manat) məbləğində olmaqla ödənilməsi müəyyən edilmişdir.
8. Bank "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, FNZ- 01751-16/21A saylı zaminlik müqaviləsinə əsasən, Zamin Borcalanın Kredit müqaviləsi üzrə öhdəliyi yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əmələ gələn faizlərin, dəbbə pulunun, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Bank qarşısında Borcalan ilə eyni həcmdə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
9. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 əsas borc üzrə 9402.4 manat, faiz borcu üzrə 822.91 manat, dəbbə borcu üzrə 93.42 manat olmaqla, cəmi 10318.73 manat məbləğində borc yaranmışdır.
10. xx.xx.2022-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
İşin faktiki halları.
11. Bank "xxxx" ASC və borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 36 ay müddətinə, illik 23%-lə 10000 manat məbləğində kredit verilmiş, Borcalan isə götürdüyü krediti müqavilədə müəyyən olunan şərtlərlə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda, Bankla zamin Cavabdeh2 arasında eyni tarixli zaminlik müqaviləsi bağlanmış və Zamin Borcalanın kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərin icrasına tam həcmdə zamin durmuşdur. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş, bank tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliklər icra edilmədiyindən iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi qaydası. 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 53. İddianın dəyişdirilməsi. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
16. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı Bank qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Nəzərə alınmalıdır ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcu tələb etməkdə haqlı olmuşdur. Eləcə də tələb edilən cərimə məbləği (93.42 manat) əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil.
17. Həmçinin, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən müştərək qaydada müvafiq kredit müqaviləsi üzrə əsas və faiz borcunu, eləcə də cərimə məbləğini tələb etməkdə haqlı olmuşdur.
18. Bundan başqa, iddia tələbindən görünür ki, iddiaçı Bank Cavabdeh1 ilə aralarında bağlanmış kredit müqaviləsinin ləğv edilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia bu hissədə də əsaslıdır. Belə ki, cavabdeh müqavilə üzrə öhdəliklərini əhəmiyyətli dərəcədə pozmuşdur. Eyni zamanda, cavabdehə müqavilənin ləğv edilməsi barədə bildiriş göndərilmiş, lakin heç bir cavab alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank kredit müqaviləsinin ləğvini tələb etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 120.96 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9402.4 manat əsas borc, 822.91 manat faiz borcu, 93.42 manat cərimə olmaqla, cəmi 10318.73 manat, 120.96 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilməli, iddiaçı Bankla Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməlidir.
22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 9402.4 manat əsas borc, 822.91 manat faiz borcu və 93.42 manat cərimə olmaqla, cəmi 10318.73 manat (on min üç yüz on səkkiz manat yetmiş üç qəpik) məbləğində pul, 120.96 manat (yüz iyirmi manat doxsan altı qəpik) məbləğində dövlət rüsumu və 0.4 manat (qırx qəpik) bank xidməti haqqı tutularaq iddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh1 ilə iddiaçı Bank "xxxx" X2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva