Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4079/2024 24.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı yaşayış evinə istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən onun və ailə üzvlərinin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinə dair istifadə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qardaşıdır. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında yerləşən, 0.06 ha sahəsi olan torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində birlikdə yaşayırlar. Belə ki, onlar sözü gedən ərazidə konstruktiv quruluşuna görə ortaq divarı paylaşan fərdi yaşayış evlərində yaşayırlar. Onun və ailə üzvlərinin yaşadığı, birgə təsərrüfat apardığı fərdi yaşayış evi 2 otaq, bir mətbəx və sanitar qovşaqdan ibarətdir. Sözü gedən fərdi yaşayış evi uzun illər öncə onun vəsaiti hesabına atası tərəfindən tikilmişdir. O, uzun illərdir ki, həmin ünvanda özü üçün şərait qurmuş, ailə üzvləri ilə birgə yaşayır. Üzərində fərdi yaşayış evləri yerləşən torpaq sahəsi mərhum anasına məxsus olmuşdur. Bundan öncə məhkəmənin icraatında olan mülki iş üzrə məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsi hansısa üsulla qardaşına məxsus olmuşdur (çıxarışın surəti iddia ərizəsinə əlavə edilmişdir). Bu faktla qarşılaşdığı zaman o, bunun həqiqətə uyğun olmadığına inanmış, real zənn etməmişdir. Çünki, mərhum anası sağlığında hər zaman sözü gedən torpaq sahəsinin onun və qardaşının arasında mütənasib olaraq bölünəcəyini demiş, onu əmin etmişdir. Onun ailəsi həmişə təqdirəlayiq, nümunəvi ailə olmuşdur. Daim bir-birlərinə etimad etmiş, güvənmiş, münaqişəli olmamışlar. Cavabdeh ona qarşı “torpaq sahəsindən çıxarılma” tələbi ilə Suraxanı Rayon məhkəməsinə müraciət etmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ünvanında yerləşən 0.06 ha sahəsi olan torpaq sahəsindən ailə üzvləri ilə birlikdə çıxarılmalarını xahiş etmişdir. Hal-hazırda sözügedən mübahisə məhkəmənin icraatındadır. O isə öz növbəsində qardaşı ilə barışıq əldə edəcəyinə inanmış, özünün və ailə üzvlərinin sözü gedən torpaq sahəsindən əsassız olaraq çıxarılma tələbinə anlam verməmişdir. Lakin, qardaşı onun və ailə üzvlərinin həmin torpaq sahəsindən çıxarılmasına israr etməyə davam etmişdir. Onun uzun illərdir ki, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşamağı, birgə təsərrüfat aparmağı faktını, istifadə hüququmun olmasını Cavabdeh nəzərə almamış, onun sözü gedən torpaq sahəsindən çıxarılmağını israrla məhkəmədən xahiş etmişdir. Halbuki, o, həmin torpaq sahəsi üzərində yerləşən, onun vəsaiti hesabına tikilən fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Göründüyü kimi, sözü gedən torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evi qanunun dili ilə desək özbaşına tikilidir. O isə həmin fərdi yaşayış evində yaşayır. Bundan başqa, onun mübahisə predmeti olan əmlakdan başqa hər hansı bir əmlakı, yaşayış yeri yoxdur. Belə olan halda, onun maddi və ailə vəziyyətinin nəzərə alınmaması, uzun illər ərzində sözü gedən təsərrüfatın idarə olunmasında iştirakının göz ardı edilməsi Konstitusiya ilə qorunan hüquqlarının kobud surətdə pozulmasına səbəb olur. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, həmin mübahisəli torpaq sahəsinin ümumi həcmi 12 sot təşkil edir. Atası sağlığında həmin torpaq sahəsini 3 yerə böləcəyini və həmin torpaq sahəsindən ona da müvafiq olaraq 3 sot pay düşəcəyini bildirmişdir. İndi isə onu həmin torpaq sahəsində olan payından məhrum edirlər. Sözügedən evi atası tikmişdir. Evin tikilməsində onunla yanaşı, cavabdehin və digər qardaşının da ümumi pul vəsaitindən istifadə olunmuşdur. Evi Şirxan tikməmişdir. Düzdür, həmin faktı təsdiq edəcək hər hansı sübutu yoxdur. Bu faktın doğruluğunu təsdiq edə biləcək yeganə şahid anası olsa da, anası artıq rəhmətə getmişdir. O, həmin evdə 5 ildən çoxdur ki, ailə üzvləri ilə birlikdə yaşayır. Ev anasının adına olmuş, anasının ölümündən təxminən 1 həftə əvvəl evə notarius gəlmiş və onun da xəbəri olmadan qardaşının adına verilmişdir. Hazırda isə yaranmış zərurətlə əlaqədar, iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Digər tərəfdən, iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılması ilə bağlı şifahi vəsatətinə cavab olaraq bildirir ki, iş üzrə icraat davam etdirilməli və işə mahiyyəti üzrə baxılaraq iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı tərəf mənəvi olaraq müəyyən qədər haqlı olsa da, hazırda qüvvədə olan qanunvericilik iddiaçı tərəfin mövqeyindən çıxış etmir. Hazırkı iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən, ümumi sahəsi 0.06 ha olan, **********15 reyestr nömrəli torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və həmin torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.3. Əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Yaşayış sahəsindən istifadə hüququ Konstitusiyanın 43-cü maddəsində təsbit olunmuş mənzil hüququnun bir elementi kimi çıxış edir və Azərbaycan Respublikasının Mənzil Məcəlləsində (1 oktyabr 2009-cu il tarixinədək qüvvədə olmuş və 1 oktyabr 2009cu il tarixindən qüvvədə olan) və Mülki Məcəllədə əks olunmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr, X.Məmmədovanın şikayəti üzrə 2014-cü il 11 iyul tarixli və s. Qərarları). Yaşayış sahələri yalnız mülki dövriyyənin predmeti olduqda mülki qanunvericilik onlara sahiblik, onlardan istifadə və onlara dair sərəncam verməklə bağlı məsələləri tənzimləyir. Yaşayış sahəsindən istifadə, onun istismarı və bir sıra başqa məsələlər yalnız mənzil qanunvericiliyi ilə tənzimlənir. Yaşayış sahələri mənzil hüququnun obyektidir. Yaşayış sahəsi dedikdə - Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür. Sahənin yaşayış sahəsi hesab edilməsi qaydası və onun cavab verməli olduğu tələblər bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq müəyyən edilir (Mənzil Məcəlləsinin 12.1, 12.2 və 12.3-cü maddələri). Mənzil Məcəlləsinin 13.2-ci maddəsinə görə otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. İşin faktiki hallarından görünür ki, iddiaçının istifadə hüququnun tanınmasını məhkəmədən xahiş etdiyi fərdi yaşayış evi iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin üzərində inşa edilmişdir. Həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamış və iddiaçının həmin mübahisə predmeti olan fərdi yaşayış evi üzərində hər hansı hüququ yaranmamışdır. Məhkəmə qeyd edib ki, iddiaçının onun və ailə üzvlərinin istiadə hüququnun tanınmasını istədiyi mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçının hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Belə ki, özbaşına inşa edilmə nəticəsində yaranmış əmlak olan mübahisəli ev (yaşayış sahəsi) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, iddiaçının və onun ailəüzvlərinin mübahisəli evə istifadə hüququ əmələ gəlməmişdir, buna görə də özbaşına tikiliyə istifadə hüququnun tanınması yolverilməzdir. Məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, üçüncü şəxs üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Mülki dövriyyənin iştirakçıları mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etməli, intizamlı və vicdanlı olmalı, hüquqdan pis niyyətlə sui-istifadə etməməlidirlər. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı iddiaçının və onun ailə üzvlərinin yaşayış evindən istifadə hüququnun tanınması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-4079/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4079/2024
24.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver