Məhkəmə qərarları › İş №e-2(010)-4100/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4100/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4100/2023 23.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra "xxxx" MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 1359 manat məbləğində borc və 33.59 manat məbləğində ödənilmiş dövlət rüsumunun məbləği, ümumilikdə 1392.59 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 4100/2023 saylı qərardadı ilə işə iddia icraatında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə ********* saylı malların nisyə (hissə-hissə ödənilməklə) satışı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 2147 manat olan İphone 13 128 GB Midnight **********257668 markalı mobil telefonu 12 ay müddətinə hissə-hissə ödənilməklə satılmışdır. Cavabdeh tərəfindən ilkin ödəniş kimi 513 manat ödənilmiş və qalan məbləğ hər ayın 19-da 137 manat ödənilməklə hissələrə bölünmüşdür. Nəticədə cavabdeh 12 ay müddətində 1634 manat ödəməli idi. Cavabdeh 2023-cü ilin fevral və mart ayları üçün cəmi 274 manat ödəmişdir, aprel, may, iyun, iyul ayları üçün ödəniş olunmamışdır. Hal-hazırda cavabdehin borcu 1359 manat təşkil edir. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə pretenziyanı göndərərək sözügedən müqaviləyə birtərəfli qaydada xitam verilməsini bildirmiş və iddiaçıya olan 1359 manat borcun pretenziyanı aldığı gündən 10 gün müddətində ödənilməsini xahiş etmişdir. Lakin buna baxmayaraq borc ödənilməmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

5. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, iddiaçı "xxxx" MMC-yə 1359 manat məbləğində borcu olduğunu və bu borcu ödəməyə etiraz etmədiyini bildirdi. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

İş materialları.

6. İddiaçı MMC və Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilədən görünür ki, Satıcı bu müqavilənin 1 saylı Əlavəsində göstərilmiş spesifikasiyaya, miqdara, modelə və qiymətə uyğun əşyanı Alıcıya təhvil verir, Alıcı isə Malı Satıcıdan qəbul edib, onun bu Müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi olan Ödəniş cədvəlində nəzərdə tutulan qaydada və müddətlərdə Satıcıya hissəhissə ödəniş edir.

7. xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqaviləyə 2 nömrəli əlavə olan xx.xx.2023-cü il tarixli ödəniş cədvəlindən görünür ki, ödəniləcək məbləğin xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 137 manat olmaqla (sonuncu ay 127 manat) ödənilməsi təsdiq edilmişdir.

8. xx.xx.2023-cü il tarixli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, tərəflər təsdiq etmişlər ki, Satıcı cədvəldə göstərilən malı (2147 manat qiyməti olan “İphone 13” 128 GB) Alıcıya təhvil vermiş, Alıcı isə həmin malı təhvil almışdır.

9. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli, ********* nömrəli müqavilə üzrə Cavabdeh 1359 manat məbləğində borcu vardır.

10. xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.

İşin faktiki halları.

11. Cavabdeh iddiaçı "xxxx" MMC-dən xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən mal (2147 manat qiyməti olan “İphone 13” 128 GB) almış, aldığı malın pulunu ödəniş cədvəlinə uyğun olaraq hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, müqavilə üzrə ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddiaçı "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilə üzrə ödənilməmiş əsas borcu Cavabdeh tələb etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmişdir.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 567. Alqı-satqı müqaviləsi. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

14. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alqı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alqı-satqı müqaviləsi üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir.

Məhkəmə xərcləri.

16. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 33.59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur.

17. Hazırda isə məhkəmə tərəfindən iddia təmin edilmişdir. Belə olan halda ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi (33.59 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1359 manat məbləğində borc və 33.59 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir.

19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 1359 (min üç yüz əlli doqquz) manat məbləğində borc və 33.59 manat (otuz üç manat əlli doqquz qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar