Məhkəmə qərarları › İş №e-2(010)-4102/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4102/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4102/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədirliyi Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı QSC-nin xeyrinə 14053.77 manat məbləğində əsas, 1930.44 məbləğində manat faiz, 443.23 manat məbləğində cərimə borcu olmaqla, cəmi 16427.44 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 139.28 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı 030A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.4167% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 18000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 030A**********S saylı, xx.xx.2023-cü il tarixli 030A**********SA saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 3946.23 manat ödəniş etmiş və onun iddiaçıya 14053.77 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 229 gün üçün hesablanmış faiz borcu 1930.44 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 229 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 443.23 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları. İddiaçı QSC-nin OUT-2024/05/06-22 saylı, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 030A********** nömrəli kredit müqaviləsi üzrə 14053.77 manat məbləğində əsas borc, 1930.44 manat məbləğində faiz borcu, 443.23 manat məbləğində cərimə borcu olmaqla cəmi borc 16427.44 manat təşkil edir. Cavabdeh və İddiaçı QSC-nin xx.xx.2022-ci il tarixli imzaladığı ərizədən görünür ki, Cavabdeh faiz dərəcəsi 17% olmaqla 36 ay müddətinə, 18000 manat məbləğində kredit sifariş vermişdir. İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 030A**********SA saylı “Kredit Müqaviləsi və Ödəniş Planına dəyişiklik edilməsi haqqında” sazişdən görünür ki, Cavabdeh İddiaçı QSC ilə arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 030A********** saylı Pərakəndə (nağd) kredit barədə Müqavilə üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda cəriməni bu sazişə əlavə olunan xx.xx.2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə İddiaçı QSCyə ödəməlidir. İddiaçı QSC tərəfindən verilmiş ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 646 manat, xx.xx.2025-ci il tarixində isə 631.42 manat məbləğində ödəniş etməlidir. İddiaçı QSC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-xx.xx.2024cü il tarixlərdə və Cavabdeh tərəfindən müxtəlif əməliyyatlar aparılmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış borc barədə məlumat verilmiş, borcun vaxtında ödəməyəcəyi təqdirdə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı QSC və Cavabdeh arasında “Kredit müqaviləsi” bağlanmış və ona 36 ay müddətinə, illik 17 % dərəcəsi ilə 18000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında kredit müqaviləsi bağlanmaqla kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini icra etməmişdir. Borcalan Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, İddiaçı QSC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Tərəflər arasında müqavilə üzrə dəbbə pulu razılaşdırılmışdır. Məhkəmə onu tənasübsüz surətdə yüksək hesab etmişdir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə qənaətinə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 14053.77 manat əsas, 1930.44 manat faiz, 150 manat cərimə borcu olmaqla, cəmi 16134.21 manat məbləğində pul alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 138.4 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 14053.77 manat əsas, 1930.44 manat faiz, 150 manat cərimə borcu olmaqla, cəmi 16134.21 manat məbləğində pul və ödənilmiş 138.4 manat məbləğində dövlət rüsumu tutulаrаq İddiaçı Qapalı Səhmdаr Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar