Məhkəmə qərarları › İş №e-2(010)-4103/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(010)-4103/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4103/2022 20.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçı və İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh1 ilə aralarında bağlanmış əqd üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və aldığı pul məbləğini geri qaytarmadığı üçün 2600 manat maddi ziyan, 150 manat hüquqi yardımın göstərilməsi üçün ödənilmiş vəsaitin, 70 manat ödənilmiş dövlət rüsumunun əvəzinin və 2162 manat mənəvi zərərin əvəzi, cəmi 5000 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq omun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2022-ci ilin iyun ayında tanış olmuşlar. Ailə üzvünün xeyir işi ilə əlaqədar ona mebel sifariş etmək zərurəti yaranmış və o, mebel almaq üçün münasib yer axtarmağa başlamışdır. Bu iş üzrə Cavabdeh2 iş üzrə digər cavabdeh olan Cavabdeh1 tanıdığını, tanışlarının da ondan mebel aldığını qeyd edərək, onun nömrəsini vermiş və mebel sifarişi ilə məşğul olduğunu bildirmişdir. O, Səbuhinin Bakı şəhəri, Bakıxanov qəsəbəsi ərazisində işlətdiyi “Banu Mebel” sexinə getmiş və onunla tanış olmuşdur. Səbuhi gördüyü işin rəsmi olduğuna inandırmaq üçün “Banu Mebel” yazısı olan blank çıxarmış, sifarişləri və ödədiyi məbləğləri oraya qeyd edib imzalamışdır. O, dəhliz mebeli, TV stend və şkaf hazırlanması üçün ona ödənişin bir hissəsi olaraq 2600 manat məbləğində pul vermiş və o da yaxın zamanda mebelin hazır olacağını bildirmişdir. Cavabdeh1 pulu verdikdən bir neçə gün sonra o, Səbuhidən işin nə yerdə olduğunu soruşmuş, Cavabdeh1 isə mebeli hazırlamamış və əvəzində müxtəlif bəhanələr uydurmağa başlamışdır. Bundan sonra o, cavabdehin bu hərəkətlərinə görə zəng edərək mebel lazım olmadığını bildirmiş və pulu geri qaytarmağını tələb etmişdir. Onun bu qanunsuz hərkətinə görə Sabunçu rayon Polis İdarəsinə müraciət etmiş, Polis İdarəsi ərizədə qeyd olunanlar mülki mübahisə predmeti olduğu üçün mülki qaydada məhkəmədə baxılmalı olduğunu bildirmişdir. Bu səbəbdən də cavabdehlərdən birinin qeydiyyatda olduğu yer üzrə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməməsi və ona olan borcunu qaytarmaması nəticəsində maddi zərərə məruz qalmışdır. Bu zərər də cavabdehlər tərəfindən ona ödənilməlidir. Çünki Cavabdeh2 onu Səbuhinin düz adam olduğuna inandırması və onun sexinin yerini göstərməsi səbəbindən digər Cavabdeh1 ödəniş etmişdir. Nəticədə o, bu şəxslərə qarşı mülki iddia qaydasında məhkəməyə müraciə etməklə ona olan borcunun və vurduğu mənəvi zərərin qaytarılmasını tələb etmək zərurətində qalmışdır. Cavabdeh tərəfindən hazırkı iddia üzrə ödənilməsini tələb etdiyi məbləğ 5000 manat təşkil edir. Bundan 2600 manat Cavabdeh1 mebel hazırlanması üçün verdiyi pul məbləği, 150 manat vəkilə hüquqi yardımın göstərilməsi üçün ödədiyi məbləğ, 70 manat ödənilmiş dövlət rüsumu, 18 manat notariat kontorunda etibarnamənin verilməsi üçün ödənilmiş pul məbləği və yerdə qalan 2162 manat isə cavabdehlərin hərəkəti nəticəsində dəymiş mənəvi zərərin əvəzi olaraq tələb edilən məbləğdir. Cavabdeh1 ondan 2600 manat dəyərində pulu götürüb əvəzində ona mebeli təhvil verməyi öhdəsinə götürsə də, neçə vaxtdır ki, öhdəliyini yerinə yetirməyərək onun verdiyi puldan faydalanmış, onu isə pulundan faydalanmaq imkanından məhrum etmişdir. Cavabdehin öhdəliyi yerinə yetirməməsi səbəbindən o, bu vəsaitlərdən məhrum olunmuşdur.

İddia tələbinin həcminin azaldılması.

3. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair məhkəməyə iki dəfə ərizə ilə müraciət etmiş, sonuncuda məhkəmədən 2600 manat məbləğində maddi ziyan, 150 manat məbləğində hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərc, 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh1 tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh1 onun evində təmir işi gedərkən bir neçə dəfə gələrək, evdə işləyən ustalara mebelin ölçülərinə və dizaynına uyğun olaraq evdə bəzi yerlərin düzəldilməsinə göstəriş vermişdir. Hətta o, cavabdehə həmin ustaların yanında pul da vermişdir. Həmin şəxslər pulun məbləğini bilməsələr də onun tərəfindən cavabdehə pul verilməsinə şahid olmuşlar. Bu səbəbdən həmin şahid ifadələrini də məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, evə mebel lazım olduğu üçün tanışı Farizin vasitəsi ilə Cavabdeh1 tanımışdır. Belə ki, Fariz ona mebel yığdırmaq üçün “Banu mebel”i məsləhət görmüş, öz tanışının da həmin yerdə mebel yığdırdığını demişdir. O da elə Farizlə yolda gedərkən nömrəni alıb zəng etmiş, vaxt təyin edib Səbuhi və yoldaşı ilə görüşmüş, mebel sifariş vermişdir. Onlar ölçü işlərini aparmış, qiymətdə razılaşmışlar. Belə ki, o, cavabdehlə TV stendi, evin girişi üçün mebel, suvenir arka üçün 4500 manata razılaşmışlar. Bundan sonra Cavabdeh1 tərəfindən görüləcək işlərlə bağlı ona blanklı sənəd təqdim edilmişdir. O, həmin sənədi imzalamış, bundan sonra cavabdehə 1500 manat ilkin ödəniş etmiş, daha sonra 300 manat da ödəmişdir. Sonradan ayrı-ayrılıqda 200 və 600 manat məbləğində rəngsaz işi və digər işlər üçün ödənişlər etmişdir. İlkin razılaşmalarına görə Cavabdeh1 mebeli 20 gün ərzində hazırlamalı olsa da, onu yubatmış, daha sonra da zənglərinə cavab verməməyə başlamışdır. Aradan bir ay keçdikdən sonra o, cavabdehlə əlaqə saxlamış, mebeli harada rənglətdirdiyini soruşmuş, lakin cavabdeh ona cavab verə bilməmişdir. O da bundan sonra cavabdehin ona yalan danışdığını başa düşmüşdür. Daha sonra cavabdehin hərəkətləri ilə bağlı şikayətlə 13-cü Polis Bölməsinə müraciət etmiş, cavabdeh bölməyə gəlmişdir. Həmin vaxt cavabdehdən pulunu tələb etdikdə cavabdeh ona demişdir ki, çatdıra bilmir. Lakin sonradan yenə telefonlarına cavab verməmişdir. Bu iş üzrə məhkəmədən əvvəl cavabdehin atasına zəng vurmuş və ondan oğlu ilə aralarında olan məsələni səhəri günə kimi həll etməyini istəmişdir. Lakin cavabdehin atası növbəti gün ona zəng vurmamışdır. Hətta onun müraciəti əsasında polis sahə rəisi cavabdehin atasının rayondakı evinə getmiş, atası oğlunun təqsiri olmadığını, məsələyə görə oğlu Səbuhinin yanındakı tanışının məsuliyyət daşıdığını demişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiklərini bildirmişdir.

7. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi.

İş materialları.

8. “Banu_mebel” tərəfindən tərtib edilmiş sifariş anketindən görünür ki, İddiaçı şkaf, TVS, dəhliz mebeli sifariş etmiş, sifarişin qiyməti 4500 manat müəyyən edilmiş, ilkin ödənişin “1500 manat+300+200+600” olduğu qeyd edilmişdir. Anket “icraçı direktor Cavabdeh1” adından imzalanmışdır.

9. Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13821 nömrəli məktubdan görünür ki, X1 müraciətində göstərilən xüsusatlar mülki xarakterli olmaqla hər hansı cinayət hadisəsi qeydə alınmadığından icraatın dayandırıldığı və aidiyyəti üzrə məhkəməyə müraciət etməsinin məqsədəmüvafiq olduğu bildirilmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, dövlət reyestrində “Banu_mebel” Fabrik adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi və Cavabdeh1 hər hansı hüquqi şəxsin təsisçisi olması barədə məlumat mövcud deyildir.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair sistemdən çıxarışdan görünür ki, Cavabdeh1 adına ********** nömrəli VÖEN vardır.

Şahid ifadələri.

12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 2022-ci ilin iyul ayında Fizuli müəllimin evində “malyar” işi görmüşdür. Evdə təmir gedərkən mətbəx mebeli olmamışdır. Sonradan bir nəfər gələrək mebel üçün ölçü götürmüş, Fizuli müəllim ona bir xeyli pul vermişdir. Həmin oğlan ona da göstərişlər vermiş, yığılacaq mebelə görə zalda alçipanı və mətbəxdə bəzi yerləri düzəltməyi tapşırmış, dəftərinə ölçüləri qeyd edərək çıxıb getmiş, lakin bir daha geri qayıtmamışdır. Həmin oğlanın adını xatırlamır, lakin arıq, cılız, balaca boy bir oğlan olduğu yadındadır. Fizuli müəllimin həmin oğlana pul verdiyini görmüş, lakin nə qədər olduğunu bilməmişdir. Fizuli müəllim daha sonra ona həmin şəxsin mebeli təhvil vermədiyini və pulunu qaytarmadığını bildirmişdir. O da Fizuli müəllim kimi bir insana nə üçün belə bir pislik edildiyini düşünmüşdür.

13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 2022-ci il yayında Fizuli müəllimin evində təmir gedən zaman orada usta kimi işləmişdir. Orada işləyərkən mətbəxdə mebel olmamışdır. Təmir gedən zaman balaca boy bir oğlan gələrək, müəyyən ölçü işləri aparmış, ona mebelin yerinin hündür olduğunu bildirmiş, biraz aşağı salınmasını tapşırmışdır. O da onun göstərişlərini yerinə yetirmişdir. Sonra Fizuli müəllimə demişdir ki, həmin oğlan gəlib ölçülərin uyğun olub-olmadığını yoxlasın, lakin həmin şəxs mebeli gətirib quraşdırmamışdır. Fizuli müəllimin həmin adama pul verdiyini görmüş, lakin nə qədər ödəniş etdiyini görməmişdir. Lakin sonradan Fizuli müəllim həmin adamın onu bu gün - sabah deyə-deyə yubatdığını bildirmişdir. Həmin adamın adını bilmir, lakin balaca boy, qarayanız oğlan olmuşdur. İşin faktiki halları.

14. İddiaçı Cavabdeh1 ondan mebel düzəltmək adı ilə 2600 manat məbləğində pul aldığını, lakin ona heç bir mebel düzəltmədiyini, ödədiyi pulu isə geri qaytarmadığını iddia edərək, həmin pulu, hüquqi yardım üçün çəkdiyi xərci və dəymiş mənəvi zərərə görə pul kompensasiyasını həm Cavabdeh1, həm də onu Cavabdeh1la tanış etdiyini, arada vasitəçi olduğunu iddia etdiyi digər Cavabdeh2 tələb etmişdir. Daha sonra İddiaçı Cavabdeh1la aralarındakı pul mübahisəsinə aidiyyəti olmayan, yalnız arada vasitəçi olduğunu qəbul etdiyi digər Cavabdeh2 münasibətdə iddia tələbinin həcmini azaltmışdır. Eyni zamanda, mənəvi zərərin kompensasiyası ilə bağlı hissədə də tələbindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və nümayəndəsi (vəkili) iddianı müdafiə etmiş, cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. İddiaçının nümayəndəsi (vəkili) ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 238. Qiyabi icraatın əsasları. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Maddə 241. Qiyabi icraat qaydası. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir.

Məhkəmənin mövqeyi.

17. İşin faktiki hallarından göründüyü kimi İddiaçı Cavabdeh1 ondan mebel düzəltmək üçün cəmi 2600 manat məbləğində pul aldığını, lakin qarşılığında heç bir mebel düzəltmədiyini, pulunu isə geri qaytarmadığını iddia etmişdir. İddiaçı, həmçinin iddia etmişdir ki, Cavabdeh1 özünü “Banu_mebel” fabrik adlı hüquqi şəxsin direktoru kimi ona təqdim etmiş, ondan götürdüyü sifarişləri həmin fabrikin adının yazıldığı blanklı sifariş anketinə qeyd etmişdir. İddiaçı tərəfindən məhkəməyə sözügedən sifariş anketi təqdim edilmişdir. Həmin sənəddən görünür ki, həqiqətən də sənədin blank hissəsində “Banu_mebel” Fabrik yazılmış, bu sənəd “icraçı direktor” Cavabdeh1 adından imzalanmış, eyni zamanda sənədə mərkəzində “Banu_mebel” yazılan möhür vurulmuşdur. Bu möhürün aşağı hissəsində “Banu_mebel”in VÖEN nömrəsi qeyd edilmiş, lakin nədənsə nömrənin ilk beş rəqəmi qələmlə silindiyindən, eləcə də “Banu_mebel” yaxud “Banu_mebel” Fabrik adında hər hansı bir hüquqi şəxsin mövcudluğu ilə bağlı aidiyyəti orqanın kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında sistemindən məlumat almaq mümkün olmadığından və bu vəziyyət ilk növbədə belə bir kommersiya qurumunun leqallığı ilə bağlı məhkəmədə ciddi şübhə doğurduğundan məsələ ilə bağlı müvafiq sorğu ilə Dövlət Vergi Xidmətinə müraciət edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən verilmiş cavabda dövlət reyestrində “Banu_mebel” Fabrik adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi və Cavabdeh1 ümumiyyətlə hər hansı bir hüquqi şəxsin təsisçisi olması barədə məlumatın mövcud olmadığı qeyd edilmişdir.

18. Məhkəmə tərəfindən, həmçinin müəyyən edilmişdir ki, “Banu_mebel” adına olan bu möhürün VÖEN məlumatları yazılan hissəsinin görünən (qaraldılmamış) son beş rəqəmi 87442-dir. Dövlət Vergi Xidmətinin vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsinə dair sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 adına ********** nömrəli VÖEN vardır. Görünən odur ki, Cavabdeh1 fərdi sahibkar kimi adına açdığı VÖEN-dən “təsis etdiyi” “kommersiya hüquqi şəxsinin” VÖEN-i kimi istifadə etmiş, bu vəziyyətin ortaya çıxmaması üçün də müvafiq sifariş anketində “Banu_mebel” adından vurulmuş möhürdən görünən VÖEN-in ilk rəqəmlərini qaralamışdır.

19. Hər bir halda nəzərə alınmalıdır ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanılmış, cavabdeh mebel yığılması xidməti göstərmək qarşılığında iddiaçıdan pul almış, lakin qarşılığında nə bir iş görmüş, nə də iddiaçının pulunu qaytarmışdır. Bununla da cavabdeh iddiaçı qarşısında podrat müqaviləsi üzrə götürdüyü öhdəliyini pozmuşdur.

20. Məhkəmə şahid ifadələrinə münasibətdə bildirir ki, məhkəmə iclasında ifadəsi dinlənilən şahidlərin heç biri iddiaçi İddiaçı məhz Cavabdeh1 məhz 2600 manat məbləğdə pul verdiyinə şahid olmamışlar. Hər iki şahid ümumi şəkildə bildirmişdir ki, onlar İddiaçı tapşırığı ilə evdə təmir işləri görmüşlər və həmin vaxt “balaca boy bir oğlan” gələrək evdə müəyyən ölçü işləri aparmış, mebellərin yerləşdiriləcəyi yerlərdə görülməli işlərlə bağlı onlara müəyyən tapşırıqlar verib getmiş, lakin heç bir iş görməmişdir. Onlar, həmçinin iddiaçının həmin şəxsə məbləğini bilmədikləri pul verdiyinə də şahid olmuşlar.

21. Göründüyü kimi dindirilmiş şahidlərin heç biri evə gəlib mebel düzəltmək üçün ölçü işləri aparan, onlara tapşırıqlar verib, iddiaçıdan pul alan bu “balaca boy oğlan”ın adını belə bilmirlər. Bununla belə nəzərə alınmalıdır ki, bu şahidlər iddiaçının iddiasını əsaslandırarkən istinad etdiyi əsas hadisələrə - mebel yığdırmaq üçün sifariş verməsi, sifariş verdiyi şəxsin gəlib evdə müəyyən ölçü işləri aparması, iddiaçıdan mebel işi üçün pul alması, lakin heç bir iş görməməsi – şahid olmuşlar. Digər tərəfdən, iş üzrə mötəbər sübut əhəmiyyəti daşımasa da “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh1 qeydə alınmış boy ölçüsü 155 sm-dir.

22. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 İddiaçı ilə şifahi podrat müqaviləsi bağlamış, mebel yığılması işi görmək üçün iddiaçıdan 2600 manat məbləğində pul almış, qarşılığında heç bir iş görməmiş, bununla da podrat müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Odur ki, cavabdeh görmədiyi işin qarşılığında aldığı 2600 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır.

Məhkəmə xərcləri.

23. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 70 manat məbləğində dövlət rüsumu və 150 manat məbləğində vəkil üçün ödənilmiş xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 2600 (iki min altı yüz) manat məbləğində pul, 150 (yüz əlli) manat məbləğində hüquqi yardım üçün vəkil xərci və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 238-253, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh1 2600 (iki min altı yüz) manat məbləğində pul, 150 (yüz əlli) manat məbləğində hüquqi yardım üçün vəkil xərci və ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar