Məhkəmə qərarları › İş №e-2(010)-4111/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4111/2023

26.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4111/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra mətndə İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 127814-1-16681/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 7130,50 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 20 avqust 2019-cu il tarixli, 127814-1-16681/1 saylı“Nağd pul krediti müqaviləsi”nə əsasən 2570,63 manat məbləğində əsas borc, 3,88 manat məbləğində faiz üzrə borcu, 0,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2574,51 manat borcu vardır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019cu il tarixli, 127814-1-12207/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 752,35 manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür.

2. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-nə 20 avqust 2019-cu il tarixli, 127814-1-12207/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 269,85 manat məbləğində əsas borc, 0,84 manat məbləğində faiz üzrə borcu, 0,00 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 270,69 manat borcu vardır.

3. xx.xx.2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh banka olan borcun 3 iş günü müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

4. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 48,45 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

5. İddiaçı ASC ilə Cavabdeh arasında 20 avqust 2019-cu il tarixli kredit müqavilələrinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

6. İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 127814-1-16681/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 iyul 2023-ci il tarixə cavabdehin Banka 2570,63 manat məbləğində əsas borc, 3,88 manat məbləğində faiz borcu, ümumilikdə isə 2574,51 manat məbləğinin; 20 avqust 2019-cu il tarixli, 127814-1-12207/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 18 iyul 2023-ci il tarixə cavabdehin Banka 269,85 manat məbləğində əsas borc, 0,84 manat məbləğində faiz borcu, ümumilikdə isə 270,69 manat pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 48,45 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

7. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və Bank ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 127814-1-16681/1 saylı“Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) aymüddətinə 7.130,50 (yeddi min bir yüz otuz manat əlli qəpik) AZN manat məbləğində kredit verilmişdir. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini 27 mart 2023-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.570,63 (iki min beş yüz yetmiş manat, 63) manat məbləğində əsas borc, 3.88 (üç manat, 88) manat məbləğində faiz borcu, ümumilikdə isə 2.574,51 (iki min beş yüz yetmiş dörd manat, 51) AZN manat məbləğində borcu qalmışdır. Eyni zamanda, Bank ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 127814-1-12207/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) aymüddətinə 752.35 (yeddi yüz əlli iki manat otuz beş qəpik) AZN manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini20 aprel 2023-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 269.85 (iki yüz altmış doqquz manat, 85) manat məbləğində əsas borc, 0.84 (səksən dörd qəpik) AZN manat məbləğində faiz borcu, ümumilikdə isə 270.69 (iki yüz yetmiş manat, 69) AZN manat məbləğində borcu qalmışdır.

Tətbiq edilən hüquq

8. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

Məhkəmənin mövqeyi

10. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

11. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

12. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən 20 avqust 2019-cu il tarixli, 127814-1-16681/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 2570,63 manat məbləğində əsas borc, 3,88 manat məbləğində faiz borcu, ümumilikdə isə 2574,51 manat; 20 avqust 2019-cu il tarixli, 127814-1-12207/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 269,85 manat məbləğində əsas borc, 0,84 manat məbləğində faiz borcu, ümumilikdə 270,69 manat, hər iki müqavilə üzrə cəmi 2845,20 manat borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,45 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 20 avqust 2019-cu il tarixli, 127814-1-16681/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 2570,63 manat məbləğində əsas borc, 3,88 manat məbləğində faiz borcu, ümumilikdə isə 2574,51 manat; 20 avqust 2019-cu il tarixli, 127814-1-12207/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 269,85 manat məbləğində əsas borc, 0,84 manat məbləğində faiz borcu, ümumilikdə 270,69 manat, hər iki müqavilə üzrə cəmi 2845,20 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdeh 20 avqust 2019-cu il tarixli, 127814-1-16681/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 2570,63 manat məbləğində əsas borc, 3,88 manat məbləğində faiz borcu, ümumilikdə isə 2574,51 manat, 20 avqust 2019-cu il tarixli, 127814-1-12207/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən 269,85 manat məbləğində əsas borc, 0,84 manat məbləğində faiz borcu, ümumilikdə 270,69 manat, hər iki müqavilə üzrə cəmi 2845,20 (iki min səkkiz yüz qırx beş manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,45 (qırx səkkiz manat qırx beş qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar