Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4120/2023 07.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X4 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “X5” Bakı filialının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən müəyyən olunur ki, “X5” Bakı filialı tərəfindən Cavabdeh2 illik 14% ödəmək şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.
2. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, borcalan Cavabdeh2 xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində əsas borca görə 5000 manat, faiz borcuna görə 1151,94 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.
3. “X5” Bakı filialı tərəfindən tərtib olunan xx.xx.2022-ci il tarixli xəzinə məxaric orderindən görünür ki, Cavabdeh2 5000 manat məbləğində kredit verilmişdir.
4. Borcverən “X5” Bakı filialı, zamin Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 446 saylı və zamin Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 447 saylı zaminlik müqavilələrindən müəyyən olunur ki, zaminlər Cavabdeh1 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürmüşlər.
5. “X5” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixə əsas borca görə 4061,90 manat və faiz borcuna görə 411,84 manat olmaqla, cəmi 4473,74 manat borcu yaranmışdır.
6. “X5” Bakı Filialının Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ünvanladığı xx.xx.2023-cü il tarixli, bildirişlərdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.
7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X5” Bakı filialı tərəfindən məhkəməyə ərizə verilərkən 63,03 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İddia tələbi.
8. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 4302,94 manat (bundan 4061,90 manat əsas borc və 241,04 manat faiz borcu təşkil edir) məbləğində xx.xx.2023-cü il tarixinə olan kredit borcunun və ödənilmiş 63,03 manat dövlət rüsumunun tutularaq “X5” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı məhkəməyə iddia tələbi üzrə həcmin artırılması barədə ərizə təqdim edərək Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 4473,74 manat (bundan 4061,90 manat əsas borc və 411,84 manat faiz borcu təşkil edir) borc və ödənilmiş 63,03 manat dövlət rüsumunun tutularaq “X5” Bakı filialına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “X5” Bakı filialı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2022-ci il tarixli, 404 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya illik kreditdən istifadə haqqı 14% olmaqla 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Həmin tarixdə verilmiş kreditin qaytarılmasının təminatı kimi “X5” Bakı filialı ilə Cavabdeh1 arasında 446 saylı və Cavabdeh3 arasında 447 saylı zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsinin 4.1-ci maddəsinə əsasən Borcalan ssuda hesabında qalıq əmələ gəldiyi gündən 1 ay sonradan başlayaraq ayın həmin günü Banka ssuda borcu ssuda hesabının qalığına hesablanmış faizlər də daxil olmaqla 170,89 manat ödəməli idi. Bu müqavilənin 2.2-ci bəndinə görə Borcalan tərəfindən Kredit müqaviləsinin hər hansı bir şərti pozulduqda Bank verilmiş krediti hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl ödənilməsini tələb etmək hüququ vardır. Müqavilə şərtlərinə uyğun olaraq Borcalan xx.xx.2023-cü il tarixə Banka kredit borcu üzrə 2221,57 manat ödəniş yerinə yetirməli idi. Lakin xx.xx.2023-cü il tarixə kimi Borcalan tərəfindən Banka 1382,00 manat ödəniş həyata keçirilmişdir. Borcalana kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirməsi üçün dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmuşdur. Lakin borcalan kredit borcunu yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit vaxtında ödənilmədikdə gecikdirilmiş hər bir gün üçün, Borcalan Banka illik 24% ödəməlidir. xx.xx.2023-cü il tarixə cavabdehin Banka olan borcu müqavilə şərtlərinə əsasən hesablamış faizlərlə birlikdə 4302,94 manat təşkil edir. Bundan 4061,90 manat əsas borc və 241,04 manat faiz borcu təşkil edir. Zaminlik müqaviləsinin 1.1-ci bəndinə görə borcalan bank qarşısında öz öhdəliyini yerinə yetirənədək Zamin bank qarşısında borcalanla birlikdə məsuliyyət daşıyır. Zaminlik müqaviləsinin 4.1-ci bəndinə görə Borcalan zaminliklə təmin olunmuş öhdəliyi təmin etmədikdə və ya lazımınca icra etmədikdə zamin Bank qarşısında kredit borcu üzrə yaranmış Bankın ilk tələbinə heç bir iddia irəli sürmədən dərhal ödəməyi öz öhdəsinə götürür.
Tərəflərin izahatları.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı “X5” Bakı filialının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
12. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları.
13. İddiaçı “X5” Bakı filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi; Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri üzrə cavabdehlərin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.
Tətbiq edilən hüquq.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
16. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, cavabdehlər kredit müqaviləsi əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliklərini lazımınca icra etməmişlər.
18. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kredit üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır.
19. Məhkəmə eyni zamanda iddia tələbinin digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, Cavabdeh1 və Cavabdeh3 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduqlarından, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun və digər pul tələblərinin ödənilməməsi üçün məsuliyyət daşıyırlar.
20. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla cavabdehlərin müqavilə öhdəliklərini icra etməməsi nəticəsində borc verənə əsas borca görə 4061,90 manat və 411,84 manat faiz borcunun yaranması öz təsdiqini tapdığından iddia tələbi təmin edilərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əsas borca görə 4061,90 manat və faiz borcuna görə 411,84 manat tutulmalıdır
21. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.
Məhkəmə xərcləri.
22. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 63,03 manat dövlət rüsumu ödəmişdir.
23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı “X5” Bakı filialının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 63,03 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.
26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q ə t e t d i:
İddia tələbi təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4061,90 manat əsas və 411,84 manat faiz olmaqla, cəmi 4473,74 (dörd min dörd yüz yetmiş üç manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti; ödənilmiş 63,03 (altmış üç manat üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq “X5” Bakı filialınin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.