Məhkəmə qərarları › İş №e-2(010)-4120/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4120/2024

29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4120/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti (bundan sonra – İddiaçı BOKT ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 4213.49 manat məbləğində əsas borcu, 695.98 manat məbləğində faiz borcu, 272.3 manat məbləğində cərimə borcu, cəmi 5181.77 manat məbləğində borc məbləğinin və 72 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 5253.59 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2023-cü il tarixində "xxxx" BOKT ASC ilə Cavabdeh arasında 01884-23 nömrəli kredit müqaviləsi bağlanmışdır. 12 oktyabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 37% olmaqla 4400 manat məbləğində kredit ayrılmışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 18 ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı kimi qızıl zinət əşyalarının girov qoyulması barədə xx.xx.2023-cü il tarixli, 01884-23/G nömrəli girov müqaviləsi bağlanmışdır. Girov müqaviləsinin 1 saylı əlavəsində qızıl zinət əşyalarının çeşidləri, əyarı və çəkisi göstərilmişdir. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəliklərini tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, lakin cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 23 noyabr 2023-cü il tarixində 330 manat məbləğində ödəniş etmişdir. xx.xx.2023-cü il tarixindən başlayaraq kredit müqaviləsinin şərtlərini qərəzli şəkildə pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini davamlı olaraq gecikdirmişdir. Gecikmələr səbəbi ilə 272.3 manat cərimə hesablanmışdır. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər olan borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdeh şəxsən bildirişlə tanış edilmişdir. "xxxx" ASC-nin 10 avqust 2023-cü il tarixli, 094 saylı əmrinə əsasən baş ofisdə Kredit Departamentində “kredit üzrə baş mütəxəssis” vəzifəsində işləmiş X3 19 dekabr 2023-cü il tarixdə ərizə ilə ASC-yə müraciət edərək işdən azad olunmasını xahiş etmiş və xx.xx.2023-cü il tarixli, 157 saylı əmrlə ərizəsinə əsasən tutuduğu kredit üzrə baş mütəxəssis vəzifəsindən azad edilmişdir. "xxxx" ASC-nin dekabr ayı üzrə ödənilmiş məbləğlərinin yoxlanılması zamanı X1 “kreditlərin verilməsinə dair Qaydalar”a zidd olaraq müştərilərin ona qanunsuz olaraq kredit borcunun ödənilməsi üçün verdikləri pul məbləğlərinin müxtəlif yollarla ələ keçirib mənimsəməsi faktı aşkar edilmiş, 25 yanvar 2024-cü il tarixli uyğunsuzluq aktı tərtib edilmişdir. 25 yanvar 2024-cü il tarixli uyğunsuzluq aktına, “Kreditlərin verilməsinə dair Qaydalar”ın pozulmasına və İdarə Heyətinin 25 yanvar 2024-cü il tarixli protokoluna əsasən 25 yanvar 2024-cü il tarixli, 008 saylı Əmr tərtib edilmişdir. Kredit Departamentinin kredit üzrə baş mütəxəssisi Elvin Biyabani barəsində araşdırma aparılarkən o, vəzifəsindən sui-istifadə edərək 01 dekabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək İddiaçı BOKT ASC-yə ziyan vurub qanunsuz olaraq ələ keçirib mənimsəmiş, kredit ödənişləri üzrə aparılan əməliyyat sistemində "xxxx" MMC-nin 25019 saylı terminal hesabından müştərilər tərəfindən kredit borcları üzrə məbləğlərin ödənildiyini qeyd etmiş, lakin həmin tarixlərdə İddiaçı BOKT ASC-nin hesabında qeyd edilən ödənişlərin olmadığı aşkar edilmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında 4400 manat kreditin verilməsinə dair bağlanmış FN/01884-23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3978 manat ödənişin xx.xx.2023-cü il tarixdə 25019 saylı hesabdan iddiaçının hesabına ödənilmədiyi müəyyən edilmişdir. Sonradan 25019 saylı terminal hesabından müştərilərin kredit borclarına yönəltdiyi məbləğlərin həmin müştərilərin kreditləri üzrə qalıq borclarının bərpa edilərək səhvlərə düzəliş edilməsi, adları qeyd edilmiş müştərilərin əməliyyatlarının geri qaytarılması barədə 25 yanvar 2024-cü il tarixli, 008 saylı Əmr tərtib edilmişdir. Bundan sonra E.Biyabani barəsində Xaçmaz rayon Polis İdarəsinə və Prokuroluq orqanlarına şikayətlə müraciət edilmişdir. Hal-hazırda istintaq hərəkətləri davam etdirilir və təhqiqat işi Bakı şəhəri Nəsimi rayon Prokurorluğunda araşdırılır. Hazırkı iddia üzrə cavabdeh uyğunsuzluq aktında adı qeyd edilən şəxslərdən olduğu üçün sistem üzrə cavabdehin adına borc məbləği qeyd olunur. Belə ki E.Biyabani sistem üzrə ilk kredit üzrə borcun ödənildiyini qeyd etdiyi üçün girov cavabdehə qaytarılmışdır. Cavabdehin iddiaçıya xx.xx.2023-cü il tarixli, 01884-23 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixinə olan borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ: 4213.49 manat, əsas məbləğə hesablanmış faizlər: 695.98 manat, cərimə: 272,3 manat, cəmi: 5181.77 manat. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə sonuncu dəfə noyabr ayında 330 manat məbləğində ödəniş etmiş və elə noyabr ayında da borcu bütövlükdə bağlamışdır. Borcu bağladıqdan sonra iddiaçı tərəfindən ona zəng edilmiş və borcu ödəməsi tələb edilmişdir. Lakin, o, bildirmişdir ki, şirkətə yaxınlaşaraq borcu tam ödəmişdir və kameraları açıb yoxlaya bilərlər. İddiaçıdan həmin borcu 1-2 aylıq götürsə də, sonradan borcunu ödəmişdir. Həmin vaxt körpə uşağa qulluq edilməsi ilə bağlı işdən çıxa bilməsə də, sonradan işdən icazə alaraq şirkətə yaxınlaşmış və ona bildirilmişdir ki, narahat olmasın, bu barədə araşdırma aparılır və onlara məlumdur ki, həqiqətən də borclu kimi onun günahı yoxdur. O, həmçinin iddiaçı şirkətə girov kimi qoyduğu qızılları da geri götürmüşdür. İddiaçıdan borcun olmamasına dair arayış tələb etsə də, həmin arayış ona təqdim edilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı BOKT ASC (Kredit verən) və Cavabdeh (Kredit alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış FN/01884-23 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Kredit verən” şəxsi istehlak məqsədilə 4400 manat məbləğində krediti 18 ay müddətinə, illik 37% ödənilmək şərtilə “Kredit alan”ın mülkiyyətinə verir, “Kredit alan” isə verilmiş krediti qəbul etməyi, kreditdən yalnız bu müqavilə ilə müəyyən olunan məqsədlər üçün istifadə etməyi, habelə girov predmetini “Kredit verən”in xeyrinə girov qoymağı, bu müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti “Kredit verən”ə qaytarmağı, dəbbə pulu üzrə hesablanmış faizləri, habelə “Kredit verən”in xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarını “Kredit verən”ə ödəməyi öhdəsinə götürür. İddiaçı BOKT ASC (Girov saxlayan) və Cavabdeh (Girov qoyan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış FN/01884-23/G nömrəli girov müqaviləsindən müəyyən olunur ki, “Girov qoyan” xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ümumi dəyəri 6284 manat məbləğində girov predmetini (qızıl-zinət əşyaları) “Girov saxlayan” qarşısında girov ilə yüklü edir. xx.xx.2023-cü il tarixdə bağlanmış FN/01884-23 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2023 – xx.xx.2025-ci il tarixləri arasında hər ay 322.18 manat (sonuncu ay 322.09 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı BOKT ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş uyğunsuzluq aktından müəyyən olunur ki, "xxxx" MMC-nin terminalı vasitəsilə dekabr ayı üzrə mədaxil edilən ödənişlərin siyahısı İddiaçı BOKT ASC-nin müvafiq dövr üçün balansının 25019 saylı hesabı ilə üzləşdirilmiş və ümumilikdə 24878.10 manat məbləğin terminaldan İddiaçı BOKT ASC-nin müştəriləri tərəfindən ödənilməməsi aşkar edilmiş, həmin məbləğin ödənişlərini Kredit Departamentinin baş mütəxəssisi olmuş X3 “Kreditlərin verilməsinə dair Qaydalar”a zidd olaraq İddiaçı BOKT ASC-nin 25019 saylı hesabdan aktda adı qeyd olunan müştərilərinin (Cavabdeh xx.xx.2023-cü il tarixdə 3978 manat) kredit borclarına yönəltməmiş, nəticədə X3 öz vəzifə öhdəliklərindən istifadə edərək həmin məbləğdə vəsaiti mənimsəməsi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə İddiaçı BOKT ASC-yə 4213.49 manat əsas, 695.98 manat faiz və 272.3 manat cərimə olmaqla, cəmi 5181.77 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixli, FN/01884-23 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024cü il tarixə ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş və həmin borcun 7 gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Müvafiq bildirişin qəbul edilməsinə dair poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2024-cü il tarixli, **********52 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 73 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilərMaddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, tərəflərin izahatını, işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən olunur ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və cavabdehə məxsus qızıl-zinət əşyaları müqavilənin icrasının təmini üsulu kimi girov qoyulmuşdur. İddiaçı cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin tam şəkildə icra olunmadığını bildirsə də, girov predmeti olan əşyalar cavabdehə geri qaytarılmışdır. Tərəflər arasında bağlanmış girov müqaviləsinin 5.1.2-ci maddəsinə əsasən əsas öhdəliyin və ya onun bir hissəsinin icra olunmaması girov saxlayana, yəni iddiaçıya tələbi birbaşa girov predmetinə yönəltmək imkanı vermişdir. Hazırkı halda isə iddiaçı ilə əmək müqaviləsi əsasında işləyən işçi Elvin Biyabani cavabdeh tərəfindən ödənilmiş ödənişi qəbul edib iddiaçıya məxsus qızılları girovdan azad edərək onun özünə qaytarmasına baxmayaraq, cavabdehin ödədiyi həmin ödənişi mənimsəyərək onu borclular siyahısından çıxarmalı olduğu halda bunu etməmiş, iddiaçı da bu halı müəyyən edərək, onun barəsində cinayət işinin başlanması üçün müvafiq orqana müraciət etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh borclu qismində kredit müqaviləsi üzrə yaranmış borcunu kreditorun nümayəndəsi vasitəsilə kreditora qaytarmış və bununla da müqavilə üzrə öz üzərinə düşən öhdəliyini tam yerinə yetirmişdir. İddiaçı cəmiyyətdə çalışan əməkdaşın həmin məbləği mənimsəməsi və cəmiyyətin hesabına köçürməməsi cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyi nəticəsinə gəlməyə əsas vermir. Bu səbəbdən iddiaçı həmin məbləği cavabdehdən tələb etməkdə haqlı olmamışdır. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 73 (yetmiş üç) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar