Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4127/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi xx.xx.1983-cü il təvəllüdlü Cavabdeh tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 1980 (min doqquz yüz səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat cərimə borcu və 43 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2323 (iki min üç yüz iyirmi üç) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi. Hazırki iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1 Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1 Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2 Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə poçt vasitəsi ilə “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququ, eləcə də digər prosessual hüquq və vəzifələrin izahı haqqında bildiriş və iddia ərizəsinin surəti göndərilmiş, lakin bugünə kimi cavabdehin iddia ərizəsinə etirazı məhkəməyə daxil olmamışdır. Qeyd edilənləri, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq, məhkəmə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. İddia tələbinin dəlilləri Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 25 fevral 2019-cu il tarixli nisyə alqı-atqı müqaviləsi bağlayıb. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 2438 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 1980 manat borcu qalıb. Qeyd edilən nisyə alqı-atqı müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Odur ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 25.542 (iyirmi beş min beş yüz qırx ii) manat cərimə borcu yaranıb (1980 manat x 1290 gün x 1%=25.542 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 300 (üç yüz) manat məbləğində tələb edir. Cavabdeh tərəflər arasında bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən 1980 (min doqquz yüz səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat cərimə borcu və 43 manat ödənilmiş dövlət rüsumunun, cəmi 2323 (iki min üç yüz iyirmi üç) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. İş materiallarına əlavə edilmiş: 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən İddiaçı MMC- dəyəri 2438 manat olan məişət avadanlığını Cavabdeh verməyi, Cavabdeh isə bunun müqabilində 12 ay müddətinə ayda 165 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, borclu Cavabdeh İddiaçı MMC-yə 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1980 manat məbləğində borcu vardır. Tətbiq olunan hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1 Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2 Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. 600.4 Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1 Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 427.3 Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilə ilə iddiaçı alqı-satqı qiyməti 2438 manat olan özünə məxsus məişət avadanlığını Cavabdeh vermiş, 12 ay müddətinə ayda 165 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əsasən məhkəmə müəyyən edir ki, cavabdehin 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1980 (min doqquz yüz səksən) manat əsas borc, müqavilə üzrə hesablanmış 300 (üç yüz) manat cərimə borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə cavabdehə xəbərdarlıq edilmiş, lakin bundan sonra da cavabdeh müqavilə şərtlərini lazımınca icra etməmiş və iddiaçıya ödənilməli olan vəsaiti müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh alqı-satqı müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etmədiyindən iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə sözü gedən normanı rəhbər tutaraq 25 fevral 2019-cu il tarixli müqavilə üzrə cərimə borcunun 150 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1980 manat əsas, 150 manat cərimə olmaqla, ümumilikdə 2130 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hisssədə təmin edilməməlidir.
Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 43 manat məbləğdə pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 25 fevral 2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1980 (bir min doqquz yüz səksən) manat əsas, 150 (bir yüz əlli) manat cərimə və ödənilmiş dövlət rüsumuna görə 43 (qırx üç) manat olmaqla, cəmi 2173 (iki min bir yüz yetmiş üç) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova