Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4135/2024 29.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı QSC) Cavabdeh qarşı borcun tutulması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit razılaşması üzrə 7305.45 manat məbləğində kredit borcu, 638.08 manat məbləğində faiz borcu və 120.62 manat məbləğində cərimə olmaqla, cəmi 8064.15 manat, xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə 199.97 manat məbləğində kredit borcu , 23.92 manat məbləğində faiz borcu və 7.22 manat məbləğində cərimə olmaqla, ümumilikdə iki kredit razılaşması üzrə 8295.26 manat məbləğində borcun və ödənilmiş 102.96 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 014A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7900 manat məbləğində kredit verilmişdir. Bundan başqa, xx.xx.2023-cü il tarixdə bağladığı 014KK**********01 saylı kart kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla 36 ay müddətinə kart kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200 manat məbləğində kredit verilmişdir. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pоzaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 594.55 manat ödəniş etmiş və оnun iddiaçıya 7305.45 manat məbləğində kredit bоrcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. O, kredit bоrcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 102 gün üçün hesablanmış faiz borcu 638.08 manat təşkil edir. 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 183 gün üçün hesablanmış faiz borcu 23.92 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun оlaraq bоrclu ödəniş planı üzrə krediti və оna hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 102 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 120.62 manat təşkil edir. 014KK**********01 saylı kart kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 183 gün üçün hesablanmış cərimə 7.22 manat təşkil edir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiklərini, məhkəməyə müraciət edildikdən sonra cavabdeh tərəfindən 158 manat məbləğində ödəniş edildiyini və həmin ödənişin xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit müqaviləsi üzrə əsas borcdan silindiyini bildirmiş və məhkəmədən baxış iclasının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2023-cü il tarixli ərizədən müəyyən olunur ki, Cavabdeh bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, “Tariflər və Valyuta Məzənnəsi” ilə tanış olmuş və onları qəbul etmiş, həmin ərizəni imzalamaqla bankdan ona istehlak məqsədilə, 48 ay müddətinə, illik 23% ödənilmək şərtilə, 7900 manat məbləğində kredit verilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit razılaşması üzrə ödəniş planından müəyyən olunur ki, kredit razılaşması üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2023 – xx.xx.2027-ci il tarixləri arasında hər ay 255 manat (sonuncu ay 235.05 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı QSC (Bank) və Cavabdeh (Kredit alan) arasında xx.xx.2023-cü il tarixdə bağlanmış 014KK**********01 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Bank” “Kredit alan”a aylıq faiz dərəcəsi 2.1667% olmaqla, 36 ay müddətinə 200 manat məbləğində kredit limiti açır. Kredit limiti “Kredit alan”ın müqavilə üzrə və onun qüvvədə olduğu müddətdə istənilən ana “Bank” qarşısında faizlər nəzərə alınmadan maksimum borcalma həddidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli “X2 Cards” kartı üzrə həmin tarixə 199.97 manat əsas borc, 23.92 manat faiz borcu, 7.22 manat cərimə borcu olmaqla, ümumilikdə 231.11 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli, OUT-2024/10/29-4 nömrəli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı QSC-nin müştərisi olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit razılaşması üzrə həmin tarixə 7147.45 manat əsas borc, 1333.09 manat faiz borcu və 200.4 manat cərimə borcu olmaqla, ümumilikdə 8680.94 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktublarından müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli kredit razılaşmaları üzrə xx.xx.2024-cü il tarixinə yaranmış borc məbləği barədə məlumat verilmiş və həmin məbləğin xx.xx.2024-cü il tarixinədək qaytarılmadığı təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 102.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda - 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İş materiallarından görünür ki, tərəflər arasında kredit müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə araşdırması zamanı müəyyən olundur ki, Cavabdeh ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixli, 014A********** saylı kredit müqaviləsi əsasında iddiaçı bank tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 48 ay müddətinə 7900 manat məbləğində kredit verilmişdir. Bundan əlavə, tərərflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 014KK**********01 saylı kart kredit müqaviləsi əsasında iddiaçı cavabdehə aylıq faiz dərəcəsi 2.1667 % оlmaqla 36 ay müddətinə 200 manat məbləğində kredit verilmişdir. Mülki iş məhkəmə icraatında olan müddət ərzində cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə müəyyən ödənişlər etmiş, hazırda isə yekun olaraq xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli “X2 Cards” kartı üzrə 199.97 manat əsas borc, 23.92 manat faiz borcu, 7.22 manat cərimə borcu olmaqla, ümumilikdə 231.11 manat məbləğində borcu, xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit razılaşması üzrə 7147.45 manat əsas borc, 638.08 manat faiz borcu və 120.62 manat cərimə borcu olmaqla, ümumilikdə 7906.15 manat məbləğində borcu vardır. Cavabdeh məhkəmə prosesi barədə lazımı qaydada məlumatlandırılmış, o məhkəmə iclaslarına gəlməyərək həmin halların əksini təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Dəbbə puluna münasibətdə məhkəmə qeyd edir ki, AR MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi, dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da, AR MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı iş üzrə iddiaçının müqavilələr üzrə tələb etdiyi cərimə məbləğlərini məhkəmə tənasübsüz yüksək hesab etmir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 102.96 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (8137.26 manat) mütənasib olan hissəsi (101.37 manat) Cavabdeh tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit razılaşması üzrə 7147.45 manat əsas borc, 638.08 manat faiz borcu və 120.62 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə 199.97 manat əsas borc, 23.92 manat faiz borcu və 7.22 manat cərimə borcu olmaqla, cəmi 8137.26 manat məbləğində borc və ödənilmiş 101.37 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 014A********** nömrəli kredit razılaşması üzrə 7147.45 (yeddi min yüz qırx yeddi manat qırx beş qəpik) manat əsas borc, 638.08 (altı yüz otuz səkkiz manat səkkiz qəpik) manat faiz borcu və 120.62 (yüz iyirmi manat altmış iki qəpik) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli, 014KK**********01 nömrəli kredit müqaviləsi üzrə 199.97 (yüz doxsan doqquz manat doxsan yeddi qəpik) manat əsas borc, 23.92 (iyirmi üç manat doxsan iki qəpik) manat faiz borcu və 7.22 (yeddi manat iyirmi iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 8137.26 (səkkiz min yüz otuz yeddi manat iyirmi altı qəpik) manat məbləğində borc və ödənilmiş 101.37 (yüz bir manat otuz yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-4135/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4135/2024
29.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver