Məhkəmə qərarları › İş №e-2(010)-4138/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4138/2025

05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4138/2025 05.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbala qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 13947.13 manat məbləğində kredit bоrcu, 1165.43 manat məbləğində faiz bоrcu və 273.37 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 15385.93 (on beş min üç yüz səksən beş manat doxsan üç qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 136.16 manat məbləğində dövlət rüsumun tutulması. İddia tələbinin dəlilləri X9 İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X9 aylıq faiz dərəcəsi 1.5833% оlmaqla 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 19000 (on doqquz min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 002A**********S saylısazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2025-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 5052.87 manat ödəniş etmiş və оnun iddiaçıya 13947.13 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 140 gün üçün hesablanmış faiz borcu 1165.43 manat təşkil edir. Bundan əlavə cavabdeh X6vəfat etdiyi İddiaçı QSCyə məlum olduğundan notariat ofislərinə müvafiq sorğular verilmiş və Bakı şəhəri 34 saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli, x/o 180 saylı cavab məktubu ilə Bakı şəhəri 34 saylı Notariat ofisinə vərəsələr Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X7 (miras payından imtina etmiş) müraciəti əsasında X8 dair xx.xx.2025-ci il tarixdə vərəsəlik işi açılmış, lakin, 6 ay müddət tamam olmadığından vərəsələrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmədiyi məlum olmuşdur. Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 miras əmlakını qəbul etdiklərindən onlar X6 vərəsələri hesab edilir. X6 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia ərizəsini müdafiə edir və təmin edilməsini xahiş edir. Cavabdehlərə məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh1 əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında bildirmişdir ki, o, övladları ilə qaynının evində yaşayır. Maddi vəziyyəti ağırdır. Oğlu Həsən xəstədir, 1-ci qrup əlil olduğu üçün pensiya alır, 15 yaşı var. Qızı Mədinənin 17 yaşı var, ödənişli əsaslarla universitetdə təhsil alır. Aldığı maaş azdır. X5 ilə birgə nikah dövründə heç bir əmlak əldə etməmişlər. Miras olaraq banka girov qoyulmuş qızıl-zinət əşyalarını qəbul edib. Həmin əşyaları övladlarının adından o qəbul etmişdir. İş materialları İddiaçı QSC ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, X9 İddiaçı QSC -yə 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5833% ilə hesablanmaqla, 19000 manat məbləğində kredit borcunun qaytarılmasını öz üzərinə götürmüşdür. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş- X6 vərəsəsi bunlardır: ünvan 1 ünvanında qeydiyyatda olan arvadı- Cavabdeh1, uşaqları Cavabdeh2 və Cavabdeh3dır. Şəhadətnamə verilən miras əmlak – "xxxx" ASC-nin Nizami Filialının xx.xx.2025-ci il tarixli RB-02/1014 saylı məktubuna əsasən X8 məxsus olan bazar dəyəri 3767.18 manat olan 22.5 qram qızıl-zinət əşyalarından ibarətdir. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı QSC ilə X9 arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 48 ay müddətinə aylıq ödəmək şərtilə 19000 manat məbləğində kredit verilmişdir. X9 vəfat etmiş, vərəsələri Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdən sonra hesablanacaq fazi və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət olunacağına dair xəbərdar edilmişlər. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, X6 iddiaçı banka əsas borca görə 13947.13 manat, faiz borcu üzrə 1165.43 manat, cərimə borcu 273.37 manat məbləğində borcu vardır. İşin faktiki halları X3 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Cavabdeh1 X2 arvadı, Cavabdeh3 və Cavabdeh2 isə övladlarıdır. X1 dəyəri 3767.18 manat olan 22.5 qram qızıl-zinət əşyaları miras qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1245. Mirasın nümayəndə vasitəsilə qəbul edilməsi Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 31. Ər-arvadın əmlakının qanuni rejimi anlayışı. 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. 31.2. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Maddə 32. Ər-arvadın birgə mülkiyyəti. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, iddiaçı bankla cavabdehin əri mərhum Ceyhun Bayramov arasında xx.xx.2023-cü il tarixində kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı QSC onun sərəncamına 19000 manat məbləğində pul vəsaiti vermiş, Ceyhun Bayramov isə həmin pul vəsaitini aylıq 1.5833 faiz dərəcəsi ilə hesablanmaqla, 48 ay müddətinə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Ceyhun Bayramov xx.xx.2024-cü il tarixində vəfat etmiş, iddiaçı banka 15385.93 manat məbləğində borcunu ödəməmişdir. Hazırda İddiaçı QSC mərhumun öhdəliyinin onun mirasını qəbul etmiş vərəsələri tərəfindən icra olunmasını tələb edir. Cavabdehlər isə iddia tələbini qəbul etmir və iddia tələbinə etirazını onunla əsaslandırır ki, ərindən miras kimi ona bazar dəyəri 3767.18 manat olan 22.5 qram qızılzinət əşyaları qalmışdır. Məhkəmə hazırki iddia tələbi ilə bağlı ilk növbədə onu qeyd edir ki, iddiaçı Bank mərhum borcalanla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirsə də, borcalanın müqavilə öhdəliyi yerinə yetirilmədən qalmışdır. Nəzərə alınmalıdır ki, borclunun ölümü onun bank qarşısında kredit öhdəliklərinin xitamına səbəb olmur. Belə ki, yuxarıda istinad edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında da qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, sözügedən kredit müqaviləsi üzrə ödənilməmiş hissə 15385.93 manat təşkil edir. Vərəsənin mərhumun kreditoru (iddiaçı Bank) qarşısında məsuliyyətinin həddi ilə bağlı qeyd edilməlidir ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Hazırkı işdən görünür ki, mərhum Ceyhun Bayramovdan vərəsələrinə bazar dəyəri 3767.18 manat olan 22.5 qram qızıl-zinət əşyaları miras qalmış, yəni cavabdehlər həmin qızıl zinət əşyalarını öz aktivinə qəbul etmişdir. Belə olan halda vərəsə-cavabdehlər X1 iddiaçı Banka olan borcun tam həcminə görə mirasdan əldə etdiyi paya, yəni alınmış olan aktivin dəyərinə mütənasib məsuliyyət daşımalıdır. Məhkəmə qeyd edir ki, cavabdehlərdən Cavabdeh2 yaşına görə prosessual statusa malik deyil. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, miras əmlak həmin şəxsin qanuni nümayəndəsi olan anası Cavabdeh1 tərəfindən qəbul edilmişdir. Belə olan halda məhkəmə o qənaətə gəlir ki, Cavabdeh2 atası Ceyhun Bayramovdan qalmış mirasdan əldə etdiyi aktivin dəyərinə mütənasib məsuliyyəti qanuni nümayəndəsi olan anası Cavabdeh1 daşımalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, X2 vərəsəsi cavabdehlər Cavabdeh1 (Cavabdeh2 qanuni nümayəndəsi) və Cavabdeh3 əldə edilmiş aktivin dəyərinə mütənasib qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 3767.18 (üç min yeddi yüz altmış yeddi manat on səkkiz qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumuna görə 57.67 (əlli yeddi manat altmış yeddi qəpik) manat məbləğdə pul vəsaiti cavabdehlərdən alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X2 vərəsələri cavabdehlər Cavabdeh1 (Cavabdeh2 qanuni nümayəndəsi) və Cavabdeh3 alınmış olan aktivin dəyərinə mütənasib qaydada xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 3767.18 (üç min yeddi yüz altmış yeddi manat on səkkiz qəpik) manat, ödənilmiş dövlət rüsumuna görə 57.67 (əlli yeddi manat altmış yeddi qəpik) manat olmaqla, cəmi 3824.85 (üç min səkkiz yüz iyirmi dörd manat səksən beş qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar