Məhkəmə qərarları › İş №e-2(010)-415/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-415/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-415/2024 20.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiаçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 490 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 30.4 manat dövlət rüsumunun, ümumilikdə 520.4 manat məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 5118/2023 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırılması.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində, saat 12:10-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış "xxxx" MMC-yə məxsus olan və Cavabdeh tərəfindən idarə edilən “İsuzu NPR66L” yük markalı, 50AE969 dövlət qeydiyyat nişanlı avtomobil “Ford Fusion” minik markalı, 77CG273 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya zərər vurmuşdur. Xəzər rayon DYPŞ-nin TP ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən, X4 yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs olaraq müəyyən edilmiş və barəsində AR İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsinə əsasən inzibati tənbeh növü tətbiq edilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı cavabdeh X4 hadisə yerindən yayındığı üçün şirkətin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. “Azərsığorta” DSKŞ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş sığorta ödənişi ilə bağlı 000682 nömrəli aktdan görünür ki, sığortalı "xxxx" MMC-yə məxsus və Cavabdeh tərəfindən idarə olunan “İsuzu NPR66L” markalı, 50AE969 dövlət qeydiyyat nişanlı avtomobillə “Ford Fusion” markalı, 77CG273 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma nəticəsində sonuncuya vurulan zərərin məbləği 490 manat məbləğində müəyyən edilmişdir.

7. xx.xx.2022-ci il tarixli, 27577 nömrəli ödəniş tapşırığından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X2 490 manat məbləğində sığorta hadisələri üzrə ödəniş təyinatı üzrə köçürmə edilmişdir.

8. “Azərsığorta” DSKŞ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, İCR-00806 nömrəli dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, ehtiyyat hissələri (sağ yan güzgü – 320 manat) və işçilik (170 manat) üçün 490 manat dəyərində zərər hesablanmışdır.

9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrütları barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC-yə məxsus və Cavabdeh tərəfindən etibarnamə əsasında idarə olunan “İsuzu NPR66L” markalı, 50AE969 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən X3 məxsus “Ford Fusion” markalı, 77CG273 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində sonuncuya zərər vurulmuşdur.

10. Bakı şəhəri Xəzər rayon DYPŞ-nin polis leytenantı X6 tərəfindən tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2021-ci il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixdə, saat 12:10-da Mərdəkan qəsəbəsi ərazisində “İsuzu NPR66L” yük markalı, 50AE969 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. AR İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh 100 manat məbləğində inzibati cərimə edilmişdir.

11. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş, GS/08-302/2023 nömrəli pretenziyadan görünür ki, subroqasiya qaydasında Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan pul məbləği barədə məlumat verilmiş və 5 gün müddətində həmin məbləğin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı qeyd edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30.4 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

13. xx.xx.2021-ci il tarixində, saat 12:10-da Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində Cavabdeh tərəfindən idarə edilən “İsuzu NPR66L” yük markalı, 50AE969 dövlət qeydiyyat nişanlı avtomobil “Ford Fusion” minik markalı, 77CG273 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya 490 manat məbləğində zərər vurmuşdur.

14. Bakı şəhəri Xəzər rayon DYPŞ-də tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) inzibati xətanın törədilməsində təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. İşin faktiki hallarından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş və başqa bir avtomobilə zərər dəyməsi ilə nəticələnmiş yol nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və onun hadisə yerindən yayındığı müəyyən edilmişdir.

19. Sığorta hadisəsi zamanı sürücünün hadisə yerindən yayınması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 490 manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30.4 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 490 manat məbləğində pul və ödənilmiş 30.4 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 490 (dörd yüz doxsan) manat məbləğində pul və 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar