Məhkəmə qərarları › İş №e-2(010)-4150/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4150/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4150/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki iş materiallarını araşdıraraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod SDQ5FPKH60V İpad Pro 11- İNCH üçün 3132 manat ödənilməmiş hissə, 313,20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********01031 Honor X8B üçün 546,94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, 54,69 manat cərimə ümumilikdə 4070,43 manat borc, 60,71 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod SDQ5FPKH60V İpad Pro 11-İNCH, İmei kod **********01031 Honor X8B almış və nəticədə 4070,43 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3132 manat (18 ay x 174 manat + 0 manat ilkin ödəniş) olan İmei kod SDQ5FPKH60V İpad Pro 11-İNCH üçün ümumilikdə 3445,20 manat olmaqla, ondan 3132 manat ödənilməmiş hissə, güzəşt olunaraq 313,20 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 581,94 manat (18 ay x 32.33 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01031 Honor X8B üçün ümumilikdə 625,23 manat olmaqla, ondan 546,94 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat rüsum, güzəşt olunaraq 54,69 manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 35 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə qanunvericiliyinin tələbini əsas götürərək işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MMC ("ABC") ilə Cavabdeh (Müştəri) arasında bağlanan xx.xx.2024-cü il tarixli, 525244 nömrəli müqaviləyə əsasən "Müştəri" bu Müqavilənin qüvvədə olduğu müddət ərzində, onun üçün "ABC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı\xidmət(lər)i (bundan sonra bu Müqavilənin predmetini təşkil edən istər mal(lar), istərsə də xidmət(lər) Müqavilənin və onun əlavələrinin mətnində təkdə və ya cəmdə olmasından asılı olmayaraq "Mal" adlanacaq) "ABC"yə sifariş verir, "ABC" hənıin "Mal"ı Müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq əlavə(lər)də) göstərilən şərtlərlə Müştəriyə təqdim edir. "Müştəri" isə həmin "Mal"ın dəyərini razılaşdırılmış qaydada "ABC"yə ödəyir. Müştəri' qəbul və bəyan edir ki. ********** mobil nömrəsi onun istifadəsindədir. "Müştəri" həmçinin bu mobil nönırə(lər)dən göndərilən (göndəriləcək) SMS məzmunlarının və məlumatların hər bir halda onun özü tərəfindən göndərilmiş olduğunu qəbul edir və bu halı mübahisələndirmir. Həmin SMS məzmunlar və məlumatlar bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilir. Bu bənddə göstərilən mobü nömrəflərklən verilmiş sifarişlər üzrə bütün məsuliyyəti müştəri daşıyır. "Müştəri", bu Müqavilənin qüvvədə olduğu müddət ərzində əldə etmək istədiyi hər sonrakı Mal' ilə bağlı niyyətini və həmin Mal'ı əldə etmə şərtlərini 2.2-ci bənddə göstərilən mobil nömrə(lər) üzərindən SMS vasitəsi ilə təsdiq edir. "Müştəri"nin təsdiqlədiyi həmin SMS nəticəsində onun 'Mal'ın sifarişi (alışı) ilə bağlı müraciəti ABC tərəfindən icraya yönləndiriləcək. xx.xx.2024-cü il tarixli Əlavədən görünür ki, xx.xx.2024-cü il tarixli 525244 nömrəli müqavilənin bu əlavəsinə əsasən 2569,99 manat məbləğində malı Cavabdeh adına hissəvi ödənişlə sənədləşdirmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2024-ci il tarixində bağlanmış 525244 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya "ABC"-nin əmlakı hesab olunur və "Müştəri" tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam ybrinə yetirildiyi təqdirdə, "Mal"a tam sahiblik hüququ "Müştəri"yə keçir. Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. xx.xx.2024-cü il tarixli bildirişdən və həmin tarixli əşyaların təhvil-təslim aktından görünür ki, xx.xx.2024-cü il tarixli 525244 saylı Müqavilənin bütün şərtləri tam yerinə yetirilənə qədər əşya "ABC"-nin əmlakı hesab olunur və "Müştəri" tərəfindən satıla, bağışlana və hər hansı bir formada üçüncü şəxsə verilə bilməz. Müqavilənin bütün şərtləri tam ybrinə yetirildiyi təqdirdə, "Mal"a tam sahiblik hüququ "Müştəri"yə keçir. Cavabdeh müqavilənin şərtləri ilə tanış olmuş, ona müqavilənin şərtləri pozulduğu təqdirdə baş verəcəklər barədə məlumat verilmiş, həmçinin müqavilədə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişə və akta imza etmişdir. İddiaçı MMC-in xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İmei kod **********01031 HONOR X8B markalı mobil telefonun açılıb-bağlanılması xidmətinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60 manat pul ödənilmişdir. xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcundan 0 manat ödəmiş, 3132 manat əsas borca görə ödənilməmiş məbləğ, 313,20 manat cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcundan 35 manat ödəmiş, 546,94 manat əsas borca görə ödənilməmiş məbləğ, 23,6 manat cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 4070,43 manat məbləğində borcu qalmışdır. xx.xx.2025 /2 il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan borcu və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı həmin müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı bağlanmış alğı-satqı müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən malı borcluya vermişdir. Borclu isə alğı-satqı müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3132 manat və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 546,94 manat məbləğində pul tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda işdən görünür ki, iddiaçı cavabdehdən öhdəliyin vaxtında və lazımınca icra edilməməsinə görə cərimə (dəbbə) tutulmasını xahiş etmişdir. Dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə müvafiq olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Maddənin məzmunundan göründüyü kimi, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər. Mülki Məcəllənin 462.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Beləliklə, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsində borclunun təqsiri olduğu halda kreditor dəbbə pulunun ödənilməsi ilə bağlı tələbi bu hərəkətləri törətmiş şəxsə qarşı irəli sürə bilər. İşdən göründüyü kimi, iddiaçı cavabdehdən xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 313,20 manat məbləğində cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqısatqı müqaviləsi üzrə 54,69 manat məbləğində cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırki vəziyyətdə işin hallarına tam uyğun deyildir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir ki, “digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır”. Məhkəmə hesab edir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehdən öz öhdəliyini lazımınca yerinə yetirməməkdə ifadə olunan ümumi maraqla onların mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunması baxımından xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş cərimənin miqdarının azaldılaraq 155 manat və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 26 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3132 (üç min bir yüz otuz iki) manat məbləğində ödənilməmiş hissə, 155 (bir yüz əlli beş) manat məbləğində cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 546,94 (beş yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində ödənilməmiş hissə, 26 (iyirmi altı) manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 3859,94 (üç min səkkiz yüz əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti və 60,71 (altmış manat yetmiş bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 3132 (üç min bir yüz otuz iki) manat məbləğində ödənilməmiş hissə, 155 (bir yüz əlli beş) manat məbləğində cərimə və xx.xx.2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 546,94 (beş yüz qırx altı manat doxsan dörd qəpik) manat məbləğində ödənilməmiş hissə, 26 (iyirmi altı) manat məbləğində cərimə olmaqla, hər iki müqavilə üzrə ümumilikdə 3859,94 (üç min səkkiz yüz əlli doqquz manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti və 60,71 (altmış manat yetmiş bir qəpik) manat manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar