Məhkəmə qərarları › İş №e-2(010)-4195/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4195/2023

21.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4195/2023 21.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 saylı kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5299884A299 saylı kredit müqaviləsinə əsasən ona 700 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 saylı kredit müqaviləsinə əsasən 3943,80 manat əsas, 682,84 manat faiz olmaqla, cəmi 4626,64 manat borcu, xx.xx.2022-ci il tarixli, BBLK5299884A299 saylı kredit kartına dair müqaviləyə əsasən 491,63 manat əsas; 118,19 manat faiz olmaqla, cəmi 609,82 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir.

İddia tələbi.

2. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 saylı kredit müqaviləsinə əsasən 3943,80 manat əsas, 682,84 manat faiz olmaqla, cəmi 4626,64 manat; xx.xx.2022-ci il tarixli, BBLK5299884A299 saylı kredit kartına dair müqaviləyə əsasən 491,63 manat əsas, 118,19 manat faiz olmaqla, cəmi 609,82 manat məbləğində borcun və ödənilmiş 72,36 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları.

3. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada Cavabdeh məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

5. “Bank” “Kapital Bank ASC”, “müştəri” “Cavabdeh” olmaqla bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh illik 27% ödəmək şərti ilə 35 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.

6. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən və kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 5000 manat məbləğində, 35 ay müddətinə gündəlik tələbat krediti verilməsini xahiş etmiş və kreditin qaytarılması, ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini qeyd etmişdir.

7. xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 nörməli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, borcalan Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövr ərzində əsas borca görə 5000 manat, faiz borcuna görə 2281,98 manat borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür.

8. İddiaçı ASC tərəfindən verilən Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan hesabından çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh hesabına 5000 manat məbləğində kredit mədaxil edilmişdir.

9. “Bank” “Kapital Bank ASC”, “müştəri” “Cavabdeh” olmaqla bağlanmış xx.xx.2022-ci il tarixli, BBLK5299884A299 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2025-ci il tarixədəlk 700 manat məbləğində kredit xətti açılmışdır.

10. Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2022-ci il tarixli ərizədən və kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsindən müəyyən olunur ki, Cavabdeh ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 700 manat məbləğində birkart verilməsini xahiş etmiş və kreditin qaytarılması, ondan istifadəyə görə faizlərin ödəniş mənbəyini aylıq gəlirlərinin təşkil edəcəyini qeyd etmişdir.

11. xx.xx.2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 3943,80 manat, faiz borcuna görə 682,84 manat olmaqla, cəmi 4626,64 manat; xx.xx.2022-ci il tarixli, BBLK5299884A299 saylı kredit kartına dair müqaviləyə əsasən 491,63 manat əsas, 118,19 manat faiz olmaqla, cəmi 609,82 manat məbləğində borcu yaranmışdır.

12. İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli, 16/43492 nömrəli bildirişdən müəyyən olunur ki, bank borcalana kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə borc tələbinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir.

13. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəməyə ərizə verilərkən 72,36 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

14. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 nömrəli və xx.xx.2022-ci il tarixli, BBLK5299884A299 nömrəli kredit müqavilələri üzrə cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

16. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanunu.

Maddə 3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

19. Belə ki, cavabdeh kredit müqavilələri əsasında kredit məbləğini və həmin müqavilələr ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuş, lakin öhdəliyini lazımınca icra etməmişdir.

20. Sadalananlara əsasən məhkəmə hesab edir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin qaytarılmasını tələb etməkdə haqlıdır.

21. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

22. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 72,36 manat dövlət rüsumu ödəmişdir.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

24. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 72,36 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, GTKR5071822A299 nömrəli müqavilə üzrə 3943,80 manat əsas və 682,84 manat faiz; xx.xx.2022-ci il tarixli, BBLK5299884A299 nömrəli müqavilə üzrə 491,63 manat əsas və 118,19 manat faiz olmaqla, cəmi 5236,46 (beş min iki yüz otuz altı manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti; ödənilmiş 72,36 (yetmiş iki manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar