Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4202/2022 21.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh İddiaçı MMC-yə dəymiş 649.35 manat maddi zərərin və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 679.35 manat pulun tutularaq İddiaçınə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı artıq uzun illərdir ki, Bakı şəhərində həm fiziki, həm də hüquqi şəxslərə müxtəlif növ tikinti materiallarının satışı ilə məşğul olur. Həmin fiziki şəxslərdən biri də Cavabdehdur. Cavabdeh İddiaçı MMC-dən 2015-ci ildə müxtəlif növ tikinti materiallarını dəyərini daha sonra ödəmək şərti ilə almışdır. Lakin daha sonra aldığı malların dəyərini ödəməkdən imtina etmişdir. Dəfələrlə xəbərdarlıq edildikdən sonra Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2015-ci il tarixli alınmış malların dəyərini təsdiq edən üzləşmə aktı tərtib olunmuşdur. Həmin üzləşmə aktına əsasən Cavabdeh aldığı tikinti materiallarının dəyəri olan 649.35 manat məbləği ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş və ümumilikdə 649.35 manat dəyərində borcu bu günə qədər ödəməmişdir. Nəticədə İddiaçı MMC-yə maddi zərər dəyməklə yanaşı işgüzar nüfuzuna xələl gətirilmişdir. Cavabdeh tərəf borclu olduğu pulu geri qaytarmağa borcludur. Bu, borclu kimi onun vəzifəsidir.
İşə iddia icraatı qaydasında baxılması.
3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 4202/2022 saylı qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinə etiraz.
4. Cavabdeh X1 iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
İddia tələbinə etirazın əsaslandırıldığı hallar.
5. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən müqavilə tələbləri üzrə verilmiş 3 illik iddia müddəti buraxılmışdır. İş materiallarından görünür ki, tərəflər arasında olan münasibətlər 2015-ci ilə baş vermişdir və artıq həmin müddətdən 7 ildən artıq vaxt keçmişdir. İddia müddətinin ötürüldüyü açıq-aşkardır. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsi barədə qətnamə çıxarması üçün əsasdır. Buna görə də iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Göstərilənlərə əsasən ərizəsini nəzərə alaraq, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsini xahiş etmişdir.
İddia müddətinin tətbiqi.
6. Həmçinin, cavabdeh tərəfindən məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edilmiş, ərizə iddiaya etirazla eyni şəkildə əsaslandırılmışdır.
Tərəflərin izahatı.
7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən iclasın iştirakı olmadan keçirilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, o, fərdi sahibkar kimi tikinti materiallarının satışı ilə məşğul olmuş, 2015-ci ildə iddiaçıdan penoplast götürmüş, bununla bağlı aralarında şifahi müqavilə bağlanmışdır. Həmçinin üzləşmə aktındakı imza da ona məxsusdur. Lakin onun hazırda iddiaçıya heç bir borcu yoxdur. Həmçinin iddiaçı iddia müddətini də ötürmüşdür. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir.
9. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
10. İddiaçı tərtib etdiyi xx.xx.2015-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh İddiaçı MMC-yə 649.35 manat məbləğində borcu vardır.
11. xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcu barədə məlumat verilmiş, borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları.
12. İddiaçı Cavabdeh ilə 2015-ci ildə aralarında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlandığını, bu müqaviləyə əsasən cavabdehin iddiaçıdan tikinti materialları aldığını, lakin aldığı malların pulunu ödəmədiyini iddia edərək, 649.35 manat məbləğində pulu cavabdehən tələb etmişdir. Cavabdeh isə iddiaçı ilə aralarında 2015-ci ildə şifahi formada alqı-satqı müqaviləsi bağlandığını qəbul etsə də, iddiaçıya hazırda borcu olduğunu qəbul etməmiş, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət etmişdir.
Tətbiq edilən hüquq.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 329. Əqdlərin formaları. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 372. İddia müddəti anlayışı. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373. İddia müddətləri. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375. İddia müddətinin tətbiqi. 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Maddə 427. Öhdəliyin icrası müddəti. 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 567. Alğı-satqı müqaviləsi. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
Məhkəmənin mövqeyi.
15. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı MMC və Cavabdeh arasında 2015ci ildə şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə bu müqavilənin bağlanmış olduğu nəticəsinə ona görə gəlir ki, iş üzrə hər iki tərəf 2015-ci ildə aralarında belə bir müqavilə bağlandığını qəbul etmişdir. Həmçinin, iddia ərizəsinə xx.xx.2015-ci il tarixli üzləşmə aktı əlavə edilmişdir. Bu aktın tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi kimi qəbulu mümkün olmasa da cavabdehin də bunu qəbul etdiyi nəzərə alındıqda, onlar arasında həqiqətən şifahi alqı-satqı müqaviləsi bağlanmış olduğu nəticəsinə gəlməyə imkan verir.
16. Bununla belə cavabdeh mübahisəyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir.
17. İddia müddəti ilə bağlı mülki qanunvericiliyin yuxarıda istinad edilmiş normalarından göründüyü kimi iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.
18. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).
19. Məhkəmə ilk növbədə iddiaçının hazırkı iddianı qaldırmağa müvafiq subyektiv hüququnun olub-olmaması ilə bağlı qeyd edir ki, tərəflər arasında şifahi formada nisyə alqı-satqı müqaviləsi bağlandığından müqavilə üzrə alıcı olan cavabdeh tərəfindən müqavilə öhdəlikləri lazımınca icra edilmədiyi halda müqavilə üzrə satıcı olan iddiaçı icra edilməmiş öhdəliyin icrasını (borcun ödənilməsini) cavabdehdən tələb edə bilər, iddiaçının buna subyektiv hüququ vardır.
20. Cavabdeh tərəfindən iddiaçının hüququnun pozulub-pozulmaması ilə bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli üzləşmə aktında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə 649.35 manat borcu var. Bu aktı iş üzrə hər iki tərəf imzalamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh aktı imzaladığını mübahisələndirməsə də hazırda iddiaçıya heç bir borcu olmadığını iddia etmişdir. Bununla belə cavabdeh borcunu ödəməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir.
21. Halbuki mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 14.2 və 77.1). Həmçinin, mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
22. Bu baxımdan məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı MMC-yə 649.35 manat borcu olmuş, lakin borcunu ödəməmiş, bununla da iddiaçının hüquqlarını pozmuşdur.
23. Məhkəmə iddiaçının subyektiv hüququ və cavabdehin onun hüququnu pozubpozmaması ilə bağlı məsələləri araşdırdıqdan sonra qeyd edir ki, Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizə əsaslı olduğundan iddia təmin edilməməlidir.
24. Belə ki, iş üzrə tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsinin 2015-ci ildə bağlandığı qəbul edilsə, bu o deməkdir ki, müqavilənin bağlanmasından iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinədək yeddi il vaxt keçmişdir. Yuxarıda istinad edilmiş mülki qanunvericiliyin normalarından görünür ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır.
25. Nəzərə alınsa ki, hazırkı iş üzrə tərəflər arasında şifahi müqavilə bağlanmışdır və müqavilənin icra müddətini müəyyənləşdirmək mümkün olmamışdır, belə olan halda müqavilə üzrə öhdəliyin Mülki Məcəllənin 427.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə həyata keçirilməli olduğu qəbul edilməlidir. Ona görə ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (Mülki Məcəllə, maddə 600.1).
26. Mülki Məcəllənin yuxarıda istinad edilmiş 427.2-ci maddəsində qeyd edilir ki, əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
27. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh ilə aralarında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyin icrasını dərhal tələb etmək hüququ olmuşdur. Bu isə o deməkdir ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddia müddətinin axımı elə 2015-ci ildən başlamışdır. Buna baxmayaraq, iddiaçı müqavilə tələbləri üzrə müəyyən edilmiş üç illik iddia müddətini ötürərək, 2022-ci ildə hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
28. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin ərizəsi əsasında mübahisəyə iddia müddəti tətbiq edilərək, iddia rədd edilməlidir. Məhkəmə xərcləri.
29. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
30. Məhkəmə qeyd edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırkı iş üzrə iddia təmin edilmədiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
31. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva