Məhkəmə qərarları › İş №e-2(010)-4218/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4218/2024

27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4218/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 vərəsəsi Cavabdeh iddiaçının xeyrinə 205.36 manat əsas, 7.94 manat faiz borcu olmaqla, cəmi 213.3 manat kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları İddiaçı ilə X5 arasında bağlanmış BPM**********15 nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən bank tərəfindən borcluya şəxsi istehlak məqsədi üçün 19 ay müddətinə, illik 20 faiz dərəcəsilə, 2000 manat məbləğində kredit verilmişdir. X1 xx.xx.2023-cü il tarixdə “durğunluq ürək çatışmazlığı” səbəbindən vəfat etmişdir. X3 vərəsəsi kimi arvadı – Cavabdeh tanınmış və o, miras əmlakdan tam hissədə pay almışdır. Miras əmlak Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.15 m2 (yaşayış sahəsi 46.05 m2, yardımçısı sahəsi 27.1 m2), 3 otaqlı mənzildən ibarətdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, X1nun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə 205.36 manat əsas borc və 7.94 manat faiz borcu olmaqla, ümumilikdə 213.3 manat məbləğində borcu vardır. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında xx.xx.2021-ci il tarixli BPM**********15 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 20%-lə, 19 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 316266 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən verilmiş şəhadətnamədən görünür ki, X3 mirası qəbul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 2V-554 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli şəhadətnaməyə əsasən miras əmlak – Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən ibarətdir. Təqdim edilmiş maliyyə arayışına əsasən, X3 xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 205.36 manat əsas, 7.94 manat faiz borcu olmaqla, cəmi 213.3 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehə xx.xx.2024-cü il tarixində 6-2-22/2-25024/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin iddia tələbinə qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər "xxxx" ASC (Borc verən) və X5 (Borc alan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış BPM**********15 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, bu müqaviləyə əsasən “Borc verən” “Borc alan”a 19 ay müddətinə (xx.xx.2023-cü il tarixinədək), 2000 manat məbləğində, kreditdən istifadəyə görə illik 20% ödənilmək şərtilə kredit verməyi, “Borc alan” isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Borc verən”ə ödəməyi, habelə kreditdən şəxsi istehlak məqsədləri üzrə istifadə etməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixdə bağlanmış BPM**********15 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2021 – xx.xx.2023-cü il tarixləri arasında hər ay 123.68 manat (sonuncu ay 123.56 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli, 138 nömrəli maliyyə arayışından müəyyən olunur ki, X3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə iddiaçıya həmin tarixə 205.36 manat ödənilməmiş əsas və 7.94 manat faiz borcu olmaqla, ümumilikdə 213.3 manat məbləğində borcu vardır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı, 316266 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2023-cü il tarixdə “durğunluq ürək çatışmazlığı” səbəbindən ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 136 nömrə ilə qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan arvadı - Cavabdehdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə X4 verilmiş **********43-05101-093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.15 m2 (yaşayış sahəsi 46.05 m2, yardımçısı sahəsi 27.1 m2), 3 otaqlı mənzildən ibarətdir. xx.xx.2024-cü il tarixli 6-2-22/2-25024/2024 saylı bildirişdən (xx.xx.2024-cü il tarixli poçt qəbzi) müəyyən olunur ki, Cavabdeh müqavilə üzrə ödənilməmiş borc məbləği barədə xəbərdar edilmiş, borcun 3 gün müddətində ödənilməyəcəyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materialları ilə təsdiq olunur ki, mərhum X5 ilə iddiaçı arasında xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlanmış, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. X3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə 205.36 manat ödənilməmiş əsas, 7.94 manat faiz borcu olmaqla, ümumilikdə 213.3 manat məbləğində borcu vardır. Borclu vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Cavabdeh onun vərəsəsi olaraq mərhum X2 qalmış mirası notarial qaydada qəbul etmişdir, lakin ona xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdir, halbuki mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsənin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun vərəsəsi Cavabdeh Şəhadətnamə verilən miras əmlakın Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 73.15 m2 (yaşayış sahəsi 46.05 m2, yardımçısı sahəsi 27.1 m2), 3 otaqlı mənzildən ibarət olması müəyyən edilir. Qeyd olunan miras əmlak kreditor qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, o, miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır.

Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X3 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsinə əsasən 205.36 manat əsas borc və 7.94 manat faiz borcu olmaqla, ümumilikdə 213.3 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. X3 vərəsəsi Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********15 nömrəli kredit müqaviləsinə əsasən 205.36 (iki yüz beş manat otuz altı qəpik) manat əsas borc və 7.94 (yeddi manat doxsan dörd qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 213.3 (iki yüz on üç manat otuz qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar