Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4306/2024 10.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – İddiaçı ASC) Cavabdeh qarşı borcun tutulması tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2021-ci il tarixli, 318308-1-21063 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin maliyyələşdirilməsi üzrə kredit müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə borclu olduğu 7671.14 manat məbləğində əsas borc, 782.25 manat məbləğində faiz borcu, 501.95 manat məbləğində cərimə borcu, ümumilikdə isə 8955.34 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 109.55 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 30 mart 2021-ci il tarixli, 318308-1-21063 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin maliyyələşdirilməsi üzrə kredit müqaviləsi” bağlanmış və illik 22% hesablanması şərti ilə 60 ay müddətinə 12450 manat məbləğində kredit borcunun qaytarılmasını cavabdeh üzərinə götürmüşdür. Lakin, borclu şəxs Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 7671.14 manat məbləğində əsas borc, 782.25 manat məbləğində faiz borcu, 501.95 manat məbləğində cərimə borcu, ümumilikdə isə 8955.34 manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “Kredit alan”ın vəzifəsidir. Həmçinin tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən kredit “Kredit alan” tərəfindən icra edildikdən sonra “Bank” tərəfindın “Kredit alan”ın müvafiq cari hesabına köçürülmə yolu ilə verilir. Kredit uçotu “Kredit alan”ın müvafiq ssuda hesabında aparılır. “Kredit alan” müqavilə üzrə ayrılmış kredit vəsaitlərinin “Cari hesabı”ndan “Kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirdi ki, ərizədə qeyd olunan məbləğdə kredit borcunu iddiaçı bankdan götürmüşdür, bu borc onun borcudur və banka ödənilməlidir. Hazırda əsas və faiz borcunu qəbul edir və mübahisələndirmir. Lakin cərimə borcu silinməlidir. Bu günkü günədək 13-14 min manatadək kredit vəsaitini iddiaçı banka qaytarmışdır. Qeyd olunan məbləği ödədikdən sonra müəyyən qədər imkanı olmamış və kredit borcunu ödəyə bilməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2021-ci il tarixli “X3” ödəmə kartının alınması, buraxılışı və bank hesabının açılması haqqında ərizədən müəyyən olunur ki, Cavabdeh bankdan təqdim olunmuş sənədlər əsasında AZ74VTBA**********8308AZN001 hesab nömrəli “X4” kartının rəsmiləşdirilməsini həyata keçirməyi xahiş etmişdir. İddiaçı ASC (Bank) ilə Cavabdeh (Kredit alan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 318308-1-21063 nömrəli kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə kredit müqaviləsindən müəyyən olunur ki, “Bank” “Kredit alan”a 12450 manat məbləğində, 60 ay müddətində, 7460 manat məbləğində kredit öhdəliklərinin yenidən maliyyələşdirilməsi məqsədilə kredit təqdim etməyi, “Kredit alan” isə verilmiş krediti qəbul edib, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditdən istifadəyə görə “Bank”a illik 22% dərəcəsi ilə faiz ödəməyi öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli, 318308-1-21063 nömrəli müqavilənin 1 nömrəli əlavəsi olan ödəniş cədvəlindən müəyyən olunur ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və tərəflər arasında ödənişlərin xx.xx.2021 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 344.15 manat (sonuncu ay 322.23 manat) məbləğində ödənilməsi razılaşdırılmışdır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdehnın İddiaçı ASC-yə 318308-1-21063 saylı, xx.xx.2023-cü il tarixli nağd pul kredit müqaviləsi üzrə həmin tarixə 7671.14 manat əsas borc, 105.85 manat faiz borcu, 501.95 manat cərimə borcu olmaqla, ümumilikdə 8955.34 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli, 3068P nömrəli pretenziyadan müəyyən olunur ki, cavabdehə xx.xx.2024-cü il tarixə xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcunun məbləği (7671.14 manat əsas, 782.25 manat faiz, 501.95 manat cərimə olmaqla, ümumilikdə 8955.34 manat) barədə məlumat verilmiş və həmin borcun 3 (üç) iş günü müddətində ödənilmədiyi təqdirdə borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 109.55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: Maddə 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarı Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yaranmışdır. Belə olan halda həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cabadehin bu davranışı ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Məhkəmə onu da qeyd edir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya 7671.14 manat məbləğində əsas borc, 782.25 manat məbləğində faiz borcunun olması iş materialları ilə öz təsdiqini tapır. Məhkəmə iclasında iştirak edən cavabdeh əsas borcu və faiz borcunu mübahisələndirməmiş, iddia tələbini həmin hissədə etiraf etmişdir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, AR MM-nin 462.1-ci maddəsinin tələbinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Qanunun normasından da məlum olduğu kimi dəbbə pulu borclu tərəfindən icra etməyə borclu olduğu öhdəliyi icra etmədikdə alınır. Dəbbə pulunun miqdarının müəyyən edilməsində tərəflər diskresiyon səlahiyyətə malik olsalar da AR MM-nin 467-ci maddəsi ilə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddənin məzmunundan da göründüyü kimi dəbbə pulunun azaldılması o halda mümkün olur ki, dəbbə pulu öhdəliyin pozulmasının nəticələrinə uyğun gəlmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli qərarinda qeyd olunur ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. “Zvierzinski Polşaya qarşı” 19 iyun 2001-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolun 1-ci maddəsinin (mülkiyyət hüququ) şərhi baxımından qeyd etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli tarazlığa” cavab verməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan xx.xx.2021-ci il tarixli müqavilə üzrə 501.95 manat cərimə pulu tənasübsüz yüksək məbləğ olduğu üçün dəbbə pulu 100 manat hesablanmaqla ödənilməlidir Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 109.55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia qismən təmin edildiyindən məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun iddia tələbinin təmin edilmiş hissəsinə (8553.39 manat) mütənasib olan hissəsi (105.53 manat) X1 tutularaq "xxxx" QSC-yə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 30 mart 2021-ci il tarixli, 318308-1-21063 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə” kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə iddiaçıya borclu olduğu 7671.14 manat məbləğində əsas borc, 782.25 manat məbləğində faiz borcu və 100 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8553.39 manat məbləğində pul və ödənilmiş 105.53 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 30 mart 2021-ci il tarixli, 318308-1- 21063 saylı “Kredit təşkilatlarında olan öhdəliklərin yenidən maliyyələşdirilməsi üzrə” kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə banka borclu olduğu 7671.14 (yeddi min altı yüz yetmiş bir manat on dörd qəpik) manat məbləğində əsas borc, 782.25 (yeddi yüz səksən iki manat iyirmi beş qəpik) manat məbləğində faiz borcu və 100 (yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 8553.39 (səkkiz min beş yüz əlli üç manat otuz doqquz qəpik) manat məbləğində pul və ödənilmiş 105.53 (yüz beş manat əlli üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-4306/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4306/2024
10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver