Məhkəmə qərarları › İş №e-2(010)-4321/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4321/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4321/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən X2 S8 Maxv Ultra üçün 2437.08 manat ödənilməmiş hissə, 243.71 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X3 Fry, Soyuducu Samsung üçün 1775.97 manat ödənilməmiş hissə, 177.60 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, Playstation 5 Slim oyun konsolu, Zəmanət + 3 il ximdəti üçün 1339.24 manat ödənilməmiş hissə, 133.92 manat cərimə ümumilikdə 6107.52 manat borc və 81.08 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən, X2 S8 Maxv Ultra, X3 Fry, Soyuducu Samsung və Playstation 5 Slim oyun konsolu, Zəmanət + 3 il ximdəti almış və nəticədə 6107.52 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" MMC ərizə ilə məhkəməyə müraciət edərək, hazırkı məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdiyini bildirdi.

İş materialları

5. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 3500.8 manat məbləğində X2 S8 Maxv Ultra əldə etmiş və həmin məbləği ilkin ödəniş 367 manat, aylıq 174.1 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

6. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 2688.18 manat məbləğində X3 Fry, Soyuducu Samsung əldə etmiş və həmin məbləği ilkin ödəniş 690 manat, aylıq 111.01 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

7. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilə və ona əlavə olan bildirişdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən kredit yolu ilə ümumi dəyəri 1721.88 manat məbləğində Playstation 5 Slim oyun konsolu, Zəmanət + 3 il xidməti əldə etmiş və həmin məbləği ilkin ödəniş 0 manat, aylıq 95.66 manat olmaqla, 18 ay müddətində "xxxx" MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda məhsul tam və qüsursuz şəkildə Cavabdeh təhvil verilmişdir.

8. xx.xx.2025-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, 2437.08 manat ödənilməmiş hissə, 243.71 manat cərimə, xx.xx.2024cü il tarixli müqaviləsinə əsasən, 1775.97 manat ödənilməmiş hissə, 177.60 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən 1339.24 manat ödənilməmiş hissə, 133.92 manat cərimə olmaqla ümumilikdə 6107.52 manat borcu vardır.

9. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh öhdəliyini 3 iş günü ərzində yerinə yetirmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.

İşin faktiki halları

10. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli müqavilələr əsasında iddiaçı tərəfindən cavabdehə həmin müqavilələrdə nəzərdə tutulan məhsullar təqdim edilmiş və cavabdeh həmin məhsulların dəyərini ödəniş qrafikinə uyğun ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini qeyd edərək iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul edir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

14. Müəyyən edilir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmışdır. Müqavilələrin etibarsızlığına (əhəmiyətsizliyinə) dəlalət edən hər hansı hal yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı tərəf haqlı olaraq müqavilə münasibətlərinə əsaslanmaqla cavabdehə qarşı hazırkı tələbi irəli sürmüşdür.

15. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli nisyə alqı-satqı müqavilələri üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulları cavabdehə təqdim etmişdir. Cavabdeh isə nisyə alqı-satqı müqavilələri əsasında əldə etdiyi həmin məhsullara görə borclu olduğu məbləği ödəniş qrafiklərinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin öhdəliyini icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

16. Lakin, bununla belə, məhkəmə hesab edir ki, hazırki iddia tələbi xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü tarixli müqavilələr üzrə tələb edilən cərimə borcuna münasibətdə qismən əsaslıdır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100 manat və xx.xx.2024cü il tarixli müqavilə üzrə 100 manat məbləğində dəbbə pulu (penya) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 81.08 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 78.52 manat hissəsi Cavabdeh tutularaq iddiaçı ABC Telecom” MMC-yə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə

20. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2437.08 manat əsas borc və 100 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1775.97 manat əsas borc və 100 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1339.24 manat əsas borc və 100 manat cərimə olmaqla cəmi 5852.29 manat və iş üzrə ödənilmiş 81.08 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 78.52 manat hissəsi tutularaq iddiaçı ABC Telecom” MMC-yə ödənilməlidir.

21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2437.08 manat əsas borc və 100 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1775.97 manat əsas borc və 100 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1339.24 manat əsas borc və 100 manat cərimə olmaqla cəmi 5852.29 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 81.08 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 78.52 manat hissəsi Cavabdeh tutularaq iddiaçı ABC Telecom” MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar