Məhkəmə qərarları › İş №e-2(010)-4326/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4326/2025

08.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4326/2025 08.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı borcun tutulması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 283.58 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. Cavabdeh ilə “X2 Azərbaycan” QSC arasında kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilə üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və məhkəmənin qətnaməsi ilə Bankın iddiası təmin edilmişdir. Nəticədə iddiaçı “X2 Azərbaycan” QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. «X2 Azərbaycan» QSC ilə “Azcollect“ MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Hüquqi Xidmət Haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən cəmi 1890.54 manat məbləğində ödənilən borc məbləği ’’Azcollect“ MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də «X2 Azərbaycan» QSC tərəfindən "xxxx" MMC-yə 283.58 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC -yə cavabdeh(lər) tərəfindən“X2 Azərbaycan” QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 283.58 manat məbləğində xidmət haqqı ödəmişdir. «X2 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5 və 6-cı bəndində «Borcvеrən»-in hüquq və vəzifələri Borcalanın hüquq və vəzifələri (öhdəlikləri)ndə qeyd edilmişdir ki : «Borcalan» tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmış faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmətl ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin, həbelə əldən çıxmış faydanın ödənilməsini tələb etmək (tutmaq\almaq); Bu müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədikdə kreditin geri qaytarılması ilə bağlı “Borcverənin " çəkdiyi və\və ya çəkməli olduğu bütün xərclərin (zərərin, məsrəflərin və s., o cümlədən sığorta və hüquq xidməti ilə bağlı çəkdiyi/çəkməli olduğu xərclərin) əvəzini, habelə “Borcverənin " əldən çıxmış faydasını ödəmək;

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, iddia tələbini qəbul etmir.

İş materialları

5. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1022/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ümumilikdə 1851.19 manat borc və 39.35 manat dövlət rüsumunun tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir.

6. "xxxx" MMC ilə “X2 Azərbaycan” QSC arasında xx.xx.2021-ci il tarixində, istehlak kreditləri, kredit kartları və kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquq xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləmək məqsədi ilə Hüquqi Xidmət haqqında Müqavilə bağlanmışdır.

7. “X2 Azərbaycan” QSC tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə “X2 Azərbaycan” QSC arasında xx.xx.2021-ci il tarixli Hüquqi xidmət haqqında müqavilənin şərtlərinə uyğun olaraq Cavabdeh tərəfindən 1890.54 manat məbləğində ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X2 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 283.58 manat məbləğində xidmət haqqı ödənilmişdir.

8. İş matariallarına əlavə bildirişdən (pretenziya) görünür ki, Cavabdeh 283.58 manat pul vəsaitinin 3 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

İşin faktiki halları

9. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci ildə kredit müqaviləsi bağlanmış, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyinin icrasını təmin etmədiyindən “X2 Azərbaycan” QSC məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-2(010)-1022/2023 saylı, xx.xx.2023-cü tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh ümumilikdə 1851.19 manat borc və 39.35 manat dövlət rüsumunun tutularaq iddiaçı “X2 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. İddiaçı tələbində ona əsaslanır ki, məhkəmə qətnaməsi ilə qət edilmiş həmin borc məbləğinin ödənilməsi Banka hüquqi xidmət göstərən üçüncü şəxsin sayəsində mümkün olmuşdur. Belə ki, cavabdeh borcunu könüllü qaydada ödəməmiş, ona görə də, Banka hüquqi xidmət göstərən üçüncü şəxs borcun ödənilməsi istiqamətində tədbirlər görmüş və nəticədə borc ödənilmişdir. Bu səbəbdən hazırki iddia tələbində iddiaçı həmin hüquqi yardıma görə üçüncü şəxsə ödənilmiş xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. İddiaçı tərəf tələbinin hüquqi əsaslandırması kimi, prosessual qanunvericiliyin məhkəmə xərclərini tənzimləyən normalarına, eləcə də, maddi əsas kimi, mülki qanunvericiliyin zərər anlayışını tənzimləyən normalarına istinad edir. Cavabdeh isə iddia tələbinə qəbul etmir. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu

M a d d ə 2 . Məcburi icra orqanları 2.1. Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 2.2. İcra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. M a d d ə 3 . İcra məmurunun tələblərinin məcburiliyi 3.1. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 3.2. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. M a d d ə 8 . İcra sənədləri üzrə icraata başlanılması 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübutetmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

13. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.

14. Məhkəmə qeyd edir ki, iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 2021-ci ildə bağlanmış kredit müqaviləsi üzrə Cavabdeh öhdəliyinin icrasını təmin etmədiyindən “X2 Azərbaycan” QSC məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. İddiaçı tərəf hazırki iddia tələbində ona istinad edir ki, məhkəmə qətnaməsi əsasında qət edilmiş borc məbləğinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi üçüncü şəxs - "xxxx" MMC-nin hüquqi xidməti əsasında baş tutmuş və “X2 Azərbaycan” QSC tərəfindən həmin üçüncü şəxsə göstərilən hüquqi xidmətə görə 283.58 manat ödəniş edilmişdir. Məhkəmə iddiaçının irəli sürdüyü dəlillərlə razılaşmır. Belə ki, iddiaçının tələb etdiyi məbləğ nə məhkəmə xərclərinə, nə maddi zərərə aiddir. İşin müəyyən olunmuş hallarına əsasən, "xxxx" MMC iddiaçı bankı cavabdehə qarşı olan məhkəmə işində təmsil etməmişdir. İşə baxılması ilə əlaqədar məsrəflərin, yəni məhkəmə xərclərinin dairəsi qanunverici tərəfindən konkret şəkildə müəyyən edilmiş, lakin hazırkı iş üzrə iddiaçının tələb etdiyi pul məbləği məhkəmə xərclərinin dairəsinə daxil deyildir.

15. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbindən də göründüyü kimi, məhkəmə qətnaməsi icrası məcburi olan aktdır və hər hansı bir orqana müraciət edilib-edilməməsindən asılı olmayaraq icra edilməlidir və bu icra qurumu tərəfindən məcburi həyata keçirilən prosesdir. İcra orqanından kənar hər hansı bir subyektin məcburi icra işlərini təşkil etməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, hazırki tələb AR Mülki Məcəlləsinin 21-ci maddəsinin məzmunu baxımından da əsaslı deyildir. Çünki, həmin maddəyə görə hüququ pozulmuş şəxs çəkdiyi və ya çəkməli olduğu xərcləri zərər vurandan tələb edə bilər. Hazırkı işdə isə iddiaçının məcburi icra tədbirlərinə görə hüquqi xidmət göstərən təşkilata ödədiyi 283.58 manat pul onun məcburi çəkdiyi və ya çəkməli olduğu xərc deyildir. Belə ki, məhkəmə qətnaməsi iddiaçının üçüncü şəxslə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq və bunun üçün xərc çəkilmədən də icra ediləcəkdir və bu xüsusda iddiaçı hüququnu bərpa etmək üçün məcburi xərc çəkmiş sayılmır.

Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı "xxxx" QSC-nin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar