Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4327/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1 və Cavabdeh2 iştirakları ilə, İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsi üzrə 8580.12 manat əsas borc, 364.24 manat faiz borcu olmaqla, 8944.36 manat kredit borcunun və ödənilmiş 109.45 manat dövlət rüsumu və 0.4 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişi təmin etmir. Kredit müqaviləsinin təminatı kimi bank ilə X4 arasında xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Lakin əldə olunmuş məlumata əsasən zamin X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri 6 saylı “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notarius tərəfindən verilən məlumata əsasən X2 miras əmlakına dair Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda adı çəkilən xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixinə cavabdehin əsas borc üzrə 8580.12 manat, faiz borcu üzrə 364.24 manat olmaqla, cəmi 8944.36 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 109.45 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh2 və Cavabdeh1 xx.xx.2024-cü il tarixində 6-2-22/2-25018/2024 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
İddianın dəyişdirilməsi.
3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 əsas borc üzrə 8580.12 manat, faiz borcu üzrə 693.14 manat olmaqla, cəmi 9273.26 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 112.74 manat dövlət rüsumu və 0.8 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, o, borcunu ödəməyi öhdəsinə götürür. Lakin sonradan artırılan məbləğlə razı deyil. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. "xxxx" ASC (Borc verən) və Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən “Borcverən” “Borcalan”a 48 ay müddətinə (xx.xx.2024-cü il tarixədək) 20000 manat məbləğində, kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə kredit verməyi, “Borcalan” isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Borc verən”ə ödəməyi, habelə kreditdən 1.2-ci bənddə göstərilmiş təyinatı üzrə (digər banklardakı öhdəliklərin bağlanması) istifadə etməyi öhdəsinə götürür.
8. xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2020 – xx.xx.2024-cü tarixləri arasında hər ay 608.61 manat (sonuncu ay 608.18 manat olmaqla) ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.
9. "xxxx" ASC (Bank) və X4 (Zamin) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli zaminlik müqaviləsindən görünür ki, bu müqaviləyə müvafiq olaraq “Zamin” xx.xx.2020-ci il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsi üzrə “Borc alan”ın “Bank” qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün “Borc alan”la birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür.
10. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan borcundan xx.xx.2024-cü il tarixədək 11419.88 manat əsas borc, 9921.72 manat faiz borcu ödəmiş, kredit üzrə əsas borcun qalığı 8580.12 manat, faiz borcunun qalığı isə 364.24 manat olmaqla, ümumilikdə 8944.36 manat təşkil etmişdir.
11. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-yə olan borcundan xx.xx.2024-cü il tarixədək 11419.88 manat əsas borc, 9921.72 manat faiz borcu ödəmiş, kredit üzrə əsas borcun qalığı 8580.12 manat, faiz borcunun qalığı isə 693.14 manat olmaqla, ümumilikdə 9273.26 manat təşkil etmişdir.
12. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi – ünvan 1 ünvanında qeydiyyatda olan bacısı Cavabdeh1dır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş **********76-05101-093025 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən paylı mülkiyyət hüququ ilə ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus 1/3 hissədən ibarətdir.
13. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcalan Cavabdeh2 və mərhum zaminin vərəsəsi Cavabdeh1 müqavilə üzrə ödənilməmiş borcun məbləği barədə xəbərdar edilmiş, borcun 5 gün müddətində ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
İşin faktiki halları.
14. İddiaçı "xxxx" ASC və Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən, Bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 20%-lə 20000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.
15. Cavabdeh2 kreditor qarşısında öhdəliklərin icra edilməsinin təmini üsulu kimi Rais Akçurin ilə Bank arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanılmış və zamin kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.
16. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ölümündən sonra ondan miras qalan əmlak xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bacısı Venera Abdrakipovnaya keçmişdir.
Tətbiq edilən hüquq.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 1146. Mirasın açıldığı vaxt. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151. Miras əmlak. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Mirasa mülkiyyətin əmələ gəlməsi. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti. 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı.
Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı.
Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
21. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
22. Belə ki, iddiaçı Bankla aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh2 iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir.
23. Digər tərəfdən, kredit müqaviləsi üzrə borc alan Cavabdeh2 kreditor qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Rais Akçurin ilə Bank arasında zaminlik müqaviləsi bağlanılmış və zamin kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Lakin zamin X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və onun ölümündən sonra ondan miras qalan əmlak xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bacısı Venera Abdrakipovnaya keçmişdir. Yuxarıda istinad edilmiş qanunvericilik normalarından da göründüyü kimi, borclunun ölümü ilə kredit müqaviləsi üzrə öhdəliklərə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Ona görə ki, X5 ölümündən əvvəl bağladığı zaminlik müqaviləsi ilə əsas kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasına görə borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Bu baxımdan müvafiq öhdəlik onun ölümünə qədər icra edilmədiyindən ölümündən sonra miras passivi kimi onun vərəsəsinə keçmişdir.
24. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank borclu ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu borclu və mərhum zaminin vərəsəsindən tələb etməkdə haqlı olmuşdur.
25. Vərəsə-cavabdehin məsuliyyətinin həddi, yəni ondan tutulmalı olan borcun məbləği ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
26. İş materiallarından görünür ki, Cavabdeh1 mərhum qardaşı Rais Akçurindən miras əmlak kimi ünvan 1 ünvanında yerləşən mənzildən ona məxsus 1/3 hissəsini qəbul etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 yalnız zaminin vərəsəsi kimi qəbul etdiyi mirasın həcmi həddində məsuliyyət daşımalıdır.
27. Cavabdehlərdən tutulacaq borcun məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, iddiaçı Bank cavabdehlərdən əvvəlcə 8580.12 manat məbləğində əsas borc və 364.24 manat məbləğində faiz borcunun tutulmasını tələb etsə də, sonradan tələbin həcmini faiz borcuna münasibətdə artıraraq 693.14 manat məbləğində faiz borcu tələb etmişdir.
28. Məhkəmə qeyd edir ki, iddiaçı Bankın cavabdeh Borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı Bank bununla kredit müqaviləsindən bir tərəfli qaydada imtina etmiş sayılır.
29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda (§ 19) istinad edilmiş qərarında qeyd edilmişdir ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir... O da nəzərə alınmalıdır ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.
30. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
31. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh Borcalandan icra edilməmiş öhdəliyin icra edilməsini tələb etdiyi və Borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir.
32. Konstitusiya Məhkəməsi Plenumun yuxarıda istinad edilmiş qərarında, həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab edir ki, iddiaçı Bank cavabdehlərdən yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, iddiaçı Bank, müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehlərdən 693.14 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab edir ki, iddiaçı Bankın belə bir hüququ olmamış, onun cavabdehlərdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 364.24 manat həcmində təmin edilməlidir.
Məhkəmə xərcləri.
34. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 109.45 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı ödənilmişdir. Lakin sonradan iddiaçı tərəfindən iddia tələbinin həcmi artırıldığından əlavə 3.29 manat dövlət rüsumu və 0.4 manat bank xidmət haqqı da ödənilmişdir. Lakin iddia artırılan hissədə təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş 109.45 manat məbləğində dövlət rüsumu və 0.4 manat bank xidməti haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
35. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8580.12 manat məbləğində əsas borc və 364.24 manat faiz borcu olmaqla, ümumilikdə 8944.36 manat məbləğində borc, 109.85 manat dövlət rüsumu və bank xidməti haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qəbul etdiyi miras əmlakın həcmi həddində) tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
36. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 8580.12 manat məbləğində əsas borc və 364.24 manat faiz borcu olmaqla, ümumilikdə 8944.36 manat məbləğində borc, 109.85 manat dövlət rüsumu və bank xidməti haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (qəbul etdiyi miras əmlakın həcmi həddində) tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva