Məhkəmə qərarları › İş №e-2(010)-434/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-434/2024

22.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-434/2024 22.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən İddiaçı MMC-nin əmlakına (avtobusa) dəymiş 150.45 manat maddi zərər məbləğinin, 30 manat dövlət rüsumunun və buna görə xidmət haqqı kimi ödənilmiş 40 qəpik, ümumilikdə 180.85 manat məbləğində pulun Cavabdeh Cəmiyyətin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində ** CR *** dövlət qeydiyyat nişanlı, “Daewo nexia minik” markalı avtomobilin sürücüsü olan Cavabdeh H.Əliyev prospekti ilə hərəkət edərkən sol hərəkət zolağına manevr edən zaman hərəkətdə olan İddiaçı MMC-yə məxsus ** JO *** dövlət qeydiyyat nişanlı “BMC Procity” markalı avtobusun sağ yan hissəsini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi barədə Cəmiyyətin əməkdaşı tərəfindən DİN-in “102” çağrı mərkəzinə məlumat verilmiş və hadisə yerinə YPX-nin əməkdaşı yaxınlaşmışdır. Yol nəqliyyat hadisəsi Bakı şəhər DYPİ-nin YNH baş inspektoru, polis mayoru X3 tərəfindən araşdırılmış və tərəflərdən izahatlar alınmışdır. İnspektorun araşdırması nəticəsində Cavabdeh əməllərində İXM-in 327.1-ci maddəsinin tələblərinin pozulması öz əksini tapdığından barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar verilmişdir. Qeyd olunan inzibati xəta ilə yol nəqliyyat hadisəsi arasında əlaqənin olduğunu cavabdeh verdiyi öz yazılı izahatı ilə də təsdiq edir. Yol hərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Bakı şəhər X10 İdarəsində tanınmışdır. Cavabdeh törətdiyi inzibati qayda pozuntusunu izahatında etiraf etdikdən sonra TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş və ödəmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində avtobusun saö yan hissəsi deformasiyaya uğrayaraq yararsız hala düşmüş və təmir olunması üçün 3 gün müddətində xidmətdən kənar edilmiş, xəttə buraxılmamışdır. Servis Mərkəzi tərəfindən verilən xx.xx.2023-cü il tarixli, 10246 saylı zərər aktına əsasən ** JO *** dövlət qeydiyyat nişanlı avtobusa 150.45 manat maddi zərər dəymişdir. Yuxarıda qeyd edilən yol nəqliyyat hadisəsi nəticəsində ** CR *** dövlət qeydiyyat nişanlı, “Daewo nexia minik” markalı avtomobilin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası olmadığından İddiaçı MMC-nin balansında olan avtobusa vurulmuş 150.45 manat maddi zərərin qarşılanması və ödənilməsi üçün cavabdeh tərəfindən heç bir cəhd edilməmiş və müsbət addım atılmamışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. İddiaçı MMC tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 10246 nömrəli zərər aktından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş hadisə nəticəsində “Procity” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobil üçün servis xidməti haqqı 127.5 manat, 22.95 manat ƏDV ilə birlikdə 150.45 manat məbləğində müəyyən edilmişdir.

6. Bakı şəhəri DYPİ-də tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə, saat 11:26-da Sabunçu rayonu, Heydər Əliyev prospekti ərazisində “Daewo Nexia minik” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalarını pozmuş, nəticədə İXM-in 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir.

İşin faktiki halları.

7. Cavabdeh xx.xx.2023-cü il tarixdə, saat 11:26-da “Daewo Nexia minik” markalı, ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydalarını pozmuş, nəticədə İddiaçı MMC-yə məxsus “Procity” markalı, ** JO *** dövlət qeydiyyat nişanlı avtomobili vurmuşdur.

8. Baş vermiş hadisəyə görə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş, 40 manat məbləğində inzibati cərimə edilmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

11. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh idarə etdiyi avtomobillə təqsirli olaraq törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə məxsus avtobusa zərər dəymişdir. Hadisənin cavabdehin təqsirli olaraq törətdiyi hüquqa zidd əməllər nəticəsində baş verməsi, məhz bu hadisə nəticəsində iddiaçıya məxsus avtobusa zərər dəyməsi iş materialları əsasında müəyyən olunur.

12. Nəzərə alınmalıdır ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: 12.1. törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; 12.2. əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; 12.3. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; 12.4. zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.

13. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli Qərarı).

14. Yuxarıda qeyd edilənləri hazırkı işin hallarına tətbiq edən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətmişdir və törətdiyi əmələ görə İddiaçı MMC qarşısında mülki məsuliyyət daşıyır.

15. Məhkəmə, cavabdehin törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya dəymiş zərərin məbləği, yəni mülki məsuliyyətin həcmi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində avtobusa 150.45 manat məbləğində zərər dəydiyini iddia etmişdir. İş materiallarında olan və hadisədən bir gün sonra tərtib edilmiş zərər aktından görünür ki, İddiaçı MMC-yə məxsus avtobusa 127.5 manat servis xidməti haqqı (təmirbərpa işləri), 22.95 manat ƏDV olmaqla, cəmi 150.45 manat məbləğində servis xidməti haqqı hesablanmışdır.

16. Müvafiq aktın əsaslılığını şübhə altına alacaq hər hansı halın məhkəmə araşdırması gedişində müəyyən edilmədiyini nəzərə alan məhkəmə hesab edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı MMC-yə məxsus avtomobilə dəymiş zərərin məbləği zərər aktında qeyd edildiyi kimi 150.45 manat məbləğində qiymətləndirilməlidir.

17. Bu vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin təqsirli hərəkətləri ilə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə vurduğu zərər – 150.45 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30.4 manat məbləğində dövlət rüsumu (bank xidməti haqqı ilə birlikdə) ödəmişdir. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

19. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərə görə 150.45 manat məbləğində pul və 30.4 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

20. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərə görə 150.45 manat (yüz əlli manat qırx beş qəpik) məbləğində pul və 30.4 manat (otuz manat qırx qəpik) məbləğində dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar