Məhkəmə qərarları › İş №e-2(010)-438/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-438/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-438/2025 28.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 nümayəndəsi X4 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi 5327 (beş min üç yüz iyirmi yeddi) manat maddi ziyan, 1890 (min səkkiz yüz doxsan) manat əldən çıxmış fayda, hüquqi yardımla bağlı ödənilmiş 326 manat, "xxxx" MMC-yə ödənilmiş 300 manat və dövlət rüsumu qismində ödənilmiş 77 manat olmaqla, cəmi 5905 (beş min doqquz yüz beş) manat məbləğində pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı mülkiyyətində olan və idarə etdiyi **-GZ-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobil xx.xx.2024-cü il tarixdə cavabdeh "xxxx" MMC-yə məxsus **-JV-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edən Cavabdeh2 tərəfindən Bibiheybət məscidi yaxınlığında vurularaq yararsız hala salınmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobilə xeyli miqdarda zərər vurulmuşdur. Cavabdeh2 törətdiyi yol nəqliyyat hadisəsində təqsirli olması Bakı şəhəri Səbail Rayon Dövlət X8 xx.xx.2024-cü il tarixli, İXP6439104 nömrəli “inzibati xəta haqqında” protokolu, xx.xx.2024-cü il tarixli qərarı və tərəflərin izahatı ilə öz təsdiqini tapır. Yol nəqliyyat hadisəsi nəticəsində **-GZ-*** dövlət qeydiyyat nişanlı, Hyundai Elantra minik markalı avtomobilə dəymiş maddi ziyan X2 məxsus “Avto Servis”də hesablanmışdır. Həmin hesablama ilə müəyyən olunur ki, ehtiyat hissələrinin dəyəri 7127 manat, işçilik və usta əmək haqqı isə 3.200 manat olmaqla ümumilikdə 10.327 (on min üç yüz iyirmi yeddi) manat ziyan dəymişdir. İcbari sığorta şirkəti tərəfindən İddiaçı 5.000 (beş min) manat pul vəsaiti ödənilmişdir. İddiaçı cavabdehə dəymiş ziyanın qalan hissənin, yəni 5.327 manatın (10.327-5.000=5327) ödənilməsi barədə müraciət etsə də müraciəti müsbət həll olunmamış, qalan ziyan ödənilməmişdir. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edirəm. Yol nəqliyyat hadisəsi cavabdehin təqsirli hərəkəti nəticəsində baş verdiyindən iddiaçıya dəymiş maddi ziyan, dövlət rüsumu kimi ödənilmiş pul və hüquqi yardımla bağlı xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflərin izahatları İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi (vəkili) Vəkil ərizə ünvanlayaraq məhkəmə iclasında səhhətində yaranmış problemlərlə bağlı iştirak edə bilməyəcəyini bildirmiş, işə iddiaçı tərəfin iştirakı olmadan baxılaraq, iddia tələbini təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddiaçının avtomobili təmir edilməyib. 6700 manata etibarnamə əsasında satılıb. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan qəbul etmir. Cavabdeh1 nümayəndəsi X5 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının təqdim etdiyi zərər aktı ilə razı deyil, belə ki, zərər aktını tərtib edən VÖEN sahibinin bu qiymətləndirməni aparmağa səlahiyyətli olması şübhə altındadır. Qiymətləndirici-mütəxəssis rəyi ilə də razı deyli, belə ki, qiymətləndirici qiymətləndirməni avtomobili görmədən, yalnız ilkin zərər aktında müəyyən edilmiş zərər üzərindən aparıb. "xxxx" ASC dəymiş zərəri avtomobili fiziki müayinə etməklə qiymətləndirib və həmin şirkət tərəfindən aparılmış qiymətləndirmə məhkəmə tərəfindən ən mötəbər sübut kimi nəzərə alınmalıdır. İş materialları TP4647544 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixində saat 16.15-də Səbail rayonu Salyan şossesi Bibiheybət Məscidinin qarşısında BMC Procity 9M CNG Avtobus markalı 99İV748 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində AR İXM–nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Zərərin hesabatından görünür ki,”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət nömrə nişanlı avtomobilə “ X1 Servis” təmir müəssisəsində baxış keçirilmiş və baxış zamanı avtomaşına ehtiyat hissələri 7127 manat, xidmət haqqı 3200 manat olmaqla, cəmi 10327 manat məbləğində ziyan dəydiyi aşkar olunmuşdur. xx.xx.2024-cü il tarixli "xxxx" ASC tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, ”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət nömrə nişanlı avtomobilin ehtiyat hissələrinin təmiri 3200 manat, zəhmət haqqı isə 1900 manat olmaqla, cəmi 5100 manat məbləğindədir. xx.xx.2025-ci il tarixli Leqal Hüquq və Ekspertiza Mərkəzi MMC tərəfindən tərtib olunmuş mütəxəssis qiymətləndirici rəyindən görünür ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı təmir xərcləri də daxil olmaqla Hyundai Elantra markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın (ehtiyat hissələri və işçilik xərci ayrılıqda göstərilməklə) ümumi məbləği 8312 (səkkiz min üç yüz on iki) azn təşkil edir.İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş “X1 Servis”in qiymətləndirmə aktında qeyd edilmiş ehtiyat hissələrinin bazar qiyməti həmin tarixə mövcud olan real bazar qiymətlərinə uyğundur. Xidmət haqqının bir qismi isə yuxarı götürülmüşdür. “X1 Servis”in təqdim etdiyi qiymətləndirmə aktında sadalanan ehtiyat hissələrinin siyahısı xx.xx.2024- cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Elantra markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsində ciddi qüsur görünmür və bu əsasla qüsur aktında olan qabaq hissələrə aid zədələri müəyyən etmək mümkün deyildir. "xxxx" ASC-nin qiymətləndirmə aktında qeyd edilmiş ehtiyat hissələrinə və xidmət haqqına müəyyən edilmiş qiymətlər həmin tarixə mövcud olan real bazar qiymətlərinə uyğu deyil."xxxx" ASC-nin qiymətləndirmə aktında sadalanan ehtiyat hissələrinin siyahısı xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Hyundai Elantra markalı, **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin real ziyan dəymiş ehtiyat hissələrinin siyahısı ilə tam uyğun deyil. Hyundai Elantra minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobil analoqla müqayisədə eyni xüsusiyyətlərə malik avtomobillərin vurulmamışdan əvvəl dəyəri 18.900 (on səkkiz min doqquz yüz) azn və vurulub təmir edildikdən sonra dəyəri, 17.010 (on yeddi min on) azn müəyyən edilir. Tətbiq olunan hüquq Azərbaycan Respu blikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1 Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4 Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir.

Məhkəmənin mövqeyi İşin faktiki halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh2 idarə etdiyi BMC Procity 9M CNG Avtobus markalı **-İV-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı mülkiyyətində olan ”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hazırda iddiaçı, avtobusun məxsus olduğu cavabdeh Baku Bus MMC-dən və onu idarə edən Cavabdeh2 və iddiaçıya məxsus olan ”Hyundai Elantra” minik markalı **-GZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5327 manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsini istəyir. Məhkəmə müəyyən edir ki, işin faktiki hallarını nəzərə alaraq və qanunvericiliyin sadalanan normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona vurulmuş zərərin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Tələb edilən məbləğə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə müəyyən edir ki, iş materialında olan iddiaçı tərəfindən təqdim edilmiş “X3 “Avto Servis” təmir müəssisəsi tərəfindən verilmiş zərər aktına əsasən avtomobilə dəymiş maddi zərər 10327 manat, "xxxx" MMC tərəfindən tərtib olunmuş mütəxəssisqiymətləndirici rəyinə əsasən 8312 manat, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktına əsasən isə 5100 manat təşkil edir. Məhkəmə cavabdehin iddia tələbinin məbləğinə münasibətdə gətirdiyi dəlillərlə razılaşır: “iddiaçının təqdim etdiyi zərər aktını tərtib edən VÖEN sahibinin bu qiymətləndirməni aparmağa səlahiyyətli olması şübhə altındadır. Qiymətləndirici ("xxxx" MMC) qiymətləndirməni avtomobili görmədən, yalnız ilkin zərər aktında müəyyən edilmiş zərər üzərindən aparıb. "xxxx" ASC dəymiş zərəri avtomobili fiziki müayinə etməklə qiymətləndirib və həmin şirkət tərəfindən aparılmış qiymətləndirmə məhkəmə tərəfindən ən mötəbər sübut kimi nəzərə alınmalıdır”. Ona görə də məkhəmə belə qənaətə gəlir ki, “Hyundai Elantra” minik markalı **-GZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 5100 manatdır. İddiaçıya avtomobilinə dəymiş zərərlə bağlı 5000 manat məbləğində pul ödənildiyindən qalıq 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 77 (yetmiş yeddi) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddianın qiymətinə uyğun olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib hissəsi 30 manat və vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə hesabatından görünür ki, xidmət haqqı 550 manat məbləğində müəyyən edilmiş və iddiaçı tərəfindən 300 manat, Cavabdeh2 tərəfindən 250 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, mütəxəssis xidməti haqqı tərəflərin özlərinə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə 100 (bir yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat olmaqla, ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. "xxxx" MMC-yə ödənilmiş mütəxəssis xidməti haqqı tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş zərərə görə 100 (bir yüz) manat, vəkilin göstərdiyi hüquqi yardıma görə ödənilmiş 326 (üç yüz iyirmi altı) manat olmaqla, ümumilikdə 426 (dörd yüz iyirmi altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. "xxxx" MMC-yə ödənilmiş mütəxəssis xidməti haqqı tərəflərin özlərinə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar