Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4390/2023 22.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6081***-*******02L saylı kredit limiti müqaviləsinin ləğv edilməsi, Cavabdeh 4990.48 manat əsas borc, 430.88 manat faiz borcu, 70.25 manat cərimə olmaqla, cəmi 5491.61 manat məbləğində borc və 75 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli 6081***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən Cavabdeh 120 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 21% dərəcəsi ilə (aylıq ödəniş 301.81 manat olmaqla hər ayın 10-dək ödənilmək şərti ilə) 8000 (səkkiz min) manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən ona dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklərini lazımi qaydada icra etməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 4990.48 manat məbləğində əsas kredit borcu, 430.88 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 70.25 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5491.61 manat məbləğində borcu qalmaqdadır.
Tərəflərin izahatları.
3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, bankdan 8000 manat məbləğində kredit götürmüşdür. İlk 16 ay krediti aybaay ödəmiş, 17-ci ay isə 150 manat ödəmişdir. Yəni ümumilikdə 4978.16 manat pul ödəmişdir. Əvvəl işlədiyi üçün götürdüyü krediti hər ay aldığı maaşla ödəyə bilmişdir. Lakin hal-hazırda işləmir. Qarabağda döyüşmüşdür və veterandır. Veteranlıq pulu alaraq həmin pulla dolanır. Borcu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini, borcun hissə-hissə tutulmasını xahiş etdi.
İş materialları.
5. İddiaçı ASC (Kreditverən) və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 6081***-*******02L nömrəli kredit limiti müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Kreditverən Borcalana 50000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2031-ci il tarixinədək kredit limiti ayırır və kredit limiti çərçivəsində krediti verməyi öhdəsinə götürür. Kredit limitinin müddəti ərzində Borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət etmək hüququna malikdir.
6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ödənilməmiş 4990.48 manat əsas borcu, 430.88 manat faiz borcu, 70.25 manat cərimə borcu olmaqla, cəmi 5491.61 manat məbləğində borcu qalmışdır.
7. Pretenziyadan görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2021-ci il tarixli, 6081***-*******02L nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş borcunun məbləği barədə məlumat verilmiş, kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyi və borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir.
İşin faktiki halları.
8. İddiaçı ASC və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən Borcalana 36 ay müddətinə, illik 21 %-lə 8000 manat məbləğində kredit verilmiş, Borcalan götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
10. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı. Beləliklə, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri. 9.1. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20. məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər.
Məhkəmənin mövqeyi.
13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.
14. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, tələb edilən cərimə məbləği (70.25 manat) əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil. Odur ki, iddia cəriməyə münasibətdə də təmin edilməlidir.
15. Bundan başqa iddia tələbindən görünür ki, iddiaçı Bank cavabdehlə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsini də tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilə bilməz.
16. Belə ki, iddiaçı Bank müqavilənin ləğvini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsasla (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda) tələb etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda (§ 10) istinad edilmiş qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Bu əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
17. İş materiallarından görünür ki, iddiaçı Bank cavabdehə ünvanladığı pretenziya məktubunda gecikdirilmiş borcun ödənilməyəcəyi təqdirdə müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsini artıq qarşı tərəfə bildirmişdir. Bununla da tərəflər arasında bağlanmış kredit müqaviləsi artıq ləğv edilmiş hesab edilir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri.
18. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
19. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməli olsa da, iş materiallarından görünür ki, cavabdeh müharibə veteranıdır və dövlət rüsumunun ödənilməsindən azaddır. Odur ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4990.48 manat əsas borc, 430.88 manat faiz borcu, 70.25 manat cərimə olmaqla, cəmi 5491.61 manat məbləğində borc tutularaq İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.
21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 4990.48 manat əsas borc, 430.88 manat faiz borcu, 70.25 manat cərimə olmaqla, cəmi 5491.61 manat (beş min dörd yüz doxsan bir manat altmış bir qəpik) məbləğində borc tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva