Məhkəmə qərarları › İş №e-2(010)-4401/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4401/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4401/2023 05.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mirzəyeva Ünsüyyət Hacımehdi qızı iddiaçı “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, satıcı "xxxx" MMC ilə alıcı Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, RTK09360 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən, ilkin ödəniş 35 manat olmaqla, 12 ay müddətinə hissə-hissə hər ay üçün 58 manat, sonuncu ay üçün isə 60,95 manat ödəmək şərti ilə, 733,95 manat dəyərində malların nisyə satış müqaviləsinə 2 saylı əlavədə-təhvil-təslim aktında göstərilən məişət texnikaları nisyə satılmış və həmin məhsullar cavabdehə təhvil-təslim aktı üzrə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Belə ki, müqavilənin 6.1-ci bəndi və 6.1.1-ci yarımbəndinə əsasən, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə, kreditor nisyə mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb etmək hüququna malikdir. Cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, RTK09360 saylı müqavilə üzrə qalıq borcu 234,95 manat təşkil edir. Müqavilənin 5.6-cı bəndinə əsasən, borcun ödənişi gecikdirildikdə, hər gecikdirilmiş gün üçün gecikdirilmiş borc məbləğinin 0,3%-i həcmində cərimə (dəbbə pulu) ödəməyi cavabdeh öhdəsinə götürmüşdür. Borclunun kreditor qarşısında müqavilə üzrə cərimə borcu 567,70 manat təşkil edir. Hazırda cavabdehlərə qarşı güzəşt siyasəti tətbiq edildiyi üçün hesablanmış cərimə məbləğinin yalnız 20%-ni ödəmək borcludan tələb edilir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 20%-i 113,54 manat təşkil edir. Hazırda cavabdehin iddiaçı qarşısında xx.xx.2020-ci tarixli, RTK09360 nömrəli müqavilə üzrə 234,95 manat qalıq borcu, 113,54 manat cərimə borcu olmaqla, cəmi 348,49 manat borcu yaranmışdır. Faktor “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə müştəri "xxxx" MMC arasında bağlanmış 01 sentyabr 2022-ci il tarixli, 01 №-li faktorinq müqaviləsinə əsasən, "xxxx" MMC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci tarixli, RTK09360 saylı nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbi “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilmişdir. "xxxx" MMC tərəfindən borclu Cavabdeh xx.xx.2020-ci tarixli, RTK09360 nömrəli nisyə alqı-satqı müqaviləsindən irəli gələn pul tələbinin “X1 Olmayan Kredit Təşkilatı” MMC-yə güzəşt edilməsi barədə bildiriş verilmişdir.

İddiaçının tələbi:

2. Cavabdeh xx.xx.2020-ci tarixli, RTK09360 nömrəli müqavilə üzrə 234,95 manat qalıq borcu, 113,54 manat cərimə borcu olmaqla, cəmi 348,49 manat məbləğində və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləlri:

3. Cavabdeh məlum olan ünvanı üzrə lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçının tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir.

İş materialları.

4. xx.xx.2020-ci il tarixli, RTK09360 nömrəli nisyə satış müqaviləsinə əsasən "xxxx" MMC – “satıcı”, Cavabdeh – “alıcı” olmaqla bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh dəyəri 733,95 manat olan Samsung markalı telefon hər ay 58 manat, sonuncu ay 60,95 manat ödəmək şərti ilə 12 ay müddətinə nisyə satılmışdır.

5. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “alıcı” Cavabdeh xx.xx.2020-ci il tarixli, RTK09360 nömrəli müqaviləyə əsasən 234,95 manat ödənilməmiş hissə, 113,54 manat cərimə olmaqla – cəmi 348,49 manat məbləğində borcu vardır. Gecikmə günlərinin sayı 811 gün təşkil edir.

6. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.

7. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, “X1 Olmayan Kredit Təşkilatı” MMC tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tətbiq edilən hüquq.

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465.2. Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

9. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır.

Məhkəmənin mövqeyi.

10. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

11. Belə ki, müəyyən edildi ki, "xxxx" MMC alqı-satqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan əşyanı Cavabdeh vermiş, lakin cavabdeh alqısatqı müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir və nəticədə onun icra edilməmiş pul öhdəliyi yaranmışdır. “X1 Olmayan Kredit Təşkilatı” MMC ilə "xxxx" MMC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən tələbetmə hüququ iddiaçıya keçmiş və hazırda iddiaçı cavabdehdən ödənilməmiş borcun tutulmasını tələb edir. Odur ki, iddiaçı ona güzəşt edilmiş borcun qaytarılmasını tələb etməkdə haqlıdır.

12. Məhkəmə hesab edir ki, iddianın cərimənin tutulması hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq, cavabdehdən 20 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

Məhkəmə xərcləri.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

14. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

15. İddia qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

16. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, RTK09360 nömrəli müqavilə üzrə 234,95 manat ödənilməmiş hissə və 20 manat cərimə olmaqla, cəmi 254,95 (iki yüz əlli dörd manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq “X1 Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar