Məhkəmə qərarları › İş №e-2(010)-4422/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4422/2023

10.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4422/2023 10.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun (bundan sonra mətndə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh1 və qeyrilərinə qarşı “pul” tələbinə dair mülki işə yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları

1. xx.xx.2017-ci il tarixli, 29-MK/4709 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 36 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4211 manat məbləğində kredit verilmişdir.

2. Hesabdan çıxarışdan görünür ki, bank tərəfindən 4211 manat məbləğində pul Cavabdeh1 hesabına köçürülmüşdür.

3. xx.xx.2017-ci il tarixli, 29-MK/4709 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 kreditor qarşısında yaranmış öhdəliyinin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürür və zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıyır.

4. xx.xx.2023-cü il tarixli bildiriş məktubundan görünür ki, cavabdehə banka olan borcun ödənilməsi haqqında xəbərdarlıq edilmişdir.

5. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2013,65 manat əsas; 1848,06 manat faiz; 314,17 manat cərimə; gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 260,12 manat olmaqla, cəmi 4436 manat borcu vardır.

6. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 64,76 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları

7. İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin, Cavabdeh2 və Cavabdeh3 ilə xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsinin bağlanması və cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşıması işin mübahisəsiz hallarıdır.

İddia tələbi

8. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 və qeyrilərinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında) məhkəməyə müraciət edərək, 27 sentyabr 2017-ci il tarixli 29-MK/4709 nömrəli kredit müqaviləsi üzrə cəmi 4436 manat məbləğində borcun - bundan 2013,65 manat əsas, 1848,06 manat faiz borcunun, 314,17 manat cərimənin və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 260,12 manat faiz borcunun və iş üzrə ödənilmiş 64,36 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin dəlilləri

9. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qara Qarayev filialı ilə Cavabdeh1 arasında bağlanmış 27 sentyabr 2017-ci il tarixli 29-MK/4709 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə 4211 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 və Cavabdeh3 arasında 27 sentyabr 2017-ci il tarixli 29-MK/4709 nömrəli Zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxslər borc alanın Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyırlar. Kredit müqaviləsinin 1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1un 27 sentyabr 2017-ci il tarixli 29- MK/4709nömrəli kredit müqaviləsi üzrə 26 aprel 2023-cü il tarixə banka ödənilməmiş cəmi 4436 manat borcu vardır. Bundan 2013,65 manat əsas, 1848,06 manat faiz borcu, 314,17 manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5%-lə hesablanmış 260,12 manat faiz borcu təşkil edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi

Maddə 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739. Borc müqaviləsi (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada) 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyada)

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir.

13. Belə ki, tərəflər arasında müqavilə bağlanılmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. İş materiallarından göründüyü kimi iddiaçı kredit müqaviləsinin bağlanmasından irəli gələn və pulun verilməsindən ibarət hərəkəti icra etsə də, cavabdeh borca aldığı pulu iddiaçıya qaytarmaqdan yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Halbuki, mülki qanunvericiliyin normalarına əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Yəni, müqavilə hansı məzmunda bağlanıbsa, həmin məzmunda da hüquqi nəticələr doğurur, bir şərtlə ki, mülki qanunvericiliklə ziddiyyət təşkil etməsin. Cavabdeh iddiaçı ilə müqavilə bağlayaraq öhdəlik münasibətinin iştirakçısı olan zaman həmin müqavilənin doğuracağı hüquqi nəticələri qabaqcadan görmüş və dərk etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Göründüyü kimi iddiaçının “vermək”dən ibarət hərəkətinə qarşılıq olaraq, cavabdeh “qaytarmaq”dan ibarət iradə ifadəsi bildirsə də, öz vəzifəsini vicdanlı şəkildə icra etməmişdir. Halbuki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

14. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə 2013,65 manat əsas; 1848,06 manat faiz; 314,17 manat cərimə; gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 260,12 manat olmaqla, cəmi 4436 manat borcun tutulması barədə tələb əsaslıdır.

Məhkəmə xərcləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,36 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

18. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlərdən xx.xx.2017-ci il tarixli, 29-MK/4709 saylı kredit müqaviləsi üzrə 2013,65 manat əsas; 1848,06 manat faiz; 314,17 manat cərimə; gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 260,12 manat olmaqla, cəmi 4436 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı ASC-nin hesabına ödənilməlidir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2017ci il tarixli, 29-MK/4709 saylı kredit müqaviləsi üzrə 2013,65 manat əsas; 1848,06 manat faiz; 314,17 manat cərimə; gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanan faiz məbləği 260,12 manat olmaqla, cəmi 4436 (dörd min dörd yüz otuz altı) manat pul İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə tutulsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64,36 (altmış dörd manat otuz altı qəpik) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar