Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4451/2025 13.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı QSC “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2012-ci il tarixli 1xx/xx/4757/12 saylı kredit müqaviləsi üzrə cavabdehdən 1150.28 manat məbləğində əsas borc, 230.39 manat məbləğində faiz borcu, 1754.70 manat məbləğində cərimə borcu, 584.32 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 3719.69 manat məbləğində pul və 57.20 manat dövlət rüsumunun ləğv prosesində olan Qapal Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. QSC “Bank Standard” KB (bundan sonra - İddiaçı) ilə Cavabdeh (bundan sonra - Cavabdeh) arasında 11 iyun 2012-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/4757/12 saylı müqavilə (bundan sonra - Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən Cavabdehə illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2024-cü il tarixinə Banka 1150,28 (bir min yüz əlli manat, 28 qəpik) manat məbləğində əsas borc, 230,39 (iki yüz otuz manat, 39 qəpik) manat məbləğində faiz borcu, 1754,70 ( bir min yeddi yüz əlli dörd manat, 70 qəpik) manat məbləğində cərimə borcu, 584,32 (beş yüz səksən dörd manat, 32 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 3719,69 (üç min yeddi yüz on doqquz manat, 69 qəpik) manat məbləğində borcu qalmışdır.
İddia müddətinin tətbiqi barədə ərizə
3. Cavabdeh ərizə təqdim edərək, hazırki iş üzrə iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
4. İddiaçı QSC “Bank Standard” Kommersiya Bankı (Ləğv prosesindədir) ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki məhkəmə iclasında nümayəndəsi iştirak edə bilməyəcəkdir və bu səbəbdən məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
İş materialları
6. QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 11 iyun 2012-ci il tarixli, 1xx/xx/4757/12 saylı kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində kredit verilmişdir.
7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 11 iyun 2012-ci il tarixli, 1xx/xx/4757/12 saylı kredit müqaviləsi üzrə 1150.28 manat əsas borc, 230.39 manat faiz borcu, 1754.70 manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 584.32 manat olmaqla cəmi 3719.69 manat borcu vardır.
8. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 11 iyun 2012-ci il tarixli, 1xx/xx/4757/12 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İşin faktiki halları
9. Hazırki iş üzrə iddiaçı tərəfin tələbini əsaslandırması ondan ibarətdir ki, tərəflər arasında bağlanmış 11 iyun 2012-ci il tarixli, 1xx/xx/4757/12 saylı kredit müqaviləsi üzrə cavabdehə bank tərəfindən 2420 manat məbləğində kredit verilmişdir. İddiaçı tərəf cavabdehin müqavilə üzrə öhdəliyini icra etmədiyini bildirərək kredit borcunun faizi və cərimə ilə birlikdə tutulmasını tələb edir. Cavabdeh tərəf isə hazırki iş üzrə borc məbləğinin tələb edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddət ötürüldüyündən iddia müddətinin tətbiq edilməsini xahiş edir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 372. İddia müddəti anlayışı 372.1 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373. İddia müddətləri 373.2 Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Maddə 375. İddia müddətinin tətbiqi 375.2 Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır Maddə 377. İddia müddətinin başlanması 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2 İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 554. Öhdəliklərin xitamı üçün müddətin keçməsinin nəticələri 554.1 Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
11. «Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı».
12. Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarı Həmin qərarda qeyd edilir ki, iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.»
Məhkəmənin mövqeyi
13. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir.
14. Məhkəmə ilk öncə qeyd edir ki, tərəflər arasında etibarlı kredit müqaviləsi bağlanmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan pul vəsaitini qeyd edilən müddətə və faizlə cavabdehə təqdim etsə də, lakin cavabdeh öz öhdəliklərini lazımi qaydada icra etməyərək müqavilə üzrə vaxtı-vaxtında ödəniş etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən qeyd olunan kredit borcunu tələb etməkdə haqlıdır.
15. Cavabdeh ərizə təqdim edərək, hazırki iş üzə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin bu ərizəsini nəzərdən keçirərək hesab edir ki, cavabdehin tələbə iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. İddia müddətinin hazırkı işə tətbiqinin mümkünlüyünü nəzərdən keçirən məhkəmə qeyd edir ki, tərəflər arasında müqavilə xx.xx.2012-ci il tarixdə bağlanmışdır, müqavilənin icra müddəti 24 ay, yəni – xx.xx.2014-cü ilə kimi müəyyən edilmişdir. Hazırkı iddia ərizəsi isə xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuş, yəni müqavilə münasibətləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddəti ötürülmüşdür. Bu hal isə özü-özlüyündə iddianın rədd edilməsi üçün əsasdır. Ona görə də, məhkəmə hesab edir ki, hazırkı tələbə iddia müddəti tətbiq edilməklə tələb rədd edilməlidir.
Məhkəmə xərcləri
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
17. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57.20 manat dövlət rüsumu iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası təmin edilməməli və iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57.20 manat dövlət rüsumu iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) özünə aid edilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 57.20 manat dövlət rüsumu iddiaçı QSC “Bank Standard” Kommersiya Bankının (Ləğv prosesindədir) özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.