Məhkəmə qərarları › İş №e-2(010)-4462/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №e-2(010)-4462/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4462/2024 07.10.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, mənzilinə vurulmuş zərərin əvəzi kimi 20000 manat maddi zərər, vəkilə ödənilmiş 320 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 151 manat dövlət rüsumu olmaqla cəmi 20471 (iyirmi min dörd yüz əlli bir) manat pulun cavabdeh “DOGAR GROUPS" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə etdiyini bildirmiş, əlavə olaraq mülki işin aidiyyatı üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) X4 iddianı qismən qəbul etdiyini bildirmiş, əlavə olaraq mülki işin aidiyyatı üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilməsinə etiraz etməmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı tələbində bildirir ki, ünvan 1 ünvanındakı 26 saylı mənzil onun mülkiyyətindədir. Qeyd edir ki, mənzilinə yuxarı mərtəbədəki mənzillərdən su axması nəticəsində yeni etmiş olduğu təmir korlanmış, demək olar bütün otaqların tavan, divar kağızı, yer döşəməsi və elektrik naqillərinə ciddi ziyan dəymişdir. Dəymiş ziyanın məbləği hesablamalara görə 20000 (iyirmi min) manat təşkil edir. Real zərərin miqdarının müəyyən olunması üçün ekspertiza təyin edilməsi məhkəmədən xahiş olunacaqdır. Qeyd olunan mübahisəli ev Bakı şəhəri, Səbail rayonu inzibati ərazisində yerləşir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinin tələbinə görə iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. İddiaçının tələbi mülkiyyətində olan mənzilə cavabdeh tərəfinən ziyan vurulmasının qarşısının alınması ilə bağlıdır. Başqa sözlə, iddiaçı mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılmasını xahiş edir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı). Məhkəmə hesab edir ki, iddiaya müstəsna aidiyyət qaydasında baxılmalı olduğundan hazırkı işə Suraxanı Rayon Məhkəməsində baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Belə olan halda müstəsna aidiyyət qaydasında bu işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılması istisna edilir. Odur ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 32. Aidiyyət məsələlərindən şikayət verilməsi. 32.3. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Maddə 44. Məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa. Maddə 45. İşlərin başqa məhkəməyə verilməsi və ərazi aidiyyəti məsələlərindən şikayət vermə qaydası. 45.2. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, mülki iş aidiyyəti üzrə daşınmaz əmlakın yerləşdiyi yer üzrə Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrа əsаsən və MPM-in 263, 264, 267 və 268-ci mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri, Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar