Məhkəmə qərarları › İş №e-2(010)-4463/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4463/2022

07.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4463/2022 07.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh2 və qeyrisinə qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi.

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonrakı mətndə İddiaçı QSC) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2018ci il tarixli 011R********** saylı krеdit razılaşmasının ləğv edilməsi, cavabdеhlər Cavabdeh2, Cavabdeh1 müştərək qaydada iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 011R********** saylı krеdit razılaşması üzrə 4754,23 manat məbləğində krеdit bоrcu, 278,47 manat məbləğində faiz bоrcu və 746,41 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 5779 manat 11 qəpik məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 77,79 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

2. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

3. İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2018-ci il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu vəfaiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh2 götürdüyü krеdit bоrcundan 15245,77 manat ödəmiş, onun 4754,23 manat məbləğində əsas, faiz borcu üzrə 278.47 manat, 746,41 manat isə cərimə borcu vardır. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materialları.

4. “Accessbank" QSC ilə Cavabdeh2 arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşmasına əsasən borcluya 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Cavabdeh2 "xxxx" QSC ilə bağladığı xx.xx.2018ci il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 kredit razılaşması üzrə zamin qismində çıxış edir.

5. 12 dekabr 2018-ci il tarixli köçürmə qəbzindən görünür ki, “Accessbank" QSC tərəfindən Cavabdeh2 hesabına 20.000 manat məbləğində pul köçürülmüşdür.

6. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdehlərə banka olan borcun tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.

7. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış müqaviləyə əsasən onun İddiaçı QSC-yə 4754,23 manat əsas borc, 278,47 manat cari faiz borcu və 746,41 manat dəbbə borcu olmaqla, cəmi 5779,11 manat borcu vardır.

8. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən ümumilikdə 77,79 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İşin faktiki halları.

9. İddiaçı “Accessbank" QSC ilə Cavabdeh2 arasında 12 dekabr 2018-ci il tarixli kredit razılaşması, Cavabdeh1 arasında zaminlik müqaviləsinin bağlanması və və cavabdehlərin iddiaçı qarşısında birgə məsuliyyət daşıması işin mübahisəsiz hallarıdır.

Tətbiq olunan hüquq.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Məhkəmənin mövqeyi.

11. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, tərəfin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

12. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit razılaşması bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

13. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehlərdən kredit borcuna görə 4754,23 manat məbləğində əsas borcun, 278,47 manat məbləğində faiz borcun tutulması barədə tələb əsaslıdır, lakin dəbbə pulu yüksəkdir.

14. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra ödənilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə dəbbə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir.

Məhkəmə xərcləri.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. İddia qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 9,79 manat hissəsi iddiaçının özünə aid edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

17. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit borcuna görə 4754,23 manat məbləğində əsas borc, 278,47 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 5,052.70 manat məbləğində pul tutularaq İddiaçı QSC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh2 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 12 dekabr 2018-ci il tarixli, 011R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kredit borcuna görə 4754,23 manat məbləğində əsas borc, 278,47 manat məbləğində faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 5,052.70 (beş min əlli iki manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 68 (altmış səkkiz) manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 9,79 (doqquz manat yetmiş doqquz qəpik) manat hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar