Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4497/2025 24.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiаçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiаçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dаir iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiаçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış 24 aprel 2013-cü il tarixli 1xx/xx/81991/13 saylı kredit müqaviləsi üzrə cavabdehdən 919.96 manat məbləğində əsas borc, 57.51 manat məbləğində faiz borcu, 910.26 manat məbləğində cərimə borcu, 385.97 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2273.70 manat məbləğində pulun və 42,74 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB (bundan sonra – İddiaçı) ilə Cavabdeh (bundan sonra – Cavabdeh) arasında 24 aprel 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/81991/13 saylı müqavilə (bundan sonra – Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində Cavabdehin xx.xx.2024-cü il tarixinə Banka 919.96 manat məbləğində əsas borc, 57.51 manat məbləğində faiz borcu, 910.26 manat məbləğində cərimə borcu, 385.97 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2273.70 manat məbləğində borcu qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. İddiаçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin təmin edilməsini xahiş etmişdir.
4. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, belə ki, onun ləğv prosesində olan QSC “Bank Standard” KB-yə 919 manat borcu mövcud deyildir. O banka olan borcunu ödəmiş, yalnız təxminən 60 manat borcu qalmışdır ki, həmin borcu bank bağlandığından ödəyə bilməmişdir. O, hal-hazırda işləmir və birinci qrup əlil qız övladı vardır. Onun qardaşı isə şəhid olmuşdur. İddia müddətinin tətbiqi ilə əlaqədar ərizə təqdim etmişdir. Qeyd olunanlara əsasən iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir.
İş materialları.
5. KM FŞ 1xx/xx/81991/13 saylı xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illi 25 faiz ödəmək şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir.
6. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 24 aprel 2013-cü il tarixli 1xx/xx/81991/13 saylı kredit müqaviləsi üzrə 11 iyun 2024-cü il tarixinə 919.96 manat məbləğində əsas borc, 57.51 manat məbləğində faiz borcu, 910.26 manat məbləğində cərimə borcu, 385.97 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2273.70 manat borcu vardır.
7. Cavabdeh ünvanlanmış xx.xx.2019-cü il tarixli bildirişdən xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, ləğv prosesində olan QSC “Bank Standard” KB Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir.
İşin faktiki halları.
8. iddiaçı LPO QSC “Bank Standard” KB ilə Cavabdeh arasında 24 aprel 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/81991/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmiş, lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. Cavabdeh iddia müddətinin keçməsi ilə əlaqədar ərizə ilə müraciət edərək, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
9. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 373. iddia müddətləri 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Maddə 374. İddia müddətlərinin müəyyənləşdirilməsi 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2. İddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir.
Maddə 375. İddia müddətinin tətbiqi 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
12. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, QSC “Bank Standard” KB – “Kreditor” və Cavabdeh – “Borcalan” olmaqla bağlanmış kredit müqaviləsi əsasında cavabdeh kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Buna baxmayaraq o, öhdəliyini lazımınca icra etməmiş, krediti və ona hesablanmış faizləri müqavilədə nəzərdə tutulan müddətdə ödəməli olduğu halda, cədvəl üzrə ödənişləri dayandırmış və nəticədə onun 919.96 manat məbləğində əsas borc, 57.51 manat məbləğində faiz borcu, 910.26 manat məbləğində cərimə borcu, 385.97 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 2273.70 manat məbləğində kredit borcu ödənilməmişdir.
13. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında bağlanmış xx.xx.2013ci il tarixdən xx.xx.2016-cü il tarixinədək bağlanmış kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi cavabdeh tərəfindən məhkəməyə tərəflər arasında mövcüd münasibətlərin yarandığı vaxtdan 3 ildən çox vaxt keçdikdən sonra müraciət etmiş, cavabdeh isə iddia müddətinin ötürülməsini bildirərək iddianın rədd olunmasını xahiş etmişdir.
14. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 3 ildən artıq müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı müqavilə tələbləri üzrə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini keçirmişdir. Yuxarıda da göstərildiyi kimi tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə öhdəliklər xx.xx.2016-ci il tarixədək icra edilməli idi.
15. Beləliklə də, son nəticədə məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən öhdəliyin icrasını tələb etmək üçün subyektiv hüquqa malikdir, lakin cavabdehin müddətin tətbiqinə dair ərizəsi qəbul edilməli və iddia tələbi Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinin tələblərinə əsasən rədd edilməlidir.
Məhkəmə xərcləri.
16. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 42,74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.
17. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
18. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
19. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddiаçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dаir iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-na aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova