Məhkəmə qərarları › İş №e-2(010)-450/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-450/2025

14.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-450/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi , İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil, Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. 1.İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 42 208 manat pulun, Cavabdeh1 78 308 manat pulun, Cavabdeh2 8594 manat pulun və ödənilmiş dövlət rüsumuna görə 419 manat pulun müştərək qaydada cavabdehlərdən onun (İddiaçı) xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh3, sonradan isə onun övladları Cavabdeh1 və Cavabdeh2 arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılaşma olmuş, həmin razılaşma əsasında o özünə və anasına məxsus olan şəxsi qızıl-zinət əşyalarını 2017-2024-cü illərdə müxtəlif vaxtlarda satmışdır. Belə ki, anasının səhhətində yaranan xəstəliklər getdikcə ağırlaşmış və onun müalicəsi daha çox pul vəsaiti tələb olunmuş, bununla yanaşı evi dolandıran yeganə şəxs o olduğundan anasının müalicəsi və evin saxlanılmasını təmin edə bilməmişdir. Bu səbəbdən evdə olan özünə və anasına məxsus qızıl-zinyət əşyalarının satılması ilə pula olan ehtiyaclarının ödənilməsi qərarına gəlmişdir. Bu məqsədlə qızıl-zinət alış-verişi ilə məşğul olan yerlərə getmiş, lakin ona həmin qızılların dəyərindən qat-qat az olan külçə qiymətləri ilə hesablanaraq pul təklif edilmiş və bu ona sərf etməmişdir. Belə bir vəziyyətdə hazırki iş üzrə cavabdeh olan Cavabdeh3 onun ehtiyac üzündən qızıllarını satmasını eşitmiş və həmin qızılları almaq istədiyini, lakin nağd pulunun olmadığını bildirmişdir. Onunla razılaşmışlar ki, həmin qızılları nisyə alsın və aylıq pulu vaxtında ödəsin. Bundan bir qədər sonra Xuramanın qızı Cavabdeh1 daha sonra oğlu Cavabdeh2 ona zəng etmiş və onda olan digər qızıl-zinət əşyalarının nisyə almalarını təklif etmiş və aralarında qızılların alqı-satqısına dair bu razılaşma baş tutmuşdur. Bir müddət (2017-2019 illərdə) nisyə götürdükləri malın pulunu (Cavabdeh2 6000 AZN + Cavabdeh1 ilə anası Cavabdeh3 22 000 AZN, ümumilikdə 28 000 AZN) ödəsələr də, sonra ödəməkdən boyun qaçırmışlar. Beləliklə götürdükləri 157 110 AZN puldan 28 000 ödədikdən sonra yerdə qalan 129 110 AZN pulun ödənişindən boyun qaçırmışlar. Cavabdehlər əvvəlcə bildirmişlər ki, Cavabdeh3 xəstədir, əməliyyat olunub, daha sonra bildirmişlər ki, Cavabdeh2 başına iş gəlib, guya yol-nəqliyyat hadisəsi törədib, bu səbəbdən onlara vaxt versin, lakin onlara nə qədər güzəşt etsə də, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlər əvvəlcə ona çox mehriban münasibət göstərmiş, lakin qızıl-zinət əşyalarını alandan sonra pulun ödənişi vaxtı gələndə isə yayınmağa başlamış və pulu istəməsin deyə onu şantaj etmiş, Cavabdeh2 onu öldürməklə hədələmişdir. Qeyd olunanlara əssaən iddi tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, o Cavabdeh3 2016-cı ildən tanımış, daha sonra isə onun övladları Cavabdeh1 və Cavabdeh2 tanımışdır. Onun cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılşma olmuş və onun tərəfindən həmin qızıl-zinət əşyalarını əvvəlcə satmaq üçün Cavabdeh3 vermişdir. Onlar arasında həmişə nisyə qızıl-zinət əşyalarının satışı ilə bağlı şifahi müqavilə bağlanmış və həmin qızıl-zinət əşyaları satıldıqdan sonra qalan məbləğ barədə hər üç cavabdeh qəbz imzalamışdır. Hal-hazırda onlar arasında olan problem bir il yarımdır ki, yaranmışdır. Həmin qızıl-zinət əşyaları ona məxsus olmuş, lakin satmaq üçün mağazaya aparmış, daha az qiymət təklif etdiklərindən nisyə satmaq qərarına gəlmişdir. Bir müddət (2017-2019 illərdə) nisyə götürdükləri malın pulunu (Cavabdeh2 6000 AZN + Cavabdeh1 ilə anası Cavabdeh3 22 000 AZN, ümumilikdə 28 000 AZN) ödəsələr də, sonra ödəməkdən boyun qaçırmışlar. Cavabdehlər ondan götürdükləri qızıl-zinət əşyalarının dəyərini öz yazdıqları qəbzlərlə təsdiq etmələrinə baxmayaraq pulu verməkdən yayınırlar. Hal-hazırda cavabdehlər Cavabdeh3 42 208 manat, Cavabdeh1 78 308 manat və Cavabdeh2 8594 manat borcu yaranmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh3 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı cəmi 15 qramlıq, 3000 manat dəyəri olan qızıl-zinət əşyaları götürmüşdür. O, İddiaçı ilə həmin qızılın dəyərini aylıq ödəyəcəyi ilə bağlı razılığa gəlmiş, lakin aylıq gecikmə yaranan zaman iddiaçı ondan hər gün üçün 10 manat faiz tələb etmişdir. O, iddiaçı tərəfindən təqdim olunan qəbzləri özü yazmışdır. Lakin o qəbzləri məcburiyyət qarşısında yazmış, belə ki, iddiaçı onu işləyəcəyi məktəbə gəlməsi ilə bağlı hədələmişdir. Qeyd olunanlara əssaən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, onun iddiaçıya 78000 manat məbləğində borcu yoxdur. O, iddiaçıdan cəmi iki dəfə qızıl-zinət əşyaları götürmüş və ona 2500 manat pul vəsaitindən artıq borcu olmamışdır. Lakin iddiaçı onun iş yerinə gəlməklə onu hədələdiyindən həmin qəbzləri yazmaq məcburiyyətində qalmışdır. İddiaçı hər gecikdirilən gün üçün 10 manat faiz hesablamış və onları məcbur edərək həmin qəbzləri yazdırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Cavabdeh2 iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, onun və onun yaxınları barəsində qaldırdığı pul tələbi ilə bağlı iddia həqiqəti əks etdirmir. Belə ki, onların iddiaçıya pul borcları yoxdur. O, İddiaçı 2023-cü ildə 2400 manatlıq qızıl-zinət əşyaları götürmüş və borcunu tam olaraq ödəmişdir. İddiaçı hər gecikdirilən gün üçün 10 manat faiz hesablamış və onları məcbur edərək həmin qəbzləri yazdırmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları.

8. xx.xx.2024-cü il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 43508 manatlıq qızıl almışdır.

9. xx.xx.2022-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 8200 manat qızıl almışdır.

10. xx.xx.2020-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 12000 manatlıq qızıl almışdır.

11. xx.xx.2023-cü il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 5600 manatlıq qızıl almışdır.

12. xx.xx.2022-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh1 İddiaçı 9000 manatlıq qızıl bilərzik almışdır.

13. xx.xx.2023-cü il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh2 İddiaçı 6264 manat qızıl almışdır. Faiz deyil qızıldır.

14. xx.xx.2023-cü il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh2 İddiaçı 4800 manatlıq qızıl bilərzik almışdır. Faiz deyil qızıl almışdır.

15. xx.xx.2022-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 11200 manatlıq qızıl almışdır. Faiz deyil qızıldır.

16. xx.xx.2023-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 11108 manatlıq qızıl almışdır. Faiz deyil qızıldır. Cavabdeh1 anası Cavabdeh3 bütün borclarını ödəməyə hazır olduğunu bildirmişdir.

17. xx.xx.2022-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 11200 manatlıq qızıl almışdır. . Faiz deyil qızıldır.

18. xx.xx.2021-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 3400 manatlıq qızıl almışdır. Avqust ayının 10-dan ödəyəcəkdir. Faiz deyil qızıldır.

19. xx.xx.2021-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 6000 manatlıq qızıl almışdır.Faiz deyil.

20. xx.xx.2023-ci il tarixli əlyazmadan müəyyən olunur ki, Cavabdeh3 İddiaçı 9000 manatlıq qızıl almışdır. Faiz deyil qızıldır.

21. Əlyazmadan görünür ki, Cavabdeh3 İddiaçı 1500 manatlıq qızıl qolbağ (braslet) almışdır. Faiz deyil. Noyabrın 17-dən başlayaraq ayda 50 manat verəcəkdir.

İşin faktiki halları.

22. İşin hallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılaşma baş tutmuş və onun tərəfindən həmin qızıl-zinət əşyaları cavabdehlərə verilmişdir. Onlar arasında nisyə qızıl-zinət əşyalarının satışı ilə bağlı şifahi qaydada müqavilə bağlanmış və həmin qızıl-zinət əşyaları satıldıqdan sonra qalan məbləğ barədə hər üç cavabdeh tərəfindən qəbz imzalamışdır. İddiaçı əlyazma şəklində qəbzlər təqdim edərək iddia edir ki, cavabdehlərə satdığı qızıl-zinət əşyalarına görə Cavabdeh3 42 208 manat, Cavabdeh1 78 308 manat, Cavabdeh2 8594 manat məbləğində ona borcu vardır. Hər üç cavabdeh təqdim olunmuş qəbzlərin onlar tərəfindən yazıldığını etiraf etmişlər, lakin həmin qəbzlərin hədə-qorxu nəticəsində yazıldığını bildirmişlər.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi

Məhkəmənin mövqeyi.

27. İşin hallarından görünür ki, İddiaçı ilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 arasında qızıl-zinət əşyalarının nisyə alqı-satqısına dair razılaşma baş tutmuş və onun tərəfindən həmin qızıl-zinət əşyaları cavabdehlərə verilmişdir. Onlar arasında nisyə qızıl-zinət əşyalarının satışı ilə bağlı şifahi qaydada müqavilə bağlanmış və həmin qızıl-zinət əşyaları satıldıqdan sonra qalan məbləğ barədə hər üç cavabdeh tərəfindən qəbz imzalamışdır. İddiaçı əlyazma şəklində qəbzlər təqdim edərək iddia edir ki, cavabdehlərə satdığı qızıl-zinət əşyalarına görə Cavabdeh3 42 208 manat, Cavabdeh1 78 308 manat, Cavabdeh2 8594 manat məbləğində ona borcu vardır. Hər üç cavabdeh təqdim olunmuş qəbzlərin onlar tərəfindən yazıldığını etiraf etmişlər, lakin həmin qəbzlərin hədə-qorxu nəticəsində yazıldığını bildirmişlər.

28. İddiaçı tərəf onun tərəfindən müəyyən məbləğdə qızıl-zinət əşyalarının cavabdehlərə verilməsini təsdiq edən qəbzlərini və ona əlavə olunmuş sənədləri təqdim edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

29. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.

30. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı tərəf qızıl-zinət əşyalarının cavabdehlərə verilməsini təsdiq edən qəbzləri təqdim edərək nisyə alğı-satqı müqaviləsi bağladığını qeyd etmiş və həmin müqavilə üzrə satdığı qızıl-zinət əşyalarının dəyərini cavabdehlərdən tələb etmişdir.

31. Məhkəməyə təqdim olunmuş qəbzlərdən və cavabdeh tərəfin etirafından müəyyən olunur ki, həmin qəbzlər cavabdehlər tərəfindən yazılaraq imzalanmış, lakin cavabdehlər həmin qəbzləri iddiaçı tərəfin onlara etdiyi hədə təsiri altında yazdıqlarını qeyd etmişlər.

32. Məhkəmə hesab edir ki, nə qədər iddiaçı tərəf hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə bağladığını qeyd etsə də, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri müqavilədə nəzərdə tutulmadığından həmin müqavilə əhəmiyyətsizdir.

33. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada əşyanın nisyə satılması haqqında müqavilə bağlansa belə, həmin müqavilə Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

34. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında əşyanın nisyə satılması haqqında müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun bağlanması vacibdir. Bu halda məhkəmə hesab edir ki, cavabdehlər əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmaq vəzifəsi daşıyır.

Məhkəmə xərcləri.

35. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 420 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

36. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi – 419 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən birgə qaydada tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

37. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh2 8594 manat pul vəsaiti, Cavabdeh3 42208 manat məbləğində pul vəsaiti və Cavabdeh1 78308 manat məbləğində pul vəsaiti və cavabdehlərdən birgə qaydada 419 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh2 8594 (səkkiz min beş yüz doxsan dörd) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh3 42208 (qırx iki min iki yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh1 78308 (yetmiş səkkiz min üç yüz səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 419 (dörd yüz on doqquz) manat məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar