Məhkəmə qərarları › İş №e-2(010)-4526/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4526/2025

25.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4526/2025 25.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1000 manat borc məbləğinin, məhkəmə xərclərinin və dövlət rüsumunun tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, o – İddiaçı, Cavabdeh xahişi ilə cavabdehə məxsus olan bir ticarət obyektinin satışını təşkil etmişdir. Satışla bağlı razılaşmalarına əsasən, cavabdeh ona bu xidmətə görə 1000 manat məbləğində pul vəd etmiş və borclanmışdır. Bu məbləğ bir neçə dəfə tələb olunmasına baxmayaraq, cavabdeh bu günə kimi öhdəliyini yerinə yetirməmiş, borcu qaytarmamışdır. Dəfələrlə şifahi razılaşma əsasında bu məsələni sülh yolu ilə həll etməyə çalışsa da, nəticə olmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları. İddiaçı məhkəməyə xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə müraciət edərək, ağır dərəcədə yeni virusa yoluxduğu üçün məhkəmə baxışında iştirakı mümkün olmadığından, işə onun iştirakı olmadan baxılmasını və ya başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, iddiaçının ona borcu olduğunu və ona hər ay 100-200 manat ödədiyini, lakin hələ də, iddiaçının ona 14700 manat borcunun qaldığını bildirmişdir. Qeyd edir ki, iddiaçı ona Rusiyadan pul vurulacağını, sonra isə satışdan əldə olunan pulu verəcəyini bildirsə də, sonradan borcunu ödəməmişdir. Bildirir ki, iddiaçı ona məhkəməyə getməyə ehtiyac olmadığını, guya ərizəsini geri götürəcəyini demişdir. Bundan başqa, iddiaçı 4-5 gündür onun zənglərinə cavab verməmişdir. Son olaraq qeyd edir ki, artıq Baş Prokurorluğa müraciət etmişdir. İddianın təmin edilməməsini xahiş edir. İş materialları. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənişi edilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.... Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.... Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi ...124.2. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır... 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1 Qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda - 30 manat. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəf satışla bağlı razılaşmalarına əsasən, cavabdehin ona bu xidmətə görə 1000 manat məbləğində pul vəd etdiyini iddia etsə də, bununla bağlı sübut təqdim etməmişdir. Həmçinin, iddiaçı məhkəmə vəsatət göndərərək, yoluxucu tənəffüs yolu infeksiyası (kəskin respirator virus xəstəliyi) diaqnozu ilə ambulator müalicəyə cəlb olunduğuna görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etməyərək, iddiaçının ona borcu olduğunu bildirmişdir. Eynilə, məhkəmə xərcləri ilə bağlı iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan proses iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında razılaşma əsasında görülən iş müqabilində cavabdeh tərəfindən iddiaçıya 1000 manat pul vəd edildiyini sübut edəcək hər hansı mötəbər, inandırıcı və təkzibolunmaz sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı Cavabdeh 1000 manat borc məbləğinin, məhkəmə xərclərinin və dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə xərcləri. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia rədd edildikdən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh 1000 manat borc məbləğinin, məhkəmə xərclərinin və dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar