Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4533/2025 20.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı MMC Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 76 811 nömrəli nisyə alqısatqı müqaviləsi üzrə 649 manat məbləğində pulun və 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 76 811 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdehə 649 manat dəyərində mal satılmışdır. Nisyə alqı-satqı müqaviləsinin şərtlərinə görə borc alan borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə borcunun məbləği 649 manat təşkil edir.
Tərəflərin izahatları
3. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbinin təmin edilməsini xahiş etdi. İş materialları
5. xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh 649 manat dəyərində mal satılmışdır.
6. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin 3 iş günü müddətində ödənilməsi, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı barədə xəbərdarlıq olunmuşdur.
7. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borcu 649 manat təşkil edir.
8. xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları
9. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli nisyə alqı-satqı müqaviləsinin bağlanması və cavabdehin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz hallarıdır. Hazırki iddia tələbində iddiaçı nisyə alqı-satqı müqaviləsi üzrə qalıq borc məbləğinin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə dair etiraz yaxud mülahizə daxil olmamışdır.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 586. Əşyanın keyfiyyətinin yoxlanması Maddə 586.2. Əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi
12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
13. Müəyyən edilir ki, tərəflər arasında etibarlı müqavilə münasibətləri yaranmışdır. Müqavilələrin etibarsızlığına (əhəmiyətsizliyinə) dəlalət edən hər hansı hal yoxdur. Bu səbəbdən, məhkəmə hesab edir ki, iddiaçı tərəf haqlı olaraq müqavilə münasibətlərinə əsaslanmaqla cavabdehə qarşı hazırkı tələbi irəli sürmüşdür.
14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü tarixli nisyə alqısatqı müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilələrdə nəzərdə tutulan məhsulu cavabdehə təqdim etmişdir. Cavabdeh isə nisyə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi həmin məhsula görə borclu olduğu məbləği ödəniş qrafiklərinə uyğun ödəməyi öhdəsinə götürsə də, lakin öhdəliyini icra etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
Məhkəmə xərcləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
17. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə
18. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 649 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməlidir.
19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 649 manat pul vəsaiti və iş üzrə ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.