Məhkəmə qərarları › İş №e-2(010)-459/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-459/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-459/2023 10.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 84800 (səksən dörd min səkkiz yüz) manat əsas borc, 6483 (altı min dörd yüz səksən üç) manat faiz borcu, 3226 (üç min iki yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 94509 (Doxsan dörd min beş yüz doqquz) manat məbləğində borc və 374 (üç yüz yetmiş dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması. İddia tələbinin dəlilləri Cavabdeh "xxxx" ASC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmiş, cavabdehin müraciətinə müvafiq olaraq onunla " Prokredit BOKT” ASC arasında xx.xx.2020-ci il tarixli PKLMB-0501 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, cavabdehə 36 ay müddətinə illik 30% olmaqla 84800 (səksən dörd min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi bağlandığı müddətdən öhdəliklərin icrası vaxtında və lazımınca yerinə yetirilməmişdir. Hal-hazırda isə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər ümumiyyətlə icra olunmur. Cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıqlar olunmasına baxmayaraq müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh 84800 (səksən dörd min səkkiz yüz) manat məbləğində əsas borc, 6483 (altı min dörd yüz səksən üç) manat faiz borcu, 3226 (üç min iki yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 94509 (doxsan dörd min beş yüz doqquz) manat məbləğində borc tutulmalıdır. Tərəflərin izahatları İddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, 2020-ci ilin aprel ayıından iddiaçı təşkilatda kiçik kredit mütəxəssisi vəzifəsində işləməyə başlamışdır. Sonradan o, işlədiyi müddət ərzində iddiaçının rəhbəri olan Nümayəndə tərəfindən ona sözügedən kredit müqaviləsinin bağlanması təklif olunmuşdur. Əsgərov Kamran İslam oğlunun adına kiçik məbləğlərdə qeyri leqal olaraq kredit rəsmiləşdirmişdir. Əsgərov Kamranla bankın rəhbərliyi arasında münasibətər yaxşı olduğundan rəhbərliyin əmri ilə həmin kreditləri Kamrana vermək üçün müqavilələr onun adına rəsmiləşdirilmişdir. Kamran həmin kreditlər üzrə ödənişləri 2022-ci ilin noyabr ayına kimi həyata keçirmişdir. Sonradan Kamran ödənişləri həyata keçirməmişdir. Hətta bu səbəbdən onu işdən kənarlaşdırmışlar. İşə bərpa ilə əlaqədar o, Nərimanov Rayon Məhkəməsində iddia qaldırmışdır və iddiası təmin olunmuşdur. Onun adına bağlanmış kredit müqavilələri formaldır. Ümumiyyətlə bankda kredit verilərkən girov müqavilələri bağlanırdı. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, xx.xx.2020-ci il tarixdə Cavabdeh iddiaçı ilə kredit müqaviləsi bağlayaraq 36 ay müddətinə 30 faiz olmaqla, 84800 (səksən dörd min səkkiz yüz) manat kredit görütmüşdür. İddia ərizəsindən görünür ki, Cavabdeh kredit məbləğini tam olaraq ödəməmişdir. Cavabdeh iddiaçı Cəmiyyətdə kiçik kredit mütəxəssisi kimi fəaliyyət göstərmiş və aylıq maaşı təxminən 300 (üç yüz) manat olmuşdur. Bağlanmış kredit müqaviləsi istehlak məqsədləri üçün bağlanmışdır. Bu həcmdə kreditlər verilərkən müqavilələr təminatlı olaraq bağlanılır və adətən, daşınmaz əmlakla və ya qızıl əşyaları ilə təminatlı edilir. Mübahisələndirilən kredit müqaviləsinin tərəfi olaraq aylıq məvacibi 300 manat olan və heç bir əşya ilə təmin olunmayan müqavilənin bağlanması şübhə doğurur. Cavabdeh məhkəmədə verdiyi izahatında bildirmişdir ki, iddiaçının rəhbəri olan Nümayəndə tərəfindən ona sözügedən kredit müqaviləsinin bağlanması təklif olunmuşdur. Belə bir məbləğdə kredit müqaviləsinin onun adına niyə bağlanması soruşulduqda, bu müqavilənin formal xarakterli olduğu bildirilmişdir. Belə ki, "xxxx" ASC tərəfindən Əsgərov Kamran İslam oğluna böyük məbləğlərdə kreditlər verilmişdir. ASC-nin bank legitimliyini qorumaq üçün həm Nümayəndə, həm də Kamran Əsgərov tərəfindən Cavabdeh belə bir müqavilənin bağlanması təklif olunmuş, ödənişlərin Kamran Əsgərov tərəfindən həyata keçiriləcəyi də bildirilmişdir. Cavabdeh həmin müəssisədə işləməsi, rəhbər şəxsin ona inandırıcı sözlər deməsi, onu belə bir müqaviləyə imza atmasına inandırmışdır. Həmin müqavilənin nəticələri barədə Cavabdeh yanlış məlumatlar verilmişdir. Əgər belə bir məlumatlar olmasaydı Cavabdeh heç bir halda belə bir müqavilənin bağlanmasına razı olmazdı. Kredit müqaviləsində göstərilən məbləği o, hesabdan çıxararaq yenidən iddiaçının kassasına təhvil vermişdir. Sonradan K.Əsgərovla iddiaçının rəhbər şəxsi olan Nümayəndə arasında baş vermiş mübahisə nəticədə belə bir iddianın məhkəməyə verilməsi ilə nəticələnmişdir. Hazırda K.Əsgərov barəsində AR CM-nin 178-ci maddəsi ilə cinayət işi açılmış və həmin işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmaqdadır. Hazırkı iş üzrə 84800 manatlıq kredit müqaviləsinə həmin cinayət mühakiməsində də baxılmaqdadır. Hazırki iş üzrə Kamran Əsgərov şahid qismində dindirilmiş və o, məhkəmədə verdiyi ifadəsində həqiqətən sözügedən kredit müqaviləsində qeyd olunan məbləğin Cavabdeh aid olmamasını və bu müqavilənin iddiaçı Cəmiyyətin rəhbəri Nümayəndə tərəfindən təklif olunduğunu bildirmişdir. Nəzəri cəhətdən kredit müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. Lakin araşdırması zamanı görünür ki, belə bir müqaviləyə yanlış məlumatlar vermədən bağlanılması mümkün deyildir. Heç bir şüurlu insan belə bir şərtlərlə müqavilənin bağlanmasına razılıq verməzdi. Cavabdeh iddiaçı Cəmiyyətdə əmək münasibətlərində olmuş, Cəmiyyətə rəhbərlik edən Nümayəndə inanmışdır. Kredit müqaviləsi bağlanan müddətdə Cavabdeh istehlak xarakterli hər hansı bir əşya, o cümlədən həyatını yaxşılaşdıra biləcək hər hansı bir alqısatqı etməmişdir. Hətta məsələ o yerə çatmışdır ki, "xxxx" ASC Cavabdeh barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, lakin həmin şikayət də Cavabdehla bağlı hallar öz sübutunu tapmamışdır. Daha sonra iddiaçı ayrı-ayrı vaxtlarda məhkəmələrə müraciət edərək Cavabdeh qarşı iddialar qaldırılmış və həmin iddialarda qeyd olunan tələblər indiki tələblə demək olar ki, eyniyyət təşkil etmişdir. Həmin iddialar Cavabdeh hissədə təmin edilməmişdir. İddiaçı Cavabdeh qarşı qərəzini davam etdirərək onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etmiş, lakin Cavabdeh tərəfindən verilmiş iddia tələbi əsasında həmin qanunsuzluq aradan qaldırılmışdır. Bütün bu qeyd olunan hallar iddiaçı Cəmiyyətin rəhbər şəxslərinin işgüzar münasibətdə olduqları Kamran Əsgərovla münasibətləri pozulduğu və ona verilmiş külli miqdarda kreditin qaytarılmadığı bir şəraitdə baş vermişdir. Belə olan halda 84800 manat vəsaitin alınması üçün Cavabdeh qarşı bu cür iddia tələbi verməkdən başqa yol qalmamışdır. Kredit müqaviləsinin bağlanması üçün yaranmış şərait, onun imzalanması üçün Cavabdeh deyilmiş yalan sözlər (nəzərə alsaq ki, yuxarıda qeyd etdiyi kimi Cavabdeh həmin cəmiyyətə əmək münasibətlərində olmuşdur) belə bir müqavilənin yaranmasına gətirib çıxarmışdır. Aldatma iki formada həyata keçirilir: fəal hərəkət formasında (əqd iştirakçısına yalan, saxta məlumatların verilməsi) və passiv hərəkət formasında (əqd iştirakçısının hərəkətsizliyi - əqdin bağlanmasına mane ola biləcək hallar və faktlar barəsində qəsdən susmaqla). Aldatma səbəbi ilə əqdin etibarsız hesab edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: aldadan tərəf müqavilənin bağlanılması və xüsusilə də müqavilənin bağlanmasına dair aparılan müzakirələr zamanı müəyyən məsələlər barəsində yalan məlumat verir və ya vicdanlılıq vəzifəsinə görə məlumat verməli olduğu məsələlər barəsində qəsdən məlumat vermir; aldadıcı hərəkət əqdin digər tərəfinin həqiqəti bildiyi təqdirdə bağlamayacağı və ya müəyyən şərtlərlə bağlamayacağı bir müqavilənin bağlanmasına və ya əlverişsiz şərtlərlə bağlanmasına yönəlməlidir. Yəni müəyyən bir müqavilənin bağlanmasını təmin etmək üçün yalan məlumat verməklə əqdin digər tərəfində qəsdən həqiqətə uyğun olmayan bir qənaət formalaşdırılmış olmalıdır; müqavilə məhz aldatma nəticəsində qarşı tərəfdə formalaşmış yanlışlıq, yəni həqiqətə uyğun olmayan qənaət nəticəsində bağlanmış olmalıdır. Belə ki, aldatma olmasaydı mövcud müqavilə bağlanmaz və ya başqa şərtlərlə bağlanmış olardı (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərarı). Araşdırma zamanı görünür ki, mübahisələndirilən müqavilə iddiaçı tərəfin rəhbər şəxsi tərəfindən Cavabdeh deyilmiş yanlış məlumatlar əsasında bağlanmışdır. Cavabdeh həqiqəti bilmiş olsaydı belə bir müqavilənin bağlanmasına heç vaxt razı olmazdı. Yuxarıda bu barədə öz fikrini bildirmişdir. Məhkəmədən əsassız tələbin təmin olunmaması xahiş olunur və tələb olunan məbləğ kifayət qədər iri məbləğdir. İddia təmin olunacağı təqdirdə Cavabdeh əsassız olaraq özünün, ailəsinin nə kimi ağır vəziyyətə düşəcəyini təsəvvür etmək çətin deyildir. Odur ki, məhkəmədən iddiaçının iddiasının rədd edilməsini xahiş etmişdir. Şahid ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən Əsgərov Kamran İslam oğlu ifadəsində göstərdi ki, Kənanın adına olan kreditlər onun kreditləri idi. "xxxx" BOKT ASC-də işləyirdi. Hal-hazırda barəsində cinayət işi də başlayıblar. Kənan götürdüyü pulla ona aid olan kreditləri bağlamışdır. O, ayrı-ayrı vaxtlarda "xxxx" BOKT ASC-dən kredit götürmüşdür. İş materialları "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən bank 36 ay müddətinə illik 30% olmaqla 84800 (səksən dörd min səkkiz yüz) manat məbləğində krediti Borcalana verir, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə təşkilat arasında bağlanmış xx.xx.2020-ci il tarixli PKLMB-0501 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən götürdüyü 84800 (Səksən dörd min səkkiz yüz) AZN məbləğində kreditdən təşkilata xx.xx.2022-ci il tarixə ödənilməmiş 84800 (Səksən dörd min səkkiz yüz) manat məbləğində əsas borc, 6483 (Altı min dörd yüz səksən üç) manat faiz borcu, 3226 (Üç min iki yüz iyirmi altı) manat cərimə borcu olmaqla, cəmi 94509 (Doxsan dörd min beş yüz doqquz) manat məbləğində borcu qalmışdır. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli PKLMB-0501 nömrəli kredit müqaviləsi üzrə son ödənişi xx.xx.2022-ci il tarixdə 1030 manat məbləğində olmuşdur. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən Cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. İşin faktiki halları İddiaçı "xxxx" ASC və Cavabdeh arasında xx.xx.2020-ci il tarixli PKLMB-0501 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə ilə kredit təşkilatı iddiaçıya 36 ay müddətinə illik 30% olmaqla 84800 (səksən dörd min səkkiz yüz) manat məbləğində kredit vermişdir. Kredit müqaviləsi üzrə son ödəniş xx.xx.2022-ci il tarixdə 1030 manat məbləğində həyata keçirilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli PKLMB-0501 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə 84800 manat əsas, 6483 manat faiz, 3226 manat cərimə borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 324.1 və 324.2. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 341.1. Qeyri-ciddiliyin seziləcəyi ümidi ilə qeyri-ciddi (zarafatla) edilmiş iradə ifadəsi etibarsızdır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 467. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi İddiaçı kredit təşkilatı Cavabdeh xx.xx.2020-ci il tarixli PKLMB-0501 saylı kredit müqaviləsi üzrə banka 84800 manat məbləğində əsas borc, 6483 manat faiz borcu, 3226 manat cərimə borcunun olduğunu irəli sürərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh isə kredit müqaviləsi bağladığını və bankdan kredit məbləğini götürdüyünü faktiki olaraq inkar etməməklə yanaşı, həmin kreditin kiçik kredit mütəxəssisi işlədiyi kredit təşkilatının müdirinin təkidi ilə onun adına rəsmiləşdirildiyini, kredit vəsaitinin kredit təşkilatının digər əməkdaşının həmin təşkilata olan borcunun bağlanmasına sərf edildiyini, bu səbəbdən sözügedən müqavilə üzrə götürdüyü kreditin həmin əməkdaş tərəfindən qaytarılacağını düşünərək müdirinin təklifinə razılıq verdiyini, buna görə də kredit borcuna görə məsuliyyət daşımadığını irəli sürmüşdür. Buna görə də məhkəmə, ilk növbədə cavabdehin həmin dəlilinə, yəni onunla bank arasında bağlanmış müqavilənin əhəmiyyətli müqavilə olub-olmadığı məsələsinə qiymət verməyi zəruri hesab edir; belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd etmişdir ki, müraciətdə qaldırılan məsələlərdən biri də məhkəmə araşdırması zamanı əqdin etibarsızlığının məhkəmə tərəfindən müəyyən edilməsi hallarında məhkəmələrin bunu irəli sürülən tələbdən asılı olmayaraq öz xidməti vəzifəsinə görə nəzərə almalı olub-olmaması ilə bağlıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının həmin əqdin mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında deyilir: “26. Qeyd edildiyi kimi, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.

27. Məhkəmə, əqdə əsaslanan mübahisəyə baxdıqda həmin əqdin etibarlı olubolmamasını hər hansı tələbdən və etibarsızlığın növündən asılı olmadan müəyyən etməlidir. Hakimin bu xüsusatlar üzrə qiymətləndirmə aparması ilə əqdin etibarsız sayılması (nəticəsinə gəlməsi) bir-birindən fərqləndirilməlidir. Sözügedən qiymətləndirmə əqdin etibarlı olub-olmaması ilə bağlı hüquqi vəziyyətin nədən ibarət olduğunun təsbit edilməsidir. Başqa sözlə, bu fəaliyyət etibarsızlığın növündən asılı olmayaraq işin hallarına görə əqdin hüquqi nəticə yaradıb-yaratmaması barədə dəyərləndirmədir.

28. Əqdin etibarlı və ya etibarsız sayılması yuxarıda qeyd edilən qiymətləndirmə nəticəsində məhkəmənin gəldiyi qənaətdir. Yuxarıda qeyd edildiyi kimi, etibarsızlığa səbəb olan bütün hallar məhkəmədən kənarda baş verən qanunazidd hallardır. Bu halların əqdin etibarsızlığı nəticəsini yaradıb-yaratmaması isə onun növlərindən və müvafiq növün xüsusiyyətlərindən asılıdır. Belə ki, yuxarıda sadalanan ilk üç növdə, yəni əhəmiyyətsizlik, mübahisə edilən və müvafiq razılığın olmaması hallarında etibarsızlıq nəticəsini əqdin tərəflərinin hərəkət və ya hərəkətsizliyi (məsələn, əhəmiyyətsizlik halında əqdin məcburi formaya zidd şəkildə bağlanması, mübahisə edilən əqdlərdə tərəfin əqdi məhkəmədənkənar qaydada mübahisələndirməsi, əqdin etibarlı sayılması üçün müvafiq razılığın alınmaması və s.), məhkəmə qərarı ilə etibarsız hesab edilən əqdlərdə isə bu nəticəni məhkəmənin qərarı meydana gətirir. Ona görə də məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən bu halları təsbit etməklə iddianın və ya etirazın əsaslı olubolmamasını da müəyyən etmiş olur.

29. Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.

30. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur.

31. Bir daha qeyd edilməlidir ki, mübahisələndirilən əqdi etibarsız hala gətirən hüquqi səbəb məhkəmə qərarı deyil, mübahisələndirmə faktının özüdür. Konstitusiya Məhkəməsinin də qərarında “Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. ...istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır.” kimi hüquqi mövqeləri ona dəlalət edir ki, mübahisə edilən əqdin etibarsız sayılması üçün məhkəmədə tələb irəli sürmək zərurəti yoxdur, etibarsızlıq nəticəsini mübahisələndirmə faktı (iddiadan və məhkəmədən kənarda) əmələ gətirir. Çünki, etibarsızlıq bir nəticədirsə həmin nəticəni əqdi mübahisə etmək hüququna malik olan şəxsin hərəkəti təmin edir. Bu hərəkətlə, yəni iradə ifadəsi qarşı tərəfə bildirilməklə etibarsızlıq nəticəsi qanuna əsasən yaranmış olur. Bunun üçün hüquq sistemimiz əlavə şərtlər - iddia tələbinin irəli sürülməsi, məhkəmənin qərar çıxarması və s. tələb etmir. Amma bu məsələlərlə bağlı tərəflər arasında mübahisə yarandıqda həmin ixtilaf təbii ki, məhkəmə tərəfindən həll olunur.

32. Bu baxımdan mübahisə edilən əqdlərin etibarsızlığı məhkəmə qərarından asılı olmadığına görə, həmin qərarın çıxarılmasının prosessual əsası olan iddia tələbindən də asılı deyil. Çünki, tələb məhkəmə qərarının alınması üçün irəli sürülür.

33. Belə olan halda, məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir.” Beləliklə, yuxarıda irəli sürülən hüquqi mövqelərə dayanaraq məhkəmə belə qənaətə gəlmişdir ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Mülki qanunvericiliyin yuxarıda sadalanan müddəalarının mənasına görə, hər hansı əqdin (o cümlədən kredit müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İşin faktiki hallarını ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə hesab edir ki, iddiaçı kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsini lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmayan müqavilə kimi qiymətləndirmək mümkün deyildir; onların arasında iradə və onun bildirilməsi vahidliyinin olub-olmaması məsələsi ilə bağlı isə qeyd olunmalıdır ki, Cavabdeh irəli sürdüyü arqumentdən onun müvafiq iradəsinin olduğu qənaətinə gəlmək mümkündür – çünkü o, müqaviləni bağlamaq iradəsinin olmadığını deyil, kredit vəsaiti kredit təşkilatının digər əməkdaşının həmin təşkilata olan borcunun bağlanmasına sərf edildiyindən sözügedən müqavilə üzrə götürdüyü kreditin həmin əməkdaş tərəfindən qaytarılacağını düşündüyü üçün müdirinin təklifinə razılıq verdiyini irəli sürmüşdür. Nəzərə alınmalıdır ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (§ 41). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Belə ki, uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər (§ 25, 26). Bu kontekstdə məhkəmə hesab edir ki, bankla Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin uydurma və ya yalan əqd olduğu qənaətinə gəlmək də mümkün deyildir. Ümumiyyətlə qeyd olunmalıdır ki, yazılı formada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Odur ki, yazılı formada bağlanılmış əqdin iradə sərbəstliyi olmadan bağlanıldığı nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. İddia tələbinə etiraz belə əsaslandırılır ki, müqavilə aldatma nəticəsində bağlanılıb. Aldatma onunla izah edilir ki, cavabdeh cəmiyyətdə kiçik kredit mütəxəssisi kimi fəaliyyət göstərmiş və aylıq maaşı təxminən 300 manat olmuşdur. Kredit müqaviləsi istehlak məqsədləri üçün bağlanmışdır. Bu həcmdə kreditlər verilərkən müqavilələr təminatlı olaraq bağlanılır və adətən, daşınmaz əmlakla və ya qızıl əşyaları ilə təminatlı edilir. Cavabdeh kredit müqaviləsini kredit təşkilatının digər əməkdaşının qaytaracağını zənn edərək imzalayıb, çünki kredit vəsaitini həmin şəxsin təşkilata olan borcunun bağlanmasına istifadə edib. Bunun üçün ona təşkilatın rəhbəri təkid etmiş, o da, inanmışdır. Məhkəmə müəyyən edir ki, cavabdehin iddiaçı kredit təşkilatı tərəfindən aldadılması iş materilları ilə sübuta yetirilmir. Məhkəmə yalnız iddiaçının sözlərinə əsaslanaraq müqavilənin aldatma nəticəsində bağlandığını müəyyən edə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehin müqaviləni vacib əhəmiyyətli yanılma, yaxud məcburetmə təsiri altında bağladığı da iş materialları ilə öz təsdiqini tapmır. Məhkəmə qeyd edir ki, cavabdeh tərəflər arasında bağlanmış olan kredit müqaviləsinə əsasən istehlak məqsədləri üçün onun sərəncamına verilmiş 84800 manat məbləğində pul vəsaitini təyinatına uyğun istifadə etməyi öz öhdəsinə götürmüşdür. Lakin məhkəmə cavabdehin izahatına və şahidin ifadəsinə əsasən müəyyən edir ki, cavabdeh sözügedən müqavilə əsasında bank tərəfindən ona təhvil verilmiş pul vəsaitini təyinatına uyğun istifadə etməmiş, əksinə öz azad iradəsinə uyğun hərəkət edərək həmin pul vəsaitini həmkarı Əsgərov Kamran İslam oğlunun kredit borcunun ödənilməsinə istifadə etmişdir. Bu hal müqavilənin etibarsızlığına səbəb ola bilməz. Beləliklə, məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, həmin kreditdən yaranan borclarını ödəməli olmasına dair öhdəliyini isə lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı Cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə borcuna görə 3226 manat tələb edir. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 3226 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 300 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmən hesab edir ki, müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur.

Məhkəmənin gəldiyi nəticə Cavabdeh xx.xx.2020-ci il tarixli, PKLMB-0501 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 84800 (səksən dörd min səkkiz yüz) manat, faiz borcuna görə 6483 (altı min dörd yüz səksən üç) manat, cərimə borcuna görə 300 (üç yüz) manat olmaqla, cəmi 91 583 (doxsan bir min beş yüz səksən üç) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nın xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 374 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumundan 365 manat da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Göstərilənlərə əsasən və AR MPM-in 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli, PKLMB-0501 nömrəli kredit müqaviləsi üzrə əsas borca görə 84800 (səksən dörd min səkkiz yüz) manat, faiz borcuna görə 6483 (altı min dörd yüz səksən üç) manat, cərimə borcuna görə 300 (üç yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 365 (üç yüz altmış beş) manat olmaqla, cəmi 91948 (doxsan bir min doqquz yüz qırx səkkiz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar