Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4640/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 119.13 manat məbləğində vurulmuş zərərin, 21.30 manat ödənilməyən abunə haqqı borcunun, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə 320.83 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, “KATV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq, Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı xüsusi razılıqlar (lisenziyalar) almışdır. Bu məqsədlə Bakı şəhərinin müxtəlif rayonlarında kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün vətəndaşlarla müqavilə əsasında onların mənzillərinə kabel xəttləri çəkir. Xətai rayonu ərazisində bir müddətdir ki, bəzi vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan və ya bağlanmış müqavilə münasibətlərinə xitam verdikdən sonra qanunsuz olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulurlar. Qanunsuz qoşulma hallarının qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında “hüquqi xidmətlərin göstərilməsi” barədə müqavilə imzalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Xətai rayonu, Xocalı prospekti (Telnov), məhəllə 2347/48, mənzil 300A-nın sahibi cavabdehdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olur ki, yuxarıda qeyd edilən mənzil xx.xx.2021-ci il tarixdə KATV1 kabel televiziyası şəbəkəsinə qoşulmuş, xx.xx.2021-ci ildə sonuncu dəfə ödəniş etmiş və xx.xx.2021-ci ildə 21.30 manat borcla şəbəkədən ayrılmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə "xxxx" hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə binaya baxış keçirilən zaman sözügedən mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 9568 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Beləliklə, göründüyü kimi adıçəkilən ünvanda iddiaçı tərəfindən akt tərtib edilmiş və tərtib edilmiş aktdan görünür ki, cavabdehə məxsus olmuş mənzilində “K@TV1” kabel televiziyasının şəbəkəsinə qanunsuz olaraq qoşulmalar icra edilmiş və həmin qoşulmalar nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Baxış keçirilən zaman tərtib edilmiş aktlarda qeyd edilənlər video qeydə alınmışdır. Həmçinin, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 manat təşkil edir. Qanunsuz qoşulma faktı vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni, kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdehə məxsus mənzildə bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Cavabdehə məxsus olmuş mənzilin şəbəkədən ayrıldığı xx.xx.2022-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2023-cü il tarixə qədər olan müddət 361 gün təşkil edir. 361 günün hər gün üçün 33 qəpik olmaqla ümumilikdə 119.13 manat abunə haqqı qismində vurulmuş maddi ziyan təşkil edir. Bundan başqa cavabdehlə müqavilə münasibətlərinə xitam verilən zaman cavabdeh tərəfindən MMC-yə ödənilməli olan 21.30 manat abunə haqqı ödənilməmişdir. Odur ki, vurulmuş zərərlə yanaşı cavabdehdən abunə haqqı qismində ödənilməli olan 21.30 manat pul alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, iddia ərizəsinə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMC ilə "xxxx" hüquq firması arasında bağlanmış müqavilə əsasında 150 manat pul ödəmişdir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubu göndərilmiş və məktub geri qayıtmışdır. Cavabdeh qanunsuz və əsassız olaraq MMC-yə məxsus kabel şəbəkəsinə qoşulmuş, bununla da MMC-yə maddi ziyan vurmuşdur. Cavabdehin bu mülki hüquq pozuntusu haqsız rəqabətə yol açmaqla yanaşı, MMC-nin göstərdiyi xidmətlərdən əsassız və qanunsuz istifadəyə gətirib çıxarmışdır. Cavabdehin bu hərəkətlərinin qarşısı alınmayacağı təqdirdə gələcəkdə digər fiziki şəxslərə pis bir nümunə olmaqla yanaşı qanunsuz istifadə hallarının artmasına gətirib çıxara bilər. Bununla da özəl sektorun subyekti kimi müəssisənin normal iş fəaliyyəti, habelə dövlət qarşısında vergi öhdəliklərinin icrası və işçilərin əmək haqqısının ödənilməsi mümkünsüz olacaqdır. Həmçinin qeyd edilən halın kütləvilik təşkil etməsi ehtimalı da böyükdür. Tərəflərin izahatları İddiaçı MMC “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, iddiaçının iddia etdiyi kimi hər hansı qanunsuz qoşulma mövcud deyildir. Belə ki, şəbəkənin olduğu qutuya hər hansı müdaxilə etmək olmur. 21.30 manat məbləğində ödənilməmiş abunə haqqı mövcud ola bilər və iddia tələbinin bu hissəsinə münasibətdə tələbi qəbul edir və təmin edilməsinə etiraz etmir. İddiaçı tərəf şəbəkəyə qanunsuz qoşulmanın məhz ona məxsus mənzildən baş verməsini necə müəyyən edə bilər? Onun özünün xüsusi qurğusu vardır ki, məhz bu qurğudan istifadə etməklə şəbəkəyə qoşulur. Bir dəfə iddiaçı tərəfin əməkdaşları evə baxış keçirmək üçün gəlmiş və televizoru qoşmasını istəmişlər. Televizoru işə saldıqdan sonra iddiaçıya məxsus aparatla televizorun işləməməsi aşkar edilmiş, lakin ona məxsus aparatla şəbəkəyə qoşulmanın mümkün olduğu müəyyən edilmişdir. Odur ki, məhkəmədən iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İddiaçı MMC (Operator) və Cavabdeh (Abunəçi) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 5637 MNA nömrəli abunə müqaviləsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, müqavilə üzrə “Operator” telekommunikasiya xidmətlərini (kabel televiziyası, sürətli internet və s.) təqdim edir və “Abunəçi” xidmətlərə görə ödəniş edir. xx.xx.2023-cü il tarixli, 9568 nömrəli İddiaçı MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında aktın surətindən müəyyən olunur ki, "xxxx" MMC hüquq firması və İddiaçı MMC-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 2347/48 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirilmiş, həmin binanın 300A saylı mənzilinin “KATV1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir. xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı MMC ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347/48 məhəlləsi, 300A ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən, xx.xx.2021-ci il tarixində bu ünvan KATV1 Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və xx.xx.2021-ci il tarixinədək isə son ödəməsini etmişdir. xx.xx.2022-ci il tarixdə 21.30 manat borc ilə şəbəkədən ayrılmışdır. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı MMC tərəfindən "xxxx" LLC-nin kart hesabına “xx.xx.2019-cu il tarixli müqavilə” təyinatı üzrə 150 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. İddiaçı MMC (Sifarişçi) və "xxxx" MMC (İcraçı) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış xidmətlərin göstərilməsinə dair müqavilənin surətindən müəyyən olunur ki, “Sifarişçi” müqavilənin qüvvədə olduğu müddətdə özünə məxsus olan kabel şəbəkəsinə qanunsuz qoşulmalarla bağlı yaranmış hüquq pozuntularının aşkar edilməsini, aradan qaldırılmasını və bununla bağlı müvafiq sənədləşmə aparılmasını və digər xidmətləri sifariş verib “İcraçı”ya razılaşdırılmış xidmətlərin haqqını ödəyir, “İcraçı” isə “Sifarişçi”yə xidmətləri göstərir. xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 13 . Radiotezliklərdən istifadənin təşkili. 13.6. Radiotezliklərdən istifadə təyinatı, radiotezliklərin sayı, zolağı və istismar olunan radioelektron vasitələri nəzərə alınmaqla birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlər müəyyən olunur. Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir. Maddə 35.Telekommunikasiya şəbəkələrinin, vasitələrinin və qurğularının mühafizəsi. 35.3.Telekommunikasiya şəbəkələrinə, vasitələrinə və qurğularına razılaşdırılmamış qoşulma, müdaxilə və zədələnmə nəticəsində yaranan zərərin əvəzi təqsirkar şəxslər tərəfindən aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli abunə müqaviləsi bağlanmış və müqavilə əsasında operator qismində çıxış edən İddiaçı MMC telekommunikasiya xidmətlərini abunəçiyə təqdim etmiş, abunəçi isə müqaviləyə uyğun olaraq telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək, istifadə etdiyi xidmətə və ya xidmətlərə görə abunə haqlarını vaxtlı-vaxtında ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan göründüyü kimi abunəçi Cavabdeh xx.xx.2022-ci il tarixdə 21.30 manat məbləğində borc ilə şəbəkədən ayrılmışdır. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi 21.30 manat məbləğində aylıq abunə haqqı borcunun olması hissəsində iddia tələbini qəbul etmiş və bu halın mövcudluğunu mübahisələndirməmişdir. 21.30 manat məbləğində aylıq abunə haqqı borcunun olması işin mübahisəsiz halı olduğundan və cavabdehin nümayəndəsi tərəfindən iddia həmin hissədə etiraf edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. İddia tələbinin kabel şəbəkəsinə müvafiq müqavilə olmadan qoşulma nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı hissədə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qanunsuz qoşulmaya dair xx.xx.2023-cü il tarixdə tərtib edilmiş akta münasibətdə məhkəmə qeyd edir ki, həmin aktın tərtib edilməsi zamanı cavabdehin və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmiş, müvafiq aktın sonuncuya təqdim edilməsi üçün lazımı tədbirlər görülməmişdir. Həmin akta imza edən şəxslərin (X3 istina edilməklə) xidməti vəziyyətinə dair (harada və hansı vəzifədə işləmələri) hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli aktın tərtib edilməsindən 1 il keçməsinə baxmayaraq, həmin aktla bağlı cavabdehdən hər hansı pul məbləği tələb edilməmiş və 1 ildən sonra həmin akta əsaslanaraq məhkəməyə müraciət edilmişdir. Qeyd edilən pozuntularla tərtib edilmiş akt iddia tələbinin əsaslandığı fakt və halları sübut edən mötəbər və əsaslı sübut kimi qəbul edilə bilməz. Həmçinin, iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 01 ədəd “DVD-R”-ə daxil edilmiş video yazı məhkəmə iclasında izlənilmiş, eləcə də təqdim edilmiş fotoşəkillər tədqiq edilmiş, lakin həmin video yazıdan və fotoşəkillərdən cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 2347/48, ünvanında yerləşən 300A nömrəli mənzil üzrə şəbəkəyə qanunsuz qoşulma faktını müəyyən etmək mümkün olmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 7.33 manatı cavabdehdən tutularaq İddiaçı MMC-yə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara tam, qərəzsiz, obyektiv və hərtərəfli baxaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21.30 manat məbləğində pul vəsaiti və 7.33 manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 21.30 (iyirmi bir manat otuz qəpik) manat məbləğində pul vəsaiti və 7.33 (yeddi manat otuz üç qəpik) manat dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-4640/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4640/2024
26.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver