Məhkəmə qərarları › İş №e-2(010)-471/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-471/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-471/2024 27.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2023-cü Banka borclu olduğu 15.157,12 (bir on beş min yüz əlli yeddi manat on iki qəpik) AZN məbləğində əsas borc, 2.681,55 (iki min altı yüz səksən bir manat əlli beş qəpik) AZN məbləğində faiz borcu, 3.261,35 (üç min iki yüz altmış bir manat otuz beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.100,02 (iyirmi bir min yüz manat iki qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 153,30 (bir yüz əlli üç manat otuz qəpik) AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi. İddia tələbinin dəlilləri Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 20% (iyirmi faiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 16.523 (on altı min beş yüz iyirmi üç manat) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra Müştərinin müvafiq Ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün Müştəriyə Ödəniş kartı təqdim edir və Müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2023-cü il tarixə 15.157,12 (bir on beş min yüz əlli yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 2.681,55 (iki min altı yüz səksən bir manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 3.261,35 (üç min iki yüz altmış bir manat otuz beş qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.100,02 (iyirmi bir min yüz manat iki qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 №-li kredit müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə müraciət etmiş və ona istehlak məqsədilə illik 20% (iyirmi faiz) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 16.523 (on altı min beş yüz iyirmi üç manat) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. "Bank VTB (Azərbaycan)" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilənin şərtlərini tam şəkildə yerinə yetirmədiyi təqdirdə məhkəmədə barəsində iddia qaldılmasına dair xəbərdar edilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçı banka 15.157,12 manat məbləğində əsas borc, 2.681,55 manat məbləğində faiz borcu, 3.261,35 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 21.100,02 manat məbləğində borcu vardır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 465.2 Borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.3. iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi.

Məhkəmənin mövqeyi Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cərimə borcuna görə 3261,35 manat məbləğində tələb edir. Tələb olunan cərimə borcu ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı 3261,35 manat məbləğində cərimə ödənilməsi tələbi irəli sürsə də məhkəmə sözügedən normanı rəhbər tutaraq cərimə borcunun 500 manat miqdarında müəyyən edilməsini ağlabatan hesab edir. Məhkəmən hesab edir ki, müəyyən etdiyi cərimə məbləği həm iddiaçının, həm də cavabdehin mənafelərinə uyğundur.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 №-li kredit xətti müqaviləsi üzrə 15.157,12 (on beş min yüz əlli yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 2.681,55 (iki min altı yüz səksən bir manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 18 338,67 (on səkkiz manat üç yüz otuz səkkiz manat altmış yeddi qəpik) manat məbləğində vəsait tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir.

Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 145,01 manat məbləğdə pul vəsaiti də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, 341356-CNS-32785 №-li kredit xətti müqaviləsi üzrə 15.157,12 (on beş min yüz əlli yeddi manat on iki qəpik) manat məbləğində əsas borc, 2.681,55 (iki min altı yüz səksən bir manat əlli beş qəpik) manat məbləğində faiz borcu, 500 (beş yüz) manat məbləğində cərimə borcu və ödənilmiş dövlət rüsumuna görə 145,01 (bir yüz qırx beş manat bir qəpik) manat olmaqla, cəmi 18 483,68 (on səkkiz min dörd yüz səksən üç manat altmış səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar