Məhkəmə qərarları › İş №e-2(010)-4713/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4713/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4713/2022 06.12.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə qalıq borc üzrə 182.84 AZN, faiz borcu üzrə 25.31 AZN olmaqla, cəmi 207.28 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, iddiaçı "xxxx" ASC-nin Suraxanı filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********46 saylı TAM kart çərçivə müqaviləsinə müqaviləsinə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021 ci il tarixli, BPM**********46 saylı TAM kart çərçivə müqaviləsinin 7.2.18-ci bəndi ilə müəyyən edilmişdir ki, Bank tərəfindən hesablara səhv daxil edilmiş pul vəsaitini müştəridən tələb etmək Bankın müştəri qarşısında hüquqlarından biridir. Daha sonra həmin müqavilənin 7.3.7-ci bəndində qeyd edilmişdir ki, texniki overdraft baş verdiyi təqdirdə yaranmış borcu həmin məbləğə 4.1.1.1 -ci yarımbənddə qeyd olunan annuitet ödəniş qrafikində, 4.1.1.2-ci yarımbənddə qeyd olunan Razılaşmada və ya 4.1.2.4-cü yarımbənddə qeyd olunan SMS-də göstərilən illik faiz dərəcəsi ilə hesablanmış faizləri və Bankın Tariflərində və/və ya müvafiq idarəetmə orqanının qərarında nəzərdə tutulduğu halda cərimə faizlərini Banka ödəməyi öhdəsinə götürür. Suraxanı filialının müştərisi olan Cavabdeh qeyd olunan müqaviləyə əsasən təqdim edilmiş kart vasitəsi ilə sistemdə baş vermiş xəta səbəbli müştəriyə aid olmayan və karta səhvən yüklənmiş 182.84 AZN vəsaiti onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etmiş və qeyd olunan həcmdə Banka maddi zərər vurmuşdur. Daha sonrasında müştəri 1 dəfə olmaqla cəmi 0.87 AZN məbləğində borcdan ödəniş etmişdir. Bankın Suraxanı filialı tərəfindən xx.xx.2022-ci il tarixinə təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh Banka hazırki dövr üçün qalıq borc üzrə 182.84 AZN, faiz borcu üzrə 25.31 AZN olmaqla, cəmi 207.28AZN borcu mövcuddur. Eyni zamanda iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2022-ci il tarixində 22-5407/2022 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Buna görə də, iddiaçı "xxxx" ASC-nin xeyrinə qalıq borc üzrə 182.84 AZN, faiz borcu üzrə 25.31 AZN olmaqla, cəmi 207.28 manat borcun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izaһatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********46 saylı TAM kart çərçivə müqaviləsindən görünür ki, “Kreditor” "xxxx" Açıq Səhmdar Cəmiyyəti və “Borcalan” Cavabdeh arasında bağlanmış TAM kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. İş materiallarından olan xx.xx.2022-ci il taixli əsassız varlanmanı əks etdirən arayışdan görünür ki, Cavabdeh qeyd olunan müqaviləyə əsasən təqdim edilmiş karta 182.84 AZN vəsait yüklənmiş və cavabdehin cəmi ödədiyi məbləğ 0.87 AZN-dir. İş materiallarında olan 29 avqust 2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə borcverən "xxxx" ASC-yə xx.xx.2021-ci il tarixli, BPM**********46 saylı TAM kart çərçivə müqaviləsi üzrə 182.84 manat əsas borc, 25.31 manat faiz borcu olmaqla, cəmi 207.28 manat məbləğində borcu vardır. Beləliklə də, təsvir olunanlardan görünür ki, borcalan Cavabdeh xx.xx.2021-ci il tarixli, BPM**********46 saylı TAM kart çərçivə müqaviləsi ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş və iddiaçı "xxxx" ASC-yə əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitini-əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, müqavilə öhdəliklərini yerinə yetirməmişdir. İş materiallarından görünür ki, cavabdehə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan, yəni həyata keçirilməmiş əsasa görə iddiaçının hesabına əsassız varlandığı üçün iddiaçının ondan verdiklərini geri tələb etmək hüququ vardır. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi və iddiaçının hesabına əsassız varlandığı üçün cavabdehdən 182.84 manat əsas borc, 25.31 manat faiz borcu olmaqla, cəmi 207.28 manat borcun tutulub iddiaçıya ödənilməsi barədə iddia tələbi əsaslıdır və iddia təmin olunmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, iddiaçı "xxxx" ASC-nin xeyrinə Cavabdeh 182.84 manat əsas borc, 25.31 manat faiz borcu olmaqla, cəmi 207.28 manat məbləğində borc tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, iddiaçı "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 182.84 manat məbləğində əsas borc, 25.31 manat məbləğində faiz borcu olmaqla, cəmi 207.28 manat borc, 30 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqı iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar