Məhkəmə qərarları › İş №e-2(010)-4757/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4757/2024

06.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4757/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə İddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi

1. İddiaçı "xxxx" QSC Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 5000 manat əsas borc, 405.99 manat faiz borcu, 74.09 manat cərimə borcu olmaqla cəmi 5480.08 manat və ödənilmiş 74.80 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin dəlilləri

2. xx.xx.2024-cü il tarixdə "xxxx" QSC və Cavabdeh arasında 300340 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, Bank tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 5000 manat məbləğində pul ayrılmışdır və o, 24 ay müddətində illik 15 faiz dərəcəsi ilə hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Borcalana dəfələrlə şifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini bugünədək icra etməmişdir.

Tərəflərin izahatları

3. İddiaçı "xxxx" QSC ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.

İş materialları

5. "xxxx" QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 300340 nömrəli Kredit müqaviləsindən görünür ki, Bank tərəfindən Cavabdeh illik 15 faiz dərəcəsi ilə istehlak yönümlü 5000 manat məbləğində 24 ay müddətinə kredit verilmişdir.

6. İş matariallarına əlavə edilmiş bildirişdən görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

7. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5000 manat əsas borc, 405.99 manat faiz borcu, 74.09 manat cərimə borcu olmaqla cəmi 5480.08 manat borcu vardır.

8. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddia ərizəsi məhkəməyə təqdim edilən zaman 74.80 manat dövlət rüsumu "xxxx" QSC tərəfindən ödənilmişdir.

İşin faktiki halları

9. Tərəflər arasında xx.xx.2024-cü il tarixli Kredit müqaviləsinin bağlanması və həmin müqavilədə qeyd olunan kredit vəsaitinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi işin hallarını təşkil edir. Hazırda iddiaçı cavabdehin öz öhdəliyini lazımi qaydada yerinə yetirmədiyini bildirərək yaranmış borc məbləğinin qaytarılmasını tələb edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz yaxud mülahizə daxil olmamdışdır.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi

Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 422. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Məhkəmənin mövqeyi

12. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. İş materiallarından göründüyü kimi, "xxxx" QSC və Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 300340 nömrəli Kredit müqaviləsi əsasında Bank tərəfindən Cavabdeh istehlak yönümlü 5000 manat məbləğində 24 ay müddətinə illik 15 faiz dərəcəsi ilə kredit verilmişdir. Tərəflər arasında etibarlı müqavilə münasibətləri olmuşdur və həmin müqavilənin etibarsızlığına dəlalət edən hallar müəyyən edilmir. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməsinə baxmayaraq, cavabdeh öz öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. İddia tələbində qeyd edilən kredit məbləğin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi halı işə əlavə edilən sənədlərlə təsdiq olunur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı hazırki idda tələbini irəli sürməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 74.80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə

16. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Cavanşı̇ r qızından 5000 manat əsas borc, 405.99 manat faiz borcu və 74.09 manat cərimə borcu olmaqla cəmi 5480.08 manat və iş üzrə ödənilmiş 74.80 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməlidir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi: İddia təmin edilsin. Cavabdeh Cavanşı̇ r qızından 5000 manat əsas borc, 405.99 manat faiz borcu və 74.09 manat cərimə borcu olmaqla cəmi 5480.08 manat və iş üzrə ödənilmiş 74.80 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar