Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4768/2025 15.10.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3650 manat borc məbləğinin və dövlət rüsumu üçün ödədiyi 57 manat pulun, ümumilikdə 3707 manat pulun alınaraq İddiaçı qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o Naxçıvan şəhərində yaşayır və bərbər kimi fəaliyyət göstərir. Təxminən 10 ilə yaxındır ki, Cavabdeh tanıyır. O, onun fəaliyyət göstərdiyi bərbərxananın yerləşdiyi binanın yaxınlığındakı binanın birinci mətrəbəsində yerləşən “ASİYA” telefon təmiri və satışı mağazasında ticarətlə məşğul olurdu. Bir-birlərini tanıdıqlarına görə normal münasibətləri var idi. Dəfələrlə ondan pul borc alaraq işlərini görüb sonra qaytarırdı. Bu səbəbdən də onun etibarını qazanmışdı. Sonuncu dəfə 2024-cü ilin yanvar-mart ayları ərzində ümumilikdə ondan 8500 manat pul borc aldı. Alanda söz verdi ki, 10-15 gün ərzində qaytaracaq. O da əvvəllər götürdüyü borclarını vaxtında və hətta vaxtından əvvəl qaytardığına görə ona inanıb arxayın olmuşdur. Cavabdeh ondan aldığı 8500 manat borc puldan müxtəlif vaxtlarda hissə-hissə ödəməklə ümumilikdə ona 4850 manat pul qaytarmışdır. Borclu qaldığı 3650 manat pulu isə bu günədək qaytarmayıb. Dəfələrlə pulunu qaytarması üçün xəbərdarlıq etsə də, müxtəlif bəhanələrlə pulunu qaytarmaq istəmir. O da məcbur qalaraq Naxçıvan MR Daxili İşlər Nazirliyinə şikayət ərizəsi ilə müraciət etmiş, şikayəti əsasında o və hazırki iş üzrə cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinə dəvət olunmuşlar. Şikayəti araşdırılan zaman həmin şəxs öz izahatında ondan ümumi olaraq 8500 manat pul aldığını etiraf etmiş və borcunun qalan hissəsini də qaytaracağına yazılı söz vermişdir. Araşdırma zamanı müraciəti mülki xarakterli olduğundan məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunmuşdur. O mülki məhkəmə icraatı qaydasında həmin pulun və eyni zamanda ödədiyi dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılmasını istəyir.
Tərəflərin izahatları.
3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, hazırkı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində xx.xx.2025-ci il tarixdə saat 14:30-da məhkəmə baxış iclası təyin olunmuşdur. Hal-hazırda o Naxçıvan MR-da Naxçıvan şəhərində yaşayır və işləyir. Azərbaycan Respublikasının digər regionlarına Naxçıvandan gediş-gəliş yalnız hava yolu ilə mümkündür. Təyyarə biletinin məbləğinin yüksək olduğunu, səhhəti ilə bağlı “anju” əməliyyatı olunacağını və maddi vəziyyətinin aşağı səviyyədə olmasını, həmçinin Hava Limanlarında sərnişin sıxlığını nəzərə alıb, iddiası ilə bağlı məhkəmə proseslərində iştirak edə bilməyəcəkdir. Əlavə olaraq heç bir vəsatəti və təqdim ediləcək sənədi yoxdur. Naxçıvan MR DİN-nin Cinayət Axtarış İdarəsində verdiyi izahatını və iddia ərizəsində göstərdiyi xüsusatları təsdiq edir. Bütün məhkəmə proseslərini onun iştirakı olmadan keçirib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdeh e-2(010)-4768/2025 saylı cavabdeh olduğu iş üzrə xx.xx.2025-ci il saat 14:30-da Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin inzibati binasında keçiriləcək məhkəmə prosesində iştirak etmək üçün maddi vəziyyətinin ağır olduğundan üzrlü səbəbdən iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, o, iddiaçıdan ilkin olaraq 2000 manat pul almış və həmin pul vəsaiti ilə bağlı faiz hesablamış və həftədə 200 manat faiz ödəmişdir. Təxminən 15 gün sonra ilk verilən borcu qaytarmamış yenidən ona 1500 manat borc verilmişdir və buna görə həftədə 150 manat faiz hesablanırdı. Yenidən 2 ay sonra iddiaçı tərəfindən 1500 manat, həftəlik 150 manat faiz hesablanması şərtilə ona pul verilmişdir. Təxminən bir həftə sonra əsas borcu qaytarmamış, yenə iddiaçıdan 2000 manat pul vəsaiti almışdır. O ümumilikdə hər həftə üçün 700 manat faizə pul ödəmişdir. O, iddiaçıya 8 ay ərzində həftəlik 700 manat pul vermiş və bu ümumilikdə 22500 manat pul vəsaiti edir. Bundan əlavə iddiaçıya birdəfəlik olaraq ödəniş kimi 5000 manat pul vermişdir. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğunu qeyd edərək rədd olunmasını xahiş etmişdir.
İş materialları.
5. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, araşdırma zamanı ərizədə qeyd olunan məsələnin mülki xarakterli müraciət olduğu müəyyən edilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.7-ci maddəsinə əsasən vətəndaşın müraciətinə baxılmasına dair cavab məktubunda müraciətdə göstərilən məsələlərin araşdırılması və görülən tədbirlər və ya həmin məsələlərlə bağlı aidiyyəti üzrə müraciət etməli subyekt göstərilməlidir) ərizə ilə əlaqədar olaraq müvafiq məhkəmə orqanlarına müraciət etməyi tövsiyyə olunur.
6. Cavabdeh Naxçıvan MR Daxili İşlər Nazirliyinə izahatının surətində göstərilmişdir ki, “Mən yuxarıda olan yazıyla tanış oldum və təsdiq edirəm ki, mən İddiaçı 8500 m. borc pul aldım və 4500 manat borcum qaldı və razılaşdıq ay ərzində 500 m. ödəyəcəyəm və ola bilsin ki, ay ərzində 4-5 gün vaxt versin. həmin vaxtda ona pul qaytaracağıma söz verirəm”
İşin faktiki halları.
7. Cavabdeh İddiaçı 8500 manat məbləğində pul vəsaiti almışdır. İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Cavabdeh bununla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə izahat verərək iddiaçıdan 8500 manat borc pul almasını və 4500 manat pul borclu olmasını etiraf etmişdir.
Tətbiq edilən hüquq.
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740. Borc müqaviləsinin forması 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. Əsassız varlanma. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci tarixli qərarı.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olubolmaması müəyyən edilməlidir.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
11. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi
Məhkəmənin mövqeyi.
12. İşin hallarından görünür ki, Cavabdeh İddiaçı 8500 manat məbləğində pul vəsaiti almışdır. İddiaçı Cavabdeh barəsində şikayət ərizəsi ilə Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Cavabdeh bununla bağlı Naxçıvan MR Daxili İşlər Nazirliyinə izahat verərək iddiaçıdan 8500 manat borc pul almasını və 4500 manat pul borclu olmasını etiraf etmişdir.
13. İddiaçı tərəf Naxçıvan MR Daxili İşlər Nazirliyi tərəfindən aparılmış araşdırmaya dair sənədləri təqdim edərək tərəflər arasında real olaraq şifahi qaydada borc müqaviləsi bağlanmasını əsas gətirərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
14. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
15. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfin polis idarəsində verdiyi izahatını təqdim edərək cavabdehlə onun arasında şifahi qaydada borc müqaviləsi bağlandığını və 8500 manat pul vəsaitini cavabdehə verdiyini qeyd etmişdir. İş materiallarından görünür ki, cavabdehin polis idarəsində pul vəsaitinin iddiaçıdan alması ilə bağlı olaraq verdiyi izahatda bu halı təsdiq edir.
16. Bundan əlavə məhkəmə hesab edir ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlansa belə, həmin borc müqaviləsi Mülki Məcəllənin tələblərinə uyğun bağlanmamışdır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).
17. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsinin mövcud olması qeyd edilsə də, həmin müqavilənin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması vacibdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş sübutlardan bu hal müəyyən olunmamışdır.
18. Məhkəmə hesab edir ki, borc müqaviləsi tərəflər arasında yazılı qaydada bağlanmasa da, hər iki tərəf 8500 manat pul vəsaitinin iddiaçı tərəfindən cavabdeh tərəfə verilməsini etiraf edir. İş materiallarında pul vəsaitinin cavabdeh tərəfindən alınması sübut olunsa da, hazırkı halda həmin pul vəsaitinin iddiaçıya qaytarılması barədə sübut etmə yükü cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə cavabdeh tərəfindən pul vəsaitinin alınması ilə bağlı etirafını təqdim etmişdir.
19. Məhkəmə hesab edir ki, cavabdeh tərəf əsassız varlanma nəticəsində aldıqlarını iddiaçıya geri qaytarmalıdır.
Məhkəmə xərcləri.
20. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 57 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.
21. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə mütənasib olan hissəsi - 57 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 3650 manat pul vəsaiti və 57 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. 23.Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 3650 (üç min altı yüz əlli) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh 57 (əlli yeddi) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova