Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-483/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə 3445.97 manat məbləğində borcun və ödənilmiş 54.46 manat məbləğində dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 5341/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Beynəlxalq Bankı" ASC ilə X4 arasında bağlanmış BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, X3 illik 20 faizlə, 60 ay müddətinə, 3700 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdeh kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq borclu öz öhdəliklərini yerinə yetirmir və borcun ödənişini təmin etmir. AZ-İİ seriyalı, 064019 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X4 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, Cavabdeh1 və Cavabdeh2 X2 qanun üzrə vərəsələri olduğu müəyyən edilmişdir. Yuxarıda adı çəkilən BPM**********94 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, cavabdehlərin əsas borca görə 3445.97 manat olmaqla, cəmi 3445.97 manat borcu mövcuddur. Eyni zamanda iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 54.46 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə Cavabdeh1 və Cavabdeh2 xx.xx.2024-cü il tarixində 6-2- 22/2-35862/2024 saylı xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar "xxxx" ASC (Bank) və X4 (Borcalan) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış BPM**********94 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Bank” “Borcalan”a 60 ay müddətinə (xx.xx.2024-cü il tarixinədək), 3700 manat məbləğində, kreditdən istifadəyə görə illik 20% ödəmək şərti ilə kredit verməyi, “Borcalan” isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri “Bank”a ödəməyi, habelə kreditdən şəxsi istehlak məqsədləri üçün istifadə etməyi öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və müqavilə üzrə borcun xx.xx.2019 – xx.xx.2024-cü il tarixləri arasında hər ay 98.1 manat (sonuncu ay 90.72 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. xx.xx.2019-cu il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, borcalan X3 iddiaçı bankın kassasından 3663 manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan X2 xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə 3445.97 manat məbləğində əsas borcu vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən müəyyən olunur ki, **********83 reyestr nömrəli, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.11 ha olan torpaq sahəsi X2 mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində sonuncunun xüsusi mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 064019 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 xx.xx.2020-ci il tarixdə “Mədə girəcəyinin bədxassəli yeni törəməsi” səbəbindən Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 259 nömrə ilə qeyd edilmişdir. X5 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası – X1 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmişdir. Həmin miras əmlakdan ona çatası payı qəbul etmək fikri, həmçinin həmin əmlaka dair heç bir iddiası yoxdur və gələcəkdə bununla bağlı məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Qeyd edilənlərlə əlaqədar hər hansı məsələ və ya mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürür. X6 tərəfindən ünvan 2 ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atası – X1 miras qalmış əmlakdan ona çatası payı qəbul etməmişdir. Həmin miras əmlakdan ona çatası payı qəbul etmək fikri, həmçinin həmin əmlaka dair heç bir iddiası yoxdur və gələcəkdə bununla bağlı məhkəmə orqanlarına müraciət etməyəcəkdir. Qeyd edilənlərlə əlaqədar hər hansı məsələ və ya mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürür. Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsələri – ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh1 və ünvan 3 ünvanında qeydiyyatda olan Cavabdeh2dur, onların hər biri miras əmlakdan ½ hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak – AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə X3 verilmiş, **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.11 ha olan torpaq sahəsindən ibarətdir. Cavabdeh1 (Birinci tərəf) və Cavabdeh2 (İkinci tərəf) arasında xx.xx.2021-ci il tarixdə notarial qaydada bağlanmış vərəsəlik payının bağışlanmasına dair müqavilənin təsdiq edilmiş surətindən müəyyən olunur ki, “Birinci tərəf” Bakı şəhəri 35 saylı Notariat Ofisi tərəfindən xx.xx.2021-ci il tarixdə 2V/1-127 saylı reyestrlə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mərhum əri – X3 məxsus olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.11 ha olan torpaq sahəsindən vərəsəlik yolu ilə ona çatan ½ hissədə payını oğlu – Cavabdeh2 bağışlamışdır. xx.xx.2024-cü il tarixli 6-2-22/2-35862/2024 saylı bildirişdən müəyyən olunur ki, mərhum X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 ödənilməmiş borc məbləği barədə xəbərdar edilmiş, borcun 5 (beş) gün müddətində ödənilməyəcəyi təqdirdə borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün 54.46 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o kredit müqaviləsi adlandırılır. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Maddə 1307. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2018-ci il tarixli Qərarı
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-ci maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.
Məhkəmənin mövqeyi Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, qərəzsiz və hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materialları ilə təsdiq olunur ki, mərhum X4 ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmış, X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda isə mərhum X2 xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə görə "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixə olan borcunun ümumilikdə 3445.97 manat məbləğində olması iş materialları ilə müəyyən edilir. Borclu vəfat etdiyindən kredit müqaviləsi üzrə öhdəlik tam icra edilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun vərəsələri olaraq mərhum X1 qalmış mirası notarial qaydada qəbul etmiş, lakin onlara xəbərdarlıq edilməsinə baxmayaraq mərhumdan qalan kredit borcunu ödəməmişdirlər. Halbuki, mülki qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlər vərəsə olaraq miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə payına mütənasib surətdə borclu kimi ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında müəyyən edilmiş mövqeyə əsasən, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsənin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşdə olan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 şəhadətnamə verilən miras əmlakın AR ƏMDKY DƏDRX tərəfindən xx.xx.2019-cu il tarixdə X3 verilmiş, **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.11 ha olan torpaq sahəsindən ibarət olması müəyyən edilir. İşdə olan materiallar əsasında məhkəmə mərhum X1 vərəsələrinə miras qalmış əmlakların kreditor qarşısında öhdəliyin icrası üçün kifayət hesab edilməsi qənaətinə gəlir. Beləliklə göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsə miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildikləri üçün onlar miras qoyanın kreditoru qarşısında öhdəliyin icrasına görə məsuliyyət daşıyır.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 54.46 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı ödənilmişdir. Bu məbləğ, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 54.46 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində bank xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə 3445.97 manat məbləğində borc, ödənilmiş 54.46 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. X2 vərəsələri Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, BPM**********94 nömrəli kredit müqaviləsi üzrə 3445.97 (üç min dörd yüz qırx beş manat doxsan yeddi qəpik) manat məbləğində əsas borc, ödənilmiş 54.46 (əlli dörd manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva