Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4842/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh Əliyev Elbrus Məcid oğlunun iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əliyev Elbrus Məcid oğluna qarşı “borc” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi.
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdeh Əliyev Elbrus Məcid oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev Elbrus Məcid oğlundan 01 avqus 2019-cu il tarixli, 102804-392116\3 nömrəli kredit müqaviləsi üzrə 2086.62 manat məbləğində əsas borc, 0 manat faiz borcu olmaqla, ümumilikdə 2086.62 manat və 41.27 manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. "xxxx" ASC ilə Əliyev Ceyhun Elbrus oğlu arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 102804-392116\3 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 7100 (yeddi min bir yüz) manat məbləğində kredit verilmişdir. Əliyev Ceyhun Elbrus oğlu 27 mart 2020-ci il tarixdə vəfat etmişdir. Əliyev Ceyhun Elbrus oğlunun vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, Fərəməzov Şamil Şəfiyulla oğluna dair xx.xx.2020-ci i! tarixdə usar rayon notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra Qusar rayon notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir k, Əliyev Ceyhun Elbrus oğlunun vərəsəsi kimi Əliyev Elbrus Məcid oğlu tanınmış və bu barədə 22 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin Şəhadətnaməyə əsasən, Əliyev Elbrus Məcid oğlu miras əmlak olan - “VAZ-21063” markalı, **-BB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən tam hissədə pay almışdır. Bundan sonra Əliyev Ceyhun Elbrus oğlunun vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Əliyev Elbrus Məcid oğluna xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzr hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklə vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Tərəflərin izahatları.
3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında cavabdeh Əliyev Elbrus Məcid oğlu bildirdi ki, iddia tələbi ilə razı deyildir. Kredit müqaviləsi onun mərhum oğlu ilə bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə verilən 7100 manat pul vəsaitindən onun xəbəri yoxdur. Oğlu vəfat etməzdən əvvəl həmin borcun bir hissəsini ödəmişdir.
İş materialları.
5. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əliyev Ceyhun Elbrus oğlu arasında bağlanmış 01 avqust 2019-cu il tarixli, 102804-392116\3 nömrəli kredit müqaviləsindən görünür ki, cavabdehə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 7100 (yeddi min yüz) manat məbləğində kredit verilmişdir.
6. 01 avqust 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, 01 avqust 2019cu il tarixli, 102804-392116\3 nömrəli kredit müqaviləsi üzrə 7100 manat pul vəsaiti Əliyev Ceyhun Elbrus oğlunun hesabına köçürülmüşdür.
7. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Əliyev Ceyhun Elbrus oğlu 01 avqust 2019-cu il tarixli, 102804-392116\3 nömrəli kredit müqaviləsi üzrə müəyyən ödənişlər həyata keçirmişdir.
8. AZ-İİ seriyalı, 228837 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Əliyev Ceyhun Elbrus oğlu xx.xx.2021-ci ildə vəfat etmişdir.
9. xx.xx.2022-ci il tarixli, 2V-102 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş Əliyev Ceyhun Elbrus oğlunun vərəsəsi atası Əliyev Elbrus Məcid oğludur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak isə - AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AD318235 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi : WDB2020181A538828, mühərrikin nömrəsi **********4337 və buraxılış ili 1997-ci il olan Mercedes Benz C180 minik markalı, ** RF *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
10. xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, cavabdeh Əliyev Elbrus Məcid oğluna banka olan borcun xəbərdarlıq edilən gündən 7 gün müddətində tam ödənilməsi, əks təqdirdə borcun qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə lazımi qaydada xəbərdarlıq edilmişdir.
11. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Əliyev Elbrus Məcid oğlunun kredit müqaviləsi üzrə 2086.62 manat əsas borc və 0 manat faiz borcu olmaqla cəmi 2086.62 manat borcu vardır.
İşin faktiki halları.
12. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Əliyev Ceyhun Elbrus oğlu arasında kredit müqaviləsi bağlanmış, lakin sonradan Əliyev Ceyhun Elbrus oğlu vəfat etdiyi üçün onun ödənilməmiş kredit borcu qalmışdır. İddiaçı hazırda Əliyev Ceyhun Elbrus oğlunun vərəsəsi olan cavabdeh Əliyev Elbrus Məcid oğlundan ödənilməmiş kredit borcunun qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul etmir.
Tətbiq olunan hüquq.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
14. Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı.
Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 aprel 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 4 iyun tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar. Məhkəmənin mövqeyi.
17. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, cavabdehin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
18. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini mərhum borcluya vermiş, borclu isə vəfat etdiyi üçün müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməmiş və onun banka ödənilməmiş borcu qalmışdır. Hazırda bank mərhum borclunun vərəsəsindən borcun ödənilməsini tələb edir. İş materiallarından göründüyü kimi cavabdeh Əliyev Elbrus Məcid oğlu mərhum övladı Əliyev Ceyhun Elbrus oğlundan miras qalan nəqliyyat vasitəsini miras aktivi kimi qəbul etməklə hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmişdir. Belə ki, kredit borcu üzrə öhdəlik şəxsi xarakterli deyil və miras passivi kimi vərəsələrə onların hər birinin aldığı miras əmlak həddində keçir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırkı tələbi irəli sürməkdə haqlıdır. Tutulacaq pul məbləği ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı öz tələbində cavabdehdən ümumilikdə 2086.62 manat pul vəsaiti tələb edir. İş materiallarından da göründüyü kimi, mərhum Əliyev Ceyhun Elbrus oğlu kredit müqaviləsi üzrə götürdüyü 7100 manat pul vəsaitinə münasibətdə müəyyən dövr ərzində kredit ödənişləri həyata keçirmiş və ödənilməmiş 2086.62 manat pul vəsaiti qalmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh Əliyev Elbrus Məcid oğlundan iddiaçının xeyrinə 2086.62 manat pul vəsaitinin tutulması qanuni və əsaslıdır. Məhkəmə cavabdehin iddia tələbinə münasibətdə etirazına bildirir ki, cavabdehin etirazı formal mülahizələrə əsaslanır və etirazı əsaslı olması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Məhkəmə xərcləri.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.27 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əliyev Elbrus Məcid oğlundan 2086.62 manat əsas borc və iş üzrə ödənilmiş 41.27 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir.
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh Əliyev Elbrus Məcid oğlundan 2086.62 manat əsas borc və iş üzrə ödənilmiş 41.27 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov