Məhkəmə qərarları › İş №e-2(010)-4860/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4860/2020

25.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4860/2020 25.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Tural Nurulla oğlu Məmmədovun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı “xxxx” X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiasına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” Elektrik şəbəkə müəssisəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 01.012019-cu il tarixdə Bakı şəhəri, H.Əliyev prosspektində idarə etdiyi mülkiyyət hüququ “xxxx” MMC-yə məxsus “Kia Sorento” markalı, H024754 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhər İcra Hakimiyyəti “xxxx” Elektrik şəbəkə müəsisəsinə məxsus olan 1 ədəd “Mitaş” tipli 2 konsullu H-12 tipli işıq dirəyini vuraraq sıradan çıxarmış və nəticədə müəsissəyə 5081 manat dəyərində maddi ziyan yetirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər Xəzər RPİnin İstintaq şöbəsi xx.xx.2019-cu il tarixli, ********* saylı Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərar qəbul etmişdir. Qeyd edilən iş üzrə Kia Sorento markalı, H024754 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh1 təqsirli bilinmiş və ********* saylı cinayət işi baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Cavabdeh1 Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cavabdeh1 tərəfindən idarə edilən Kia Sorento markalı, H024754 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülki məsuliyyətinin icbari sığortası “xxxx” ASC-də sığortalanmışır. Bu səbəbdən “xxxx” ASC tərəfindən Bakı şəhər İcra Hakimiyyəti “xxxx” X1 bank hesabına mütənasib qaydada 1674.02 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində müəssisəyə məxsus olan 1 ədəd “Mitaş” tipli 2 konsullu H-12 tipli işıq dirəyinin sıradan çıxması nəticəsində 5081 manat məbləğində vurulmuş maddi ziyanın 3406.98 manat hissəsi və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq onlara ödənilməlidir. Ona görə də, hazırkı iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və dəymiş ziyanın cavabdehlərdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etirazının olmadığını bildirərək tələb edilən ziyan məbləğini ödəməyə hazır olduğunu bildirdi. Cavabdeh “Socar Furgo” Məhdud Məsuliyyətli Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarına əlavə edilən: - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli Hökmünə əsasən Cavabdeh1 xx xxxxxx 2019-cu il saat təxminən 20.30 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni sərxoş halda BC kateqoriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi “KİA Sorento” markalı, H024754 dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Heydər Əliyev prosspekti ilə Hava limanı istiqamətindən Koroğlu metro stansiyası istiqamətində 100 km saat sürətlə nəzərdə tutulmuş soldakı zolaqda hərəkətdə olarkən yolun “Socar” yanacaq doldurma məntəqəsinin qarşısından keçən hissəsində yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin birinci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkəti ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı olduğu halda, bunu etməmiş, nəticədə daş yol ayrıcının üzərinə çıxaraq işıq dirəyinə dəymişdir..... İşə əlavə edilmiş sənədlərdən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı müəssisəyə ümumilikdə 5081 manat maddi ziyan dəymiş, bu məbləğin 1674,02 manatı sığorta şəklində qarşılanmışdır. Beləliklə, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, Cavabdeh1 qanunazidd hərəkəti nəticəsində iddiaçının əmlakına ziyan vurulmuşdur. Cavabdeh ziyan məbləği ilə razılaşır, iddiaçı hesab edir ki, ziyan məbləği hər iki cavabdehdən tutulmalıdır və bu tələbini onunla əsaslandırır ki, Cavabdeh1 digər cavabdehin işçisidir, avtomobil də digər cavabdehin mülkiyyətindədir və ona görə də, vurulan ziyana görə də, onlar birgə məsuliyyət daşımalıdırlar. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1.-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2.-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddi hüquq normasının tələbindən göründüyü kimi, işəgötürən öz işçisinin vurduğu ziyana görə o zaman məsuliyyət daşıyır ki, ziyanın vurulmasına səbəb olan hadisə əmək vəzifələrinin icrası zamanı baş versin. Hazırkı işin hallarından və tərəflərin izahatlarından isə məlum olur ki, qəza hadisəsi axşam vaxtı, yəni iş vaxtı bitdikdən sonra, həmçinin işçi olan Cavabdeh1 şəxsi işləri ilə məşğul olan vaxıt baş vermişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 1099.1-ci maddəsinin tələbləri baxımından əsassızdır. Hazırkı işdə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması faktı işin mübahisəsiz halıdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının əmlakı zədələnmiş və ona real zərər vurulmuşdur. Deməli, yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən iddiaçının cavabdehdən ona vurulmuş zərərin əvəzini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia qismən təmin edilməli, Cavabdeh1 iddiaçının xeyrinə 3437,38 manat tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3406,98 manat məbləğində maddi ziyan və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3437,38 (üç min dörd yüz otuz yeddi manat otuz səkkiz qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" X1 hesabına ödənilsin. İddia Cavabdeh2nə aid hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar