Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4865/2024 01.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızı, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi. İddia tələbi İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 1295 manat – bundan 1127.64 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 167.36 manat faiz borcu və iş üzrə ödənilmiş 32.95 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki halları LPO İddiaçı ASC və Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ləğv prosesində olan bank tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90005020 nömrəli kredit müqaviləsi üzrə borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2577.49 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. LPO İddiaçı ASC və Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən ləğv prosesində olan bankla borclu arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 24 ay müddətinə verilmiş 2577.49 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməməsinə görə ləğv prosesində olan bank qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehlərin həmin tarixə LPO İddiaçı ASC-yə xx.xx.2019-cu il tarixli, LM101900143 saylı kredit müqaviləsi üzrə 1127.64 manat məbləğində əsas borc, 167.36 manat məbləğində AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 1295 manat məbləğində borcu müəyyən edilmişdir. İddia ərizəsi və ona etirazın dəlilləri a)iddia ərizəsinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 90005020 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 20% dərəcəsi ilə 9.700 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 90005020-ZM nömrəli, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 013 saylı Əlavə Sazişə əsasən kreditin qalıq məbləği 9.700 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti xx.xx.2019-cu il tarixinədək uzadılmışdır. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında LM101900143 nömrəli, xx.xx.2019-cu il tarixli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90005020 nömrəli kredit Müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2.577,49 manat məbləği restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 ilə Bank arasında LM101900143 nömrəli, xx.xx.2019-cu il tarixli Zaminlik müqaviləsi bağlanmış, “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 1.295 manat təşkil edir. Bundan 1127,64 manat əsas, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 167,36 manat faiz borcu təşkil edir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərmələri barədə məlumatlandırılmış, lakin cavabdehlərin iddia tələbinə aid əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər İddiaçı ASC (Kreditor) və Cavabdeh1 (Borcalan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90005020 nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, “Kreditor” “Borcalan”a şəxsi istehlak məqsədilə, 36 ay müddətinə, illik 20% ödənilmək şərtilə 9700 ABŞ dolları məbləğində kredit verməyi, “Borcalan” isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməyi, habelə krediti və kreditə hesablanmış faizləri “Kreditor”a ödəməyi öhdəsinə götürür. xx.xx.2015-ci il tarixli, 90005020 nömrəli kredit müqaviləsinə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2015 – xx.xx.2018-ci il tarixləri arasında hər ay 360.53 manat (sonuncu ay 360.15 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90005020/ZM nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Zamin” xx.xx.2015-ci il tarixli, 90005020 nömrəli kredit müqaviləsi üzrə “Borcalan” tərəfindən “Kreditor” qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılmış vəsaitdir. İddiaçı ASC (Kreditor) və Cavabdeh1 (Borcalan) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə 013 nömrəli əlavə sazişdən müəyyən olunur ki, “Kreditor”un “Borcalan”a verdiyi kreditin qalıq məbləği 9700 ABŞ dolları təşkil edir və müqavilənin 2.1-ci bəndinə əsasən kreditin müddəti 53 ay təyin edilir. Həmin sazişə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, kredit müqaviləsi üzrə yeni ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2015 – xx.xx.2019-cu il tarixləri arasında hər ay 277.03 manat (sonuncu ay 270.89 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İddiaçı ASC (Kreditor), Cavabdeh1 (Borcalan) və Cavabdeh2 (Zamin) arasında xx.xx.2015-ci il tarixdə bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə 012 nömrəli əlavə sazişdən müəyyən olunur ki, “Kreditor”un “Borcalan”a verdiyi kreditin qalıq məbləği 9700 ABŞ dolları təşkil edir və müqavilənin 2.1-ci bəndinə əsasən kreditin müddəti 53 ay təyin edilir. LPO İddiaçı ASC (Ləğv prosesində olan bank) və Cavabdeh1 (Borclu) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli restrukturizasiya müqaviləsindən müəyyən olunur ki, “Ləğv prosesində olan bank” tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 90005020 nömrəli kredit müqaviləsinə əsasən “Borclu”nun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2577.49 manat məbləği restrukturizasiya olunur və “Borclu” bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürür. xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli müqaviləyə əlavə olan ödəniş qrafikindən müəyyən olunur ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2019 – xx.xx.2021-ci il tarixləri arasında hər ay 108.52 manat (sonuncu ay 108.46 manat) məbləğində olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. LPO İddiaçı ASC (Ləğv prosesində olan bank), Cavabdeh1 (Borclu) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, “Ləğv prosesində olan bank”la “Borclu” arasında bağlanmış xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli restrukturizasiya müqaviləsinə əsasən 24 ay müddətinə verilmi. 2577.49 manat borc məbləğinin və ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Ləğv prosesində olan bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür. xx.xx.2024-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, borcalan Cavabdeh1 xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə LPO İddiaçı ASC-yə 1127.64 manat əsas borc və 167.36 manat AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, cəmi 1295 manat məbləğində borcu vardır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan müəyyən olunur ki, borclu və zaminə xx.xx.2019-cu il tarixli, LM101900143 nömrəli kredit müqaviləsi üzrə borc məbləği barədə məlumat verilmiş və həmin borc məbləğinin 3 (üç) gün ərzində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 32.95 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1 Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) verməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.2. Borc müqaviləsinin predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda – 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İlk öncə məhkəmə qeyd edir ki, tərəflər arasında yaranmış münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yaranmışdır. Belə olan halda həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmışdır. İddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəlik vaxtında və lazımı qaydada icra edilmiş, lakin cavabdeh isə öhdəliklərin icrasını həyata keçirməmişdir. Cavabdeh bu davranışı ilə AR MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyinin icrası zamanı vicdanlılığa riayət etməmişdir. Yəni, vicdanlılığın tələblərindən biri olan şərtləşdirilmiş vaxtda öhdəliyin icra edilməsi tələbini pozmuşdur. Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (AR MM, maddə 385.1). Eyni zamanda iddiaçı ilə Cavabdeh2 arasında qanunvericinin tələb etdiyi formada zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət götürmüşdür. Bu isə öhdəliyin borcalan tərəfindən icra edilməməsi və ya lazımi şəkildə icra edilməməsi halında banka bu öhdəliyin icrasını birbaşa zaminə yönləndirmək hüququna verir. Qeyd olunmalıdır ki, zamin bir qayda olaraq kreditor qarşısında əvəzsiz şəkildə öhdəlik götürür, kreditor zaminə qarşı öhdəlik daşımır, yəni zamin qarşılıqsız borclanır. Bu səbəbdən də qanunverici zaminliyin yaranma və aradan qalxma əsaslarını dəqiqliklə müəyyən etmiş, zaminin qorunması üçün bir sıra təminatlar nəzərdə tutmuşdur. Bunlara zaminliyin özünün etibarsızlığına dair müdafiə imkanları, onun növünə görə mübahisələr, zaminliyə xitam verilməsi əsasları və s. aiddir. Zaminliyin qanuni təminatlarından biri də qanunla müəyyən edilmiş müddət keçdiyi halda zaminliyin xitam olunmasıdır. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir Göründüyü kimi, bir qayda olaraq zaminliyin verildiyi müddət müqavilədə göstərilməlidir. Qanun bunun göstərilməməsi imkanını da nəzərdə tutaraq, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılmasına və məhkəmə qərarının çıxarılmasına gərək yoxdur Hazırkı işdə zaminlik müqaviləsi ilə təminat verilən kredit müqaviləsinin icra müddəti həmin kredit müqaviləsinə əlavə edilmiş və tərəflər arasında razılaşdırılmış ödəniş cədvəli ilə müəyyən olunmuşdur. Həmin ödəniş cədvəlinə əsasən ödənişlərin xx.xx.2019-cu il tarixdən xx.xx.2021-ci il tarixədək ödənilməli olması nəzərdə tutulmuşdur. Bununla da son ödəniş tarixinin xx.xx.2021-ci il olması müəyyən edilir. Əsas öhdəliyin icra vaxtı həmin tarixdən hesablandıqda iddiaçı zaminə qarşı bir il ərzində - xx.xx.2022-ci il tarixədək iddia irəli sürməli olsa da, hazırkı iddia qeyd olunan müddətin bitdiyi müddət keçdikdən sonra irəli sürülmüşdür. Beləliklə, iddiaçı zaminlik müqaviləsi ilə təmin edilən əsas öhdəliyin icra müddəti çatdığı gündən bir il ərzində zaminə qarşı iddia qaldırmadığı üçün Cavabdeh2 zaminliyinə qanuna əsasən xitam verilmişdir. Bu baxımdan o, hazırkı tələb üzrə iddiaçı qarşısında zamin kimi məsuliyyət daşıya bilməz. Buna görə də iddia tələbi Cavabdeh2 münasibətdə təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 1127.64 qəpik əsas borc, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 167.36 manat faiz borcu olmaqla, cəmi 1295 manat və dövlət rüsumu olaraq ödənilmiş 32.95 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32.95 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 1127.64 (min yüz iyirmi yeddi manat altmış dörd qəpik) manat əsas borc və AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan 167.36 (yüz altmış yeddi manat otuz altı qəpik) manat faiz borcu olmaqla, cəmi 1295 (min iki yüz doxsan beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 32.95 (otuz iki manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq LPO İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fəridə Rzayeva
Məhkəmə qərarları › İş №e-2(010)-4865/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4865/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver