Məhkəmə qərarları › İş №e-2(010)-4867/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4867/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4867/2024 20.11.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – LPO İddiaçı ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cəmi 5311.88 manat borcun – bundan 5256.16 manat əsas, 44.28 manat faiz, 11.44 manat cərimə borcunun və iş üzrə ödənilmiş 74 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq LPO İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, fiziki şəxslərin vaxtı keçmiş kredi borclarının restrukturizasiya edilməsi sahəsində tətbiq edilən vahid şərtlər əsasında LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 13 sentyabr 2021-ci il tarixli, LM092100163 saylı Restrukturizasiya müqaviləsinə əsasən, Cavabdeh1 5317.31 manat məbləğində kredit borcu 60 ay müddətinə, illik 1% dərəcəsi ilə restrukturizasiya edilmişdir. Borclu Cavabdeh1 ilə restrukturizasiya müqaviləsi bağlanılan zaman Cavabdeh2 ilə bank arasında 13 avqust 2021-ci il tarixli, LM092100163 saylı zaminlik müqaviləsi bağlanılmışdır. Bu müqavilənin 1.2-ci bəndinə əsasən, zamin durmuş şəxs restrukturizasiya müqaviləsinə əsasən, borcun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Restrukturizasiya müqaviləsinin 4.4.1-ci bəndinə əsasən, borclu müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Hal hazırda Cavabdeh1 kredit üzrə cəmi borcu 5311.88 manat təşkil edir. Bundan 5256.16 manat əsas, 44.28 manat faiz, 11.44 manat cərimə borcu təşkil edir. Restrukturizasiya müqaviləsinin şərtlərinə əsasən, borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********015 saylı, xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən işə onların iştirakı olmadan baxılması və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir.

4. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

5. Belə olan halda məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

6. LPO İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borclu) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM092100163 nömrəli restrukturizasiya müqaviləsindən görünür ki, “Bank” tərəfindən tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İKM 028 saylı kredit müqaviləsinə əsasən “Borclu”nun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası (hazırda həmin səlahiyyətlər Mərkəzi Banka verilmişdir) tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 5317.31 manat məbləği restrukturizasiya olunur və “Borclu” bu müqavilə ilə müəyyən olunan şərtlərlə (60 ay müddətinə, illik 1%) qalıq borcu qaytarmağı öhdəsinə götürür.

7. xx.xx.2021-ci il tarixli, LM092100163 nömrəli restrukturizasiya müqaviləsinə əlavə olunan ödəniş qrafikindən görünür ki, müqavilə üzrə ödəniş cədvəli təsdiq edilmiş və ödənişlərin xx.xx.2021 – xx.xx.2026-cı il tarixləri arasında hər ay 90.89 manat (sonuncu ay 91.05 manat) olmaqla ödənilməsi tərəflər arasında razılaşdırılmışdır.

8. LPO İddiaçı ASC (Bank), Cavabdeh1 (Borclu) və Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM092100163 nömrəli zaminlik müqaviləsindən görünür ki, “Bank”la “Borclu” arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM092100163 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, 60 ay müddətinə verilmiş 5317.31 manat borc məbləğinin, ona hesablanmış faizlərin və restrukturizasiya müqaviləsindən irəli gələn digər ödənişlərin qaytarılmasının təminatı kimi “Zamin” “Borclu”nun öhdəliklərinin yerinə yetirilməsinə görə “Bank” qarşısında cavabdehlik daşımağı öhdəsinə götürür.

9. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə LPO İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM092100163 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə cavabdehin iddiaçı banka 5256.16 manat əsas, 44.28 manat faiz və 11.44 manat cərimə olmaqla, cəmi 5311.88 manat məbləğində borcu vardır.

10. xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş borcun məbləği barədə məlumat verilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Müvafiq bildirişlərin qəbul edilməsi barədə poçt xəbərnamələri iş materiallarına əlavə edilmişdir.

İşin faktiki halları.

11. İddiaçı LPO İddiaçı ASC (Bank) və Cavabdeh1 (Borclu) arasında bağlanmış xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi ilə Borclunun Bank qarşısında 5317.31 manat məbləğində borcu restrukturizasiya olunmuş, Borclu həmin məbləği 60 ay müddətinə, illik 1 %-lə qaytarmağı öhdəsinə götürmüşdür.

12. İddiaçı Bank, cavabdeh Borclu və digər Cavabdeh2 (Zamin) arasında bağlanmış xx.xx.2021-ci il tarixli zaminlik müqaviləsi ilə X3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli restrukturizasiya müqaviləsi üzrə borcun qaytarılmasına Borclu ilə birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.

Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 465. Öhdəliyin icra edilməməsi üçün cərimə ödənilməsi. 465.1. Əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.

16. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün Cavabdeh1 iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas və faiz borcu tələb etməkdə haqlı olmuşdur. Həmçinin tələb edilən cərimə məbləği (11.44 manat) əsas borca mütənasibdir və tənasübsüz surətdə yüksək məbləğ deyil.

17. Bundan əlavə, borclu zaminliklə təmin edilmiş öhdəliyi lazımınca icra etmədiyinə görə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bank iddia tələbini hər iki cavabdehə qarşı yönəltməkdə də haqlı olmuşdur.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur.

19. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 74 manat məbləğində dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə müştərək qaydada 5256.16 manat əsas borc, 44.28 manat faiz borcu və 11.44 manat cərimə olmaqla, cəmi 5311.88 manat məbləğində borc və 74 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5256.16 manat əsas borc, 44.28 manat faiz borcu və 11.44 manat cərimə olmaqla, cəmi 5311.88 manat (beş min üç yüz on bir manat səksən səkkiz qəpik) məbləğində borc və 74 (yetmiş dörd) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar