Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-4868/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə (kiçik mübahisələr üzrə iddia ərizəsi) məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 284-3. Ərizənin forması və məzmunu 284-3.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 284-3.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər ərizəni nümayəndə verirsə), cavabdehin soyadı, adı, atasının adı, yaşayış yeri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, həmin şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları). 284-3.5. Ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən geri qaytarılmalıdır.
4. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, cavabdehin qeydiyyat ünvanı ünvan 1dır. Qanunvericiliyə əsasən həm faktiki, həm də rəsmi qeydə alındığı ünvan ərizədə göstərilməlidir. İddiaçı tərəfindən isə cavabdehin yaşadığı ünvanla bağlı iş materiallarına hər hansı bir sənəd əlavə edilməmişdir. Buna görə də iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək iddia ərizəsini Suraxanı Rayon Məhkəməsinə verməyə haqlı deyil. Çünki cavabdehin qeydiyyat ünvanı Balandin-42, yəni inzibati binadır və həmin ünvanda yaşayış olması mümkün deyil. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göründüyü kimi “yaşamaq” anlayışı hüquqi fakt kimi hərəkəti ehtiva edir. Belə olan halda, cavabdehin yaşamadığı (inzibati binaya) ünvana bildiriş göndərilməsi cavabdehin ona qarşı qaldırılmış iddiadan məlumatsız olacağı və “hüquq və azadlıqların məhkəmə təminatı” kimi konstitusion hüquqlarının pozulması ilə nəticələnəcəkdir. Bundan əlavə, hazırki iş üzrə ərizənin qaytarılması iddiaçının yenidən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır və iddiaçı cavabdehin məlum olan faktiki yaşayış yeri üzrə arayış və s. digər sənəd əldə etməklə aidiyyət qaydaları üzrə yenidən məhkəməyə müraciət edə bilər.
5. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-284-3-cü və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsi (kiçik mübahisələr üzrə iddia ərizəsi) iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət qaydalarına riayət etməklə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.