Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-4885/2025 27.11.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cəmi borcu 8462.51 ABŞ dolları – bundan 3549.61 ABŞ dolları əsas, 1406.62 ABŞ dolları faiz, 2996.68 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 509.6 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 133.16 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə vəsaiti” məqsədi ilə 24 ay müddətinə illik 22% dərəcəsi ilə 4850 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-280012051 nömrəli, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli 01 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6286.19 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilməli idi. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu ləğv prosesində olan banka ödəmək Borcalanın vəzifələrindəndir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 8462.51 ABŞ dolları təşkil edir. Bundan 3549.61 ABŞ dolları əsas, 1406.62 ABŞ dolları faiz, 2996.68 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 509.6 ABŞ dolları faiz borcu təşkil edir. Cavabdeh2 ərizəsi. Cavabdeh2 xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı ASC-nin Cavabdeh2 qarşı xx.xx.2015-ci il il tarixli zaminlik müqaviləsinə əsasən borcun tutulması tələbinə dair iddia müddəti ötürüldüyündən iddia müddətinin tədbiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh Səfərəli Nemətov arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi 24 ay müddətinə bağlanıldığını və kredit müqaviləsinin təminatı olaraq iddiaçı ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlandığını nəzərə alınaraq, iddiaçının hazırkı kredit borcu ilə bağlı iddia tələbi zamindən tutulması hissəsində əsassızdır. Belə ki, zamindən pulun tutulması ilə bağlı qanunla müəyyən olunmuş 1 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür və bu səbəbdən, hazırda kredit müqaviləsi üzrə borcun zamindən tələb edilməsi əsassızdır. Tərəflərin izahatları. İş üzrə iddiaçının nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron ərizə ünvanlayaraq, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirmişdir ki,o zamin olmuşdur. Zaminə qarşı da iddia müddəti 1 ildir. Həmin müddət də artıq ötmüşdür. İddianın ona aid olan hissəsinin rədd olunmasını xahiş edir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materialları. xx.xx.2025-ci il tarixli, 12-5/2-N-41-12563/2025 nömrəli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə cavabdehin ləğv prosesində olan İddiaçı ASC-yə 3549.61 ABŞ dolları əsas, 1406.62 ABŞ dolları faiz, 2996.68 ABŞ dolları cərimə, 509.6 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, cəmi 8462.51 ABŞ dolları məbləğində kredit borcu vardır. xx.xx.2015-ci il tarixli ********* nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC - “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin müqavilənin 2-ci bəndinə əsasən, Kreditor borcalana şəxsi istehlak məqsədilə 24 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 4850 ABŞ dolları məbləğində kredit verir. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 44 faiz dərəcəsilə, aylıq isə 3.67 faiz dərəcəsilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə əlavə olunan 1 nömrəli Sazişə əsasən, Cavabdeh1 4850 ABŞ dolları məbləğində krediti 24 ay müddətdə, illik 22 faiz ödəmək şərtilə götürmüşdür. Aylıq ödəniş isə 251.66 ABŞ dolları təşkil edir. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinin ödəniş cədvəlinə əsasən, borcalan Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixinədək hər ay 251.66 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 251.45 ABŞ dolları ödəniş etməlidir. xx.xx.2015-ci il tarixli ZM-280012051 nömrəli Zaminlik müqaviləsindən görünür ki, İddiaçı ASC – “Kreditor”, Cavabdeh2 – “Zamin”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin müqavilənin 1.1-ci bəndinə əsasən, ********* nömrəli, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin və ya zaminlər öz üzərinə götürür. Müqavilənin 4.1-ci bəndi: Zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və ya zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2015-ci il tarixli ********* saylı Zaminlik müqaviləsinə 1 nömrəli əlavəyə əsasən, borcalan Cavabdeh1 4850 ABŞ dolları məbləğində krediti 24 ay müddətdə, illik 22 faiz ödəmək şərtilə götürmüşdür. Cavabdeh2 bu öhdəliyə zamin durmuşdur. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə sazişdən görünür ki, İddiaçı ASC - “Kreditor”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6286.19 ABŞ dolları (3940.19 ABŞ dolları əsas borc, 1618.83 ABŞ dolları faiz borcu və 727.17 ABŞ dolları cərimə borcu) təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılır. Kredit üzrə borcalan tərəfindən Əlavə saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Bu saziş imzalandığı tarixdən etibarən Müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki dəyişdirilir. xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə 1 nömrəli Əlavə sazişinin ödəniş cədvəlinə əsasən, borcalan Cavabdeh1 xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək hər ay 79.89 ABŞ dolları, xx.xx.2022-ci il tarixdə isə 80.12 ABŞ dolları ödəniş etməlidir. xx.xx.2015-ci il tarixli ********* saylı Zaminlik müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli, 1 nömrəli Əlavə sazişdən görünür ki, İddiaçı ASC – “Kreditor”, Cavabdeh2 – “Zamin”, Cavabdeh1 – “Borcalan” olmaqla bağlanmış həmin sazişin 1-ci bəndinə əsasən, Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 6286.19 dolları təşkil edir. Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 3940.19 ABŞ dolları əsas borc, 1618.83 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 727.17 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədəkdir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən, cərimə kimi illik 16 faiz dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. xx.xx.2015-ci il tarixli, 1/32/80610622 nömrəli kassa məxaric orderindən görünür ki, Dəmirbank” ASC tərəfindən Cavabdeh1 4850 ABŞ dolları məbləğində pul verilmişdir. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı ASC ilə bağlanmış xx.xx.2015-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən yaranmış borc məbləğini 3 gün ərzində ödəməyəcəkləri təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan kredit hesabından çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. İş materiallarında olan kredit hesabından çıxarışlardan görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixədək kreditin ödənilməsinə müxtəlif ödənişlər etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 7. Mülki qanunvericiliyin zamana görə qüvvəsi 7.1. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. 7.2. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. 7.3. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 389. Müqavilə anlayışı. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 439. Pul öhdəliklərinin icrası ...439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur... ...443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.... Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. Maddə 463. Dəbbə pulu haqqında razılaşmanın forması 463.1. Dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 463.2. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 470. Zaminlik müqaviləsi 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 477. Zaminliyə xitam verilməsi 477.0. Zaminliyə aşağıdakı hallarda xitam verilir: ....477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 742. Borc müqaviləsinə xitam verilməsi və borcun qaytarılması 742.1. Əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.... Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.... Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.... “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Tərəflər arasında olan münasibətlər “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən əvvəl yarandıqdan, həmin münasibətlərə müqavilə bağlandığı dövrdə qüvvədə olan müddəalar tətbiq edilir. Göründüyü kimi, iddiaçı və Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış, sonra isə cavabdehin razılığı ilə ona əvvəl verilmiş kredit restrukturizasiya edilmişdir. Tərəflər arasında kreditin restrukturizasiya müqaviləsi bağlanmaqla həmin kredit müqaviləsindən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borclu müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. Cavabdeh1 xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 1 nömrəli Əlavə saziş ilə götürdüyü öhdəlikləri pozmuş, onları lazımınca icra etməmiş, iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, o, iddiaçıdan alınan krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq müqavilə üzrə əsas və faiz borcunu tələb etməkdə haqlı olmuşdur. Məhkəmə iddianın 2996.68 ABŞ dolları cərimə borcunun qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilə üzrə cərimə razılaşdırılmış, lakin cavabdehə hesablanmış cərimə yüksək olduğundan azaldılmalıdır. Belə ki, cavabdeh öhdəliyini vaxtında icra etməmiş və ödənişləri həyata keçirməyib, lakin iddia ərizəsində qeyd olunan 2996.68 ABŞ dolları cərimə ödənilməmiş məbləğinin nisbətində tənasübsüz yüksəkdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cərimə 300 ABŞ dolları məbləğinə qədər azaldılmalıdır. Həmçinin, iddiaçı müqavilə müddəti bitdikdən sonra öhdəliyin icra edilməməsinə görə zərərin ödənilməsini də tələb edir. İddia ərizəsində isə tələbini Mülki Məcəllənin 445.7-ci maddəsi ilə əsaslandırmışdır. Ona görə də hazırki iddia tələbinin əsasını cavabdehin pul vəsaitindən istifadə etməsi nəticəsində faydalanması deyil, pul məbləğinin ödənilməsinin gecikdirdirilməsi nəticəsində faizin ödənilməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarına istinadən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı LPO İddiaçı ASC Cavabdeh1 Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5% faiz borcunu, yəni 509.6 ABŞ dolları tələb etməkdə haqlı olmuşdur. Müqavilənin icrasına zamin olmuş Cavabdeh2 münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, zamindən pulun tutulması ilə bağlı qanunla müəyyən olunmuş 1 illik iddia müddətinin iddiaçı tərəfindən ötürülməsinə görə, kredit müqaviləsi üzrə borcun zamindən tələb edilməsinin əsassız olduğunu qeyd etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixli ZM- 280012051 saylı zaminlik müqaviləsi bağlanılmış, daha sonra xx.xx.2015-ci il tarixli ********* saylı Zaminlik müqaviləsi üzrə 1 nömrəli Əlavə saziş bağlanılaraq restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış və zamin Cavabdeh2 bank qarşısında borcalanla birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Məhkəmə bununla yanaşı nəzərə alır ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin, qanunvericiliyin tələblərinə müvafiq olaraq, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı LPO İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi və ona edilmiş əlavələr üzrə xx.xx.2022-ci il tarixində öhdəliyin icrası vaxtı çatmışdır. Belə ki, kreditor bu tarixdən, yəni xx.xx.2022-ci il tarixindən 1 il ərzində - xx.xx.2023-cü il tarixinədək zaminə qarşı iddia irəli sürə bilərdi. Lakin, iddiaçı-kreditorun bildiriş məktubunun göndərilmə tarixi xx.xx.2025-ci il, məhkəməyə müraciət etdiyi tarix isə xx.xx.2025-ci ildir, halbuki bu tarixlərdə zaminliyə artıq xitam verilmişdi. Bu səbəbdən, iddia bu hissədə, yəni Cavabdeh2 münasibətdə, təmin edilməməlidir. Beləliklə iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 3549.61 ABŞ dolları əsas, 1406.62 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və AR MM 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 509.6 ABŞ dollar faiz borcu tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə xərcləri. İş materiallarından görünür ki, iddiaçı bank tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 118.02 manatı cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 357, 358, 360 və 362-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 3549.61 ABŞ dolları əsas, 1406.62 ABŞ dolları faiz, 300 ABŞ dolları cərimə və AR MM 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 509.6 ABŞ dollar faiz borcu və iş üzrə ödənilmiş 118.02 manat dövlət rüsumu tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-4885/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-4885/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver