Məhkəmə qərarları › İş №e-2(010)-49/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-49/2024

08.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-49/2024 08.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra LPO İddiaçı ASC) Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh xx.xx.2015-ci il tarixli, 130 nömrəli kredit müqaviləsi üzrə 5526.10 ABŞ dolları əsas, 4133.36 ABŞ dolları faiz, 666.82 ABŞ dolları kredit üzrə müddət bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 10326.28 ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 143 manat dövlət rüsumunun LPO İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətində olan BMW 535İ minik, buraxılış ili 2007, qara rəngli, WBANW13518CZ72957 ban nömrəli 99HM435 dövlət nömrə nişanlı avtomobilinə yönəldilməsi, yuxarıdakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin əmlakın alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı ASC-nin “Uğur” fillialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22% faiz ödənilmək şərtilə 5600 ABŞ Dolları məbləğində kredit vəsaiti verilmişdir. Cavabdehlə xx.xx.2015-ci il tarixli, 130 saylı kredit müqaviləsinə dair imzalanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22% faizdən 16% faizə endirilmişdir. Kredit müqaviləsinin təminat üsulu olaraq Bankla Cavabdeh arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Həmin ipoteka müqaviləsinin şərtlərinə əsasən Cavabdeh mülkiyyətində olan BMW 535İ minik, buraxılış ili 2007, qara rəngli, WBANW13518CZ72957 ban nömrəli 99HM435 dövlət nömrə nişanlı avtomobilini Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdehlə xx.xx.2015-ci il tarixli, 130 saylı İpoteka müqaviləsinə dair imzalanmış xx.xx.2016-cı il tarixli Kredit müqaviləsinə 1 nömrəli əlavəyə əsasən kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixinədək uzadılması və illik faiz dərəcəsi 22% faizdən 16% faizə endirilməsi müəyyən olunmuşdur. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə Banka ödənilməmiş 5526.10 ABŞ dolları əsas, 4133.36 ABŞ dolları faiz, 0.00 ABŞ dolları cərimə, 666.82 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq hesablanmış məbləğ olmaqla, cəmi 10326.28 ABŞ dolları məbləğində borcu qalmışdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək bildirdi ki, ipoteka predmeti olan avtomobili satıb borcunu ödəyəcək. Odur ki, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi.

İş materialları.

5. LPO İddiaçı ASC (Bank) və Cavabdeh (Borcalan) arasında bağlanmış xx.xx.2015cı il tarixli, 130 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə üzrə Bank Borcalana 36 ay müddətinə, illik 22%-lə qaytarmaq şərtilə, 5600 ABŞ dolları məbləğində kredit verməyi, Borcalan krediti qəbul edərək, bu müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür.

6. LPO İddiaçı ASC-nin “Uğur” fillialı ilə Borcalan fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 1 nömrəli əlavədən görünür ki, Fiziki şəxs Cavabdeh xx.xx.2015-ci il tarixli, 130 saylı kredit müqaviləsinə əsasən verilmiş 5600 ABŞ dolları məbləğində kreditin qalıq 5536.1 ABŞ dolları əsas, 629.68 ABŞ dolları faiz məbləğinin ödəniş müddəti xx.xx.2015-ci il tarixli 130 saylı kredit müqaviləsində nəzərdə tutulmuş şərtlər qüvvədə qalmaqla xx.xx.2020-ci il tarixinədək uzadılmış və illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir.

7. LPO İddiaçı ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130 nömrəli ipoteka müqaviləsindən görünür ki, İpoteka saxlayan ilə Borcalan arasında Bakı şəhərində bağlanmış xx.xx.2015-ci il tarixli, 130 kredit müqaviləsinə əsasən İpoteka saxlayan Borcalana 36 ay müddətinə, illik 22 % olmaqla 5600 ABŞ dolları kredit verir. Həmin kredit müqavilələri üzrə öhdəliyin icrasının təminatı kimi İpoteka qoyan “BMW 535İ” minik, buraxılış ili 2007-ci il olan, qara rəngli, WBANW13518CZ72957 ban nömrəli 99HM435 dövlət nömrə nişanlı avtomobilini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanlarında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürür.

8. LPO İddiaçı ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130 nömrəli ipoteka müqaviləsinə xx.xx.2016-cı il tarixli, 1 nömrəli əlavədən görünür ki, İddiaçı ASC-nin “Uğur” fillialı ilə İpoteka qoyan fiziki şəxs Cavabdeh şəxsində digər tərəfdən Borcalan fiziki şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 130 saylı girov müqaviləsinin 2.1-ci bəndinə dəyişiklik edərək ipoteka müqaviləsinin müddəti 64 ay, yəni xx.xx.2020-ci il tarixə qədər uzadılmış və illik faiz dərəcəsi 22%-dən 16%-ə endirilmişdir.

9. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Borcalan Cavabdeh onun xx.xx.2022ci il tarixə LPO İddiaçı ASC-yə 5526.1 ABŞ dollar məbləğində əsas borc, 4133.36 ABŞ dolları məbləğində faiz borcu, 0.00 ABŞ dolları məbləğində cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün hesablanan 666.82 ABŞ dolları məbləğində faiz məbləği, ümumilikdə isə 10326.28 ABŞ dolları məbləğində borcu qaldığı və borcun 3 gün ərzində ödənilmədiyi təqdirdə, Bank öz hüquqlarının müdafiəsi məqsədi ilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacağı bildirilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/4704 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASCyə olan borcu maliyyə arayışında qeyd edilən tarixə (xx.xx.2018-ci il tarixə) əsas borc üzrə 56.40 ABŞ dolları, faiz borcu üzrə 12.53 ABŞ dolları, maliyyə arayışında qeyd edilən tarixə (xx.xx.2018-ci il tarixə) əsas borc üzrə 56.40 ABŞ dolları, faiz borcu üzrə 25.79 ABŞ dolları, faiz 5% ilə 13.26 ABŞ dolları müəyyən edilmişdir. Ekspert rəyinə əlavə olunan qeyd hissəsindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130 nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh cərimə hesablanmır.

11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/7485 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 130 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu xx.xx.2020-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) əsas borc üzrə 5536.10 ABŞ dolları, faiz borcu üzrə 4253.85 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (maliyyə arayışı tarixi) əsas borc üzrə 5536.10 ABŞ dolları, faiz borcu üzrə 4909.72 ABŞ dolları, xx.xx.2022-ci il tarixə (bildirişin tarixi) əsas borc üzrə 5536.10 ABŞ dolları, faiz borcu üzrə 4909.72 ABŞ dolları müəyyən edilmişdir.

İşin faktiki halları.

12. İddiaçı ASC (Bank) və Cavabdeh (Borcalan) arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Bank tərəfindən Borcalana 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 5600 ABŞ dolları məbləğində kredit verilmiş, Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür.

13. İddiaçı ASC (İpoteka saxlayan) və Cavabdeh (İpoteka qoyan) arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən İpoteka qoyan İpoteka saxlayanla arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi özünə məxsus “BMW 535İ” minik, buraxılış ili 2007-ci il olan, qara rəngli, WBANW13518CZ72957 ban nömrəli 99HM435 dövlət nömrə nişanlı avtomobilini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etməyi üzərinə götürmüşdür.

14. Tərəflər arasında xx.xx.2016-cı il tarixdə bağlanmış kredit və ipoteka müqavilələrinəə əlavəyə əsasən, müqavilə üzrə ödənilməmiş 5536.1 ABŞ dolları məbləğində qalıq borcun daha aşağı faizlə (illik 16%) daha uzun müddətə (xx.xx.2020-ci il) qaytarılması təsdiq edilmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 307. İpoteka müqaviləsi. 307.7. İpoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Maddə 309. İpotekanın dövlət qeydiyyatı. 309.1. Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Maddə 329. Əqdlərin formaları. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 351. Əqdlərin etibarsızlığı zamanı təsdiqetmənin əhəmiyyəti. 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi. 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 460. Öhdəliklərin icrasının təmin edilməsi üsulları. 460.2. Öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

16. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 10. İpoteka müqaviləsi. 10.1 İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. 10.4 İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.

17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı.

Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

19. İddia tələbindən görünür ki, tələb iki hissədən ibarətdir: 1) tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 10326.28 ABŞ dolları məbləğində borcun tutulması; 2) tutmanın ipoteka predmetinə yönəldilməsi. Məhkəmə hər bir tələbə ayrı-ayrılıqda münasibət bildirməyi zəruri hesab edir.

20. İşin faktiki hallarından görünür ki, "xxxx" ASC (müqavilə bağlandığı vaxt hələ ləğv edilməmişdi) və Cavabdeh arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, bu müqaviləyə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 % dərəcəsi ilə 5600 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra – xx.xx.2016-cı il tarixdə tərəflər arasında bu müqaviləyə əlavə bağlanmış, kreditin 16%-lə xx.xx.2020-ci ilədək qaytarılması razılaşdırılmışdır. Hazırda iddiaçı Bank məhz bu müqaviləyə əsasən ödənilmədiyini iddia etdiyi kredit borcunu, eləcə də həmin borca hesablanmış faizi cavabdehdən tələb edir.

21. Məhkəmə, işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh iddiaçı Bankla arasında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Belə olan halda iddiaçı Bank müqavilə üzrə ödənilməmiş əsas və faiz borcu cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

22. Eyni zamanda məhkəmə, tələb edilən əsas və faiz borcunun məbləği ilə də razılaşır. Belə ki, iddiaçı Bank cavabdehdən 5526.1 ABŞ dolları əsas və 4133.26 ABŞ dolları faiz borcu tutulmasını xahiş etmişdir. İş üzrə verilmiş ekspert rəyində isə müqavilənin müddətinin bitdiyi tarixdə cavabdehin Banka 5536.1 ABŞ dolları əsas, 4253.85 ABŞ dolları faiz borcu olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı Bankın tələb etdiyi əsas və faiz borcu məbləği ekspert tərəfindən hesablanmış müvafiq məbləğlərdən bir qədər azdır. Bu vəziyyətdə iddia tələbindən kənara çıxmayan məhkəmə, cavabdehdən iddia tələbində qeyd edildiyi kimi 5526.1 ABŞ dolları əsas borc, 4133.36 ABŞ dolları faiz borcu və 666.82 ABŞ dolları gecikdirilmiş vaxt üçün faiz borcu tutulması nəticəsinə gəlir.

23. Tələbin ikinci hissəsinə - tələbin ipoteka predmetinə yönəldilməsi – münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsi və xx.xx.2016-cı il tarixli müqaviləyə əlavə bağlanmışdır. Bu müqavilə xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq bağlanmışdır. Müqavilədə ipoteka predmeti kimi “BMW 535İ” minik markalı avtomobil göstərilmişdir. Hazırda iddiaçı Bank da tutmanın ipoteka predmeti kimi məhz həmin avtomobilə yönəldilməsini xahiş edir.

24. Məhkəmə, ilk növbədə qeyd edir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (§ 17).

25. Belə olan halda məhkəmə ipoteka predmetinə tutma yönəldilməsinə dair tələbin əsaslılığına qiymət verməzdən əvvəl bu müqavilələrin etibarlı olub-olmaması məsələsinin araşdırılmalı olduğunu hesab edir.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış iki ipoteka müqaviləsi sadə yazılı əqd formasında bağlanmış, notariat qaydasında təsdiq edilməmişdir. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməlidir. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka müqaviləsi bu cür müqavilələr üçün qanunla müəyyən edilmiş forma tələblərinə riayət etmədən bağlanılmışdır ki, bununla da bağlanıldığı andan etibarsız (əhəmiyyətsiz) əqd olmuşlar.

27. Belə ki, qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir (§ 17).

28. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı Bankın bu etibarsız ipoteka müqaviləsinə əsaslanaraq qaldırdığı istənilən iddia əsassızdır. Belə ki, etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (§ 17).

29. Belə olan halda məhkəmə hesab edir ki, tutmanın ipoteka predmeti kimi avtomobilə yönəldilməsi hissəsində iddia etibarsız əqdə əsaslandığından təmin edilməməlidir.

30. Məhkəmə, son olaraq onu da qeyd edir ki, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız olduğunun müəyyən edilməsi, bu müqavilələrin təminat verdiyi kredit müqaviləsinin də etibarsızlığına səbəb olmur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.2-ci maddəsinə əsasən öhdəliyin icrasının təmin edilməsi barədə razılaşmanın etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə əsasən ... İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. Məhkəmə xərcləri.

31. İş materiallarından görünür ki, iddiaçı Bank tərəfindən hazırkı iddia ərizəsi ilə Məhkəməyə müraciət etmək üçün 143 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

32. Həmçinin iş materiallarında olan iki ekspert rəyindən görünür ki, iş üzrə keçirilmiş ilk ekspertizanın xərci 100 manat, ikinci ekspertizanın xərci isə 50 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq hər iki ekspertiza xərci cavabdehdən tutulmalıdır.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 130 saylı kredit müqaviləsi üzrə 5526.1 ABŞ dolları əsas borc, 4133.36 ABŞ dolları faiz borcu, 666.82 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5%-lə faiz borcu olmaqla, cəmi 10326.28 ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 143 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 150 manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq ekspertizanı keçirən orqanın hesabına ödənilməlidir.

34. Yuxarıdakı qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə 5526.1 ABŞ dolları əsas borc, 4133.36 ABŞ dolları faiz borcu, 666.82 ABŞ dolları gecikdirilmiş vaxt üçün illik 5%-lə faiz borcu olmaqla, cəmi 10326.28 ABŞ dolları (on min üç yüz iyirmi altı dollar iyirmi səkkiz sent) məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının qətnamənin icra olunduğu günə olan manat məzənnəsi üzrə və 143 (yüz qırx üç) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar